Foto-albomumuzun qəhrəmanı Bakıdır. Tarixi memarlıq abidələrinin qonşuluqdakı ultramüasir binalarla heyrətamiz bir vəhdət yaradan möhtəşəm şəhər. Elə şəhərin sehri, möcüzəsi də bu vəhdətdən qaynaqlanır. Müasir Bakı həm də köhnə Bakının əzəmətini, mürəkkəb, drammatik tarixini qoruyur.
Bakı ilk növbədə zəhmətkeş, səmimi və qonaqpərvər insanların şəhəridir. Bakı küçələrində insan özünü tənha və unudulmuş hiss etmir. Bu şəhərə güzarı düşən hər kəs sanki ürəyinin bir parçasını burada qoyur, sədaqətli dost kimi onun üçün darıxır.
Bakı hər ötən gün daha sürətlə inkişaf edir. Yeni yollar və körpülər salınır, müasir ictimai və yaşayış binaları ucaldılır, yeni metro stansiyaları açılır. Dünən xəyal kimi görünən layihələr bu gün Bakının simasını müəyyənləşdirən binalara çevrilir. Əsrarəngiz tarixi, əvəzsiz memarlıq abidələri, sadə və qonaqpərvər insanları ilə Bakı hər kəsin hafizəsinə qayıtmaq istədikləri şəhər kimi həkk olunur.
Regionumuzun lider dövləti olan Müstəqil Azərbaycan Respublikasının paytaxtı sabahki günə inamla, əmin addımlarla addımlayır. Çünki taleyini bu şəhərlə bağlayan insanların qurub-yaratmaq əzmi, yaşamaq və işləmək həvəsi, doğma şəhərə sevgiləri tükənməzdir.