Xəbərlər

Prezident Kitabxanasında “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib

Prezident Kitabxanasında “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib

Prezident Kitabxanasında “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib

2025-ci il may ayının 21-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondunun birgə layihəsi olan “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ardınca Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla dərin ehtiramla yad edilib. Daha sonra Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova tədbirin rəsmi açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb və tədbirin əhəmiyyəti barədə məlumat verib.

BBMM Himayəçilik Şurasının sədri akademik Kamal Abdulla bildirib ki, fotoalbom Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki dini və mədəni irsin dağıdılmasını sübut edən zəngin mənbədir və 30 illik işğal müddətində baş verənlər haqqında dolğun təsəvvürün yaradılmasında mühüm rol oynayır. O, nəşrin təkcə sənədli material deyil, həm də tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

BBMM-in icraçı direktoru Rəvan Həsənov deyib ki, fotoalbom Ermənistan tərəfindən Qarabağ və Şərqi Zəngəzurun işğalı zamanı Azərbaycanın mədəni irsinin məruz qaldığı çoxsaylı vandalizm aktlarına və dağıntılara işıq salır. Əsasən beynəlxalq auditoriya üçün nəzərdə tutulan nəşrdə Qarabağ ərazisində yerləşən, tarixin səssiz şahidləri olan, məhv edilən və dağıdılan mədəni irs nümunələrinin işğaldan əvvəlki və sonrakı fotoları yer alıb.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev isə bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində illər ərzində təkcə infrastruktur yox, həm də mədəni və dini irsimiz sistemli şəkildə məhv edilib. “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki mədəni və dini abidələrin məhv edilməsini sənədləşdirən mühüm bir layihədir.

Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu qeyd edib ki, milli yaddaş üzərindən ərsəyə gətirilən hər bir iş bu istiqamətdə qazanılan uğurdur: “Belə layihələrin davamlı olması arzuolunandır. Mədəniyyət Nazirliyi bu layihələri dəstəkləməyə hər zaman hazırdır”.

Tədbirdə çıxış edən BBMM-in Himayəçilik Şurasının üzvü Elmira Axundova, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin baş məsləhətçisi Fərqan Abaszadə, Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mədəni, dini və tarixi irsə qarşı törədilmiş vandalizm aktlarının sənədləşdirilməsinin və beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıblar.

Prezident Kitabxanasında keçirilən tədbirin yekununda çıxış edən direktor, professor Afət Abbasova bildirib ki, işğal dövründə vandalizmə məruz qalmış mədəniyyət abidələrinin sənədləşdirilməsi və ictimaiyyətə fotoalbomlar şəklində təqdim edilməsi mühüm tarixi missiyadır. Bu təşəbbüs təkcə keçmişə nəzər salmaq deyil, eyni zamanda milli yaddaşın qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Direktor qeyd edib ki, Azərbaycan dövləti bu sahədə ardıcıl və məqsədyönlü şəkildə fəaliyyət göstərir. Bərpa prosesi yalnız abidələrlə məhdudlaşmır – bu, həm də mədəni ədalətin və tarixi həqiqətin bərpası deməkdir.

Professor Afət Abbasova çıxışında onu da vurğulayıb ki, Azərbaycanın mədəni irsi yalnız Qarabağla məhdudlaşmır. Qərbi Azərbaycan da bu tarixi və mənəvi yaddaşın ayrılmaz hissəsidir. Arzumuz bu ərazilərdəki maddi-mədəni irsimizə sahib çıxmaq və bu mirası qoruyaraq yaşatmaqdır. Bunun isə ən real və davamlı yolu Qərbi Azərbaycana Qayıdış proqramının həyata keçirilməsindən keçir.

İnanırıq ki, yaxın gələcəkdə Qərbi Azərbaycanda da viran qoyulmuş abidələrimiz bərpa ediləcək, azərbaycanlılar doğma yurdlarına qayıdacaq və milli yaddaşımız öz təbii məkanında yenidən canlanacaq.