Albom istedadlı fırça ustası Əli İsmayılın yaradıcılığına həsr olunmuşdur. Əli İsmayıl (Əli İsmayıl oğlu Əliyev) 1960-cı ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunda dünyaya göz açmışdır. İxtisas təhsilini əvvəlcə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1977–1983), sonra isə Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1983–1989) almışdır.
Mənzərə Əli İsmayılın yaradıcılığında əsas ifadə vasitələrindən biridir. Onun əsərləri arasında realist üslubda işlənmiş mənzərələrlə yanaşı, müxtəlif lirik və poetik axtarışların nəticəsi olan əsərlər də vardır.
Rəssamın doğulduğu, uşaqlıq və gənclik illərinin keçdiyi Göyçə gölünə həsr olunmuş mənzərələrdə onun vətənə olan məhəbbəti aydın şəkildə duyulur. “Qoca dağda qış”, “Göyçə gölündə axşam”, “Kənddə qış”, “Evimiz” əsərlərində rəssam doğma torpağının gözəlliyini və təbiətinin ecazkarlığını böyük ustalıqla əks etdirmişdir.
Dərin fəlsəfi məna və güclü ifadəlilik ehtiva edən “Vətən. 1988” kompozisiyası 1988-ci il hadisələrinə – azərbaycanlıların öz doğma yurdlarından, Qərbi Azərbaycandan deportasiya olunmasına həsr edilmişdir.
Bu ağrını və faciəni qədim Azərbaycan xalçası fonunda təsvir olunan, qab-qacaqların arasına səpələnmiş və əzilmiş almalarda görmək mümkündür.