Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevin “Tənha döyüşçü” kitabı istedadlı fırça ustası Zakir Hüseynovun həyat və yaradıcılığından bəhs edir.
Qırx doqquz illik ömür payının iyirmi ilini yaradıcılığa həsr edən rəssam Azərbaycan təsviri sənətinin müasir mərhələsinə yaddaqalan töhfələr verməklə öz adını rəngkarlıq tarixində əbədiləşdirməyə nail olmuşdur.
Yaradıcılığında təsviri sənətin müxtəlif janrlarına müraciət edən Zakir Hüseynov onların hər birini fərdi bədii-estetik məziyyətlərlə zənginləşdirmişdir.
Onun özündə ənənə ilə müasirliyi, milli və ümumbəşəri bədii dəyərləri birləşdirən əsərlərinin sorağı çoxdan ölkəmizin hüdudlarını aşmış, Azərbaycan incəsənətinə başucalığı gətirən mühüm bədii dəyərə çevrilmişdir.
Kitabda rəssamın yaradıcılığının bütün mərhələlərindən bəhs olunur və irəli sürülən fikirlər onun əsərlərinin rəngli illüstrasiyaları ilə müşayiət edilir.