AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli dilçi, mətnşünas alim, professor Cahangir Qəhrəmanovun ilk dəfə 1970-ci ildə işıq üzü görmüş "Nəsimi "Divan"ının leksikası" kitabı çapdan çıxıb. Kitabda Nəsimi divanının leksikası, onun anadilli şeirlərinin ədəbi dilimizin inkişafındakı rolu hərtərəfli araşdırılır. 650 səhifədən ibarət bu monoqrafiyanı nəşrə hazırlayan və elmi redaktoru Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, professor Paşa Kərimovdur. Paşa Kərimov kitaba yazdığı "Professor Cahangir Qəhrəmanovun mətnşünaslıq fəaliyyəti" adlı ön sözdə alimin Nəsiminin ədəbi irsinin tədqiqi sahəsindəki fəaliyyəti barədə məlumat verib. Azərbaycan Respublikası Prezidentinin Sərancamına əsasən 2019-cu ilin "Nəsimi ili" elan edilməsi münasibəti ilə nəşr edilən bu monoqrafiya Böyük Azərbaycan şairi Nəsimi yaradıcılığının tədqiqinə həsr edilmiş ən fundamental elmi əsərlərdən sayılır.
Biblioqrafik təsvir
Qəhrəmanov, Cahangir Vahid oğlu. Nəsimi "Divan" ının leksikası: monoqrafiya / C. V. Qəhrəmanov; tərt., elmi red. P. Ə. Kərimov; red.: E. Babayeva [et al.]; AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu.- Bakı: Elm və təhsil, 2019.- 652 s.