Xocalı Harayı: Xocalı faciəsi rəssam Nazim Məmmədovun gözləri ilə
İncəsənət ədəbiyyatı
Xocalı Harayı: Xocalı faciəsi rəssam Nazim Məmmədovun gözləri ilə
[ Dadaş Məmmədov :: 2010 ]
Bakıda dünyaya göz açan Nazim Məmmədov qədim şəhərin bənzərsiz memarlığını və Xəzərin qumlu sahillərini heyrətamiz gözəllik mənbəyi hesab edirdi. 1957-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və Moskvadakı "Soyuzmultfilm" studiyasında ikiillik kursu bitirdikdən sonra Nazim Məmmədov "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlamışdır.
O, rejissor, quruluşçu-rəssam və multiplikator kimi 12 bədii animasiya filmi çəkmişdir. Çəkdiyi filmlərlə Azərbaycan milli animasiyasının əsasını qoymuşdur.
Onun bütün əsərləri özünəməxsus üslubu və maraqlı süjeti ilə seçilirdi. Hər bir əsəri, xüsusilə də Xocalı faciəsinə həsr olunmuş əsərləri sənətsevərlər tərəfindən maraqla qarşılanmışdır. Məhz buna görə Nazim Məmmədovun dəst-xəttini yaşadan bu əsərlər müxtəlif kinofestivallarda Azərbaycan kino məktəbini layiqincə təmsil etmişdir.
Təqdim olunan “Xocalı harayı” kitab-kataloqunda Nazim Məmmədov Xocalı faciəsindən təsirlənərək həmin faciəvi hadisələri kətan üzərində boyalarla təsvir etmişdir. Rəngkarlıq sahəsində onun üslubunu fərqləndirən əsas cəhət dəst-xəttindəki dekorativizmi əks etdirən qrafik başlanğıcın kodlaşdırılmış rəmzlərlə zənginləşdirilməsidir.
Gördüyü bu çətin işin nəticəsi göstərdi ki, bütün stilizasiya və bədii şərtiliklərə baxmayaraq, “Xocalı harayı” əsərləri təsirli və duyğulandırıcıdır. Rəssam erməni təcavüzünün ağrılı səhnələrini daxili yaşantıları ilə birləşdirərək yaddaqalan çoxsaylı rəngkarlıq və qrafika əsərləri yaratmağa nail olmuşdur.