Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus və silinməz iz qoymuş qüdrətli söz ustalarından biridir. Onun zəngin və çoxşaxəli yaradıcılığı milli-mənəvi dəyərlərin, vətənpərvərlik duyğularının, azadlıq və istiqlal ideyalarının bədii ifadəsi kimi Azərbaycan poeziyasının inkişafında mühüm mərhələ təşkil etmişdir. Şairin dərin fəlsəfi məzmun daşıyan əsərləri insanı mənəvi kamilliyə, milli kimliyə bağlılığa, doğma yurda və ana dilinə sədaqətə səsləyir. Bəxtiyar Vahabzadənin poeziyasında vətəndaşlıq mövqeyi xüsusi yer tutur. O, yaradıcılığı boyu xalqın taleyinə həssas münasibət göstərmiş, milli azadlıq düşüncəsinin formalaşmasına və ictimai fikrin istiqlal ruhunda inkişafına böyük təsir etmişdir. Şairin əsərlərində Vətən sevgisi, milli birlik, tarixi yaddaş və azərbaycançılıq ideyaları aparıcı xətt kimi diqqəti cəlb edir. Bu baxımdan onun yaradıcılığı yalnız bədii-estetik deyil, həm də milli-mənəvi və ictimai əhəmiyyət daşıyan qiymətli irsdir. Tarixi və mədəni dəyərlərə ehtiram, milli-mənəvi sərvətlərin qorunması, xüsusilə ana dilinin saflığı uğrunda ardıcıl mübarizə Bəxtiyar Vahabzadə fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur. O, Azərbaycan dilinin zənginliyini, ifadə imkanlarını və milli kimliyin əsas atributlarından biri olduğunu öz əsərlərində yüksək sənətkarlıqla nümayiş etdirmişdir. Şairin elmi-publisistik fəaliyyəti də milli ədəbiyyatşünaslığın inkişafına mühüm töhfələr vermişdir. Görkəmli sənətkar yalnız şair kimi deyil, alim, dramaturq, publisist və ictimai xadim kimi də Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. Onun yaradıcılığı müxtəlif dövrlərdə milli düşüncənin formalaşmasına təsir göstərərək geniş oxucu auditoriyasının mənəvi dünyasının zənginləşməsinə xidmət etmişdir. Təqdim olunan bu kolleksiyada Bəxtiyar Vahabzadə zəngin ədəbi irsini əks etdirən əsərlər yer alır. Kolleksiya oxuculara şairin yaradıcılıq dünyası, poetik düşüncəsi və milli-mənəvi idealları ilə daha yaxından tanış olmaq imkanı yaradır.