Azərbaycan Yazıçılar İttifaqı yaranması
XX əsrin əvvəllərində Azərbaycanın ədəbi-mədəni həyatı bir sıra önəmli hadisələrlə əlamətdar olmuşdur. Başqa sahələr kimi milli mətbuat aləmində də ümumi canlanma özünü büruzə verir, ilk ədəbi-bədii jurnallar - “Fyüzat” (1906-1907 illər), (Əlibəy Hüseynzadənin redaktorluğu altında – M.Hadi, A.Səhhət, H.Cavid və başqalarının iştirakı ilə), “Yeni Fyüzat” (1910-1911 illər) və digər dərgilər artıq fəaliyyət göstərirdi.
Həmin dövrdə fəaliyyətə başlamış və müəyyən fasilələrlə sovet dönəmində bir müddət nəşr edilmiş (1906-1931 illər) “Molla Nəsrəddin” jurnalı (baş redaktoru M.C.Məmmədquluzadə, fəal müəllifləri M.Ə.Sabir, Ə.Haqverdiyev, Ö.Faiq, Ə.Nəzmi, Ə.Qəmküsar və b.) milli şüurun oyanışında, Qafqazda, Şərq aləmində milli-azadlıq düşüncəsinin yayılmasında və dəstəklənməsində misilsiz rol oynamış, eyni zamanda Azərbaycan maarifçiliyi, jurnalistikası, incəsənəti, ədəbiyyatının inkişafına önəmli təkan vermişdir.
1906-cı ildən etibarən Azərbaycan xalqının münəvvər övladı, mədəniyyət və maarif himayədarı Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə cavan ziyalılara, qələm sahiblərinə maddi yardım göstərilir, onun dəstəyilə bədii əsərlər işıq üzü görür.
Az sonra bu nəcib təşəbbüsə Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov kimi ünlü milyonçu-mesenatlar və başqa sahibkarlar da qoşulur.
Onların digər xeyirxah və savab əməlləri ilə yanaşı, binagüzarlıqları sayəsində milli incəsənət, ədəbiyyat, mətbuat, kitab nəşri, o cümlədən, məktəb dərsliklərinin nəşri və s. geniş vüsət tapır, inkişaf edir.
1923-cü ildən nəşr olunan “Maarif və mədəniyyət” (1953-cü ildən “Azərbaycan”) jurnalı respublikada elm və mədəniyyətin inkişafında, Azərbaycan dilinin zənginləşməsində, saflaşmasında, özgürlüyünü qoruyub saxlamasında, ədəbi ictimaiyyətin, yaradıcı qüvvələrin səfərbər edilməsində önəmli rol oynamışdır.
XX əsrin 20-30-cu illərində fəaliyyət göstərmiş “Qızıl qələm” (1924), “Ədəbiyyat abidələri” dərgiləri gənc istedadlı qələm sahiblərinin ədəbi həyata qoşulmasında, milli mədəni irsimizin təbliğ edilməsində, mədəniyyətimizin, söz sənətimizin inkişafında mühüm rol oynamışlar. 1931-ci ildən etibarən rus dilində “Литературный Азербайджан” jurnalı nəşr edilməyə başlayır, 1942-1952-ci illər istisna olmaqla, hazırda da fəaliyyətini davam edir.
Azərbayсan Demokratik Cümhuriyyəti dövründə (1919-1920), daha sonra Sovet Azərbayсanı dönəmində 1925-1926-cı illərdə ədəbi həyatda canlanma müşahidə olunur, neft mədənlərində, zavod və fabriklərdə çoxsaylı ədəbi dərnəklər, birləşmələr, qruplar təşəkkül tapır.
Bu dövrdə Azərbaycanın ədəbi-yazıçı mühiti müxtəlif təşkilatlanma formalarında birləşməyə təşəbbüs göstərir.
Yazıçıların, şairlərin ilk böyük və kütləvi birləşməsi 1926-cı ildə yaradılan “BAPP” (Bakı proletar yazıçıları Assosiasiyası) oldu və onun tərkibinə əsasən Bakıda yaşayıb yaradan qələm sahibləri qatıldı.
1928-ci ildə Azərbaycan proletar yazıçıları Assosiasiyası yaradılaraq 65 üzvü və 25 üzvlüyə namizədi bir araya gətirir.
Həmin Assosiasiyanın I qurultayı 1928-ci il yanvarın 13-də Teymur Hüseynovun sədrliyi ilə keçirilir. Fəxri rəyasət heyətinin tərkibinə Ruhulla Axundov, H.Nəzərli, Mustafa Quliyev, Süleyman Rüstəm, Manaf Quliyev, Əhməd Triniç, Anri Barbüs, Maksim Qorki, Aleksandr Serafimoviç və Nazim Hikmət seçilirlər.
AzAPP-in II qurultayı “Proletar ədəbi hərəkatı daha da kütləviləşdirmək” şüarı altında 1929-сu ildə keçirilir.
Qurultaylararası müddətdə AzAPP-in fəaliyyəti artıq genişlənməkdə idi. L.Şmidt adına (indiki Səttərxan), S.Budyonnı adına zavodların nəzdində və Bakının Lenin (indiki Sabunçu) rayonunda fəaliyyət göstərən üç ədəbi dərnəyin sıralarından 150 nəfər yaradıcılıq işinə cəlb edilmiş, onların inkişaf edib püxtələşmələrinə imkan verilmişdir. Lenin (Sabunçu) rayonundan gələn qələm sahibləri həm azərbaycanca, həm də rusca yazan müəlliflərdən ibarət idi.
Həmin dövrdə müxtəlif ədəbi təşkilatların sayı artır, Bakıda, Gəncədə, Göyçayda, Naxçıvan diyarında və başqa yerlərdə gənclərin ədəbi dərnəkləri yaradılır, qələm sahiblərinin əsərləri nəşr olunur, bu zaman dərc olunan aylıq “Hücum” dərgisində dərnək və təşkilat üzvlərinin yazıları işıq üzü görür. Əlbəttə, “İnqilab və mədəniyyət” (əvvəllər “Maarif və mədəniyyət”) jurnalı bu tanıtmada aparıcı ədəbi tribuna idi.
ÜİK(b)P Mərkəzi Komitəsinin 23 aprel 1932-ci il tarixli “Ədəbi-yaradıcı təşkilatlarının yeni strukturu haqqında” qərarına uyğun olaraq, AzAPP qurulmağı nəzərdə tutulan Sovet Yazıçılar İttifaqının tərkibinə daxil edilir.
1934-cü il iyunun 13-də Azərbaycan Yazıçılar İttifaqı təsis olunaraq, tərkibində 93 üzv və üzvlüyə namizədi cəmləşdirir.
1934-cü ildən Yazıçılar İttifaqının orqanı “Ədəbiyyat qəzeti” nəşr olunmağa başlayır.
Azərbaycan Yazıçılar İttifaqının ilk sədri Məmməd Kazım Ələkbərli seçilir.
Sonrakı illərdə Yazıçılar İttifaqına Seyfulla Şamilov, Rəsul Rza, Səməd Vurğun, Süleyman Rəhimov, Mirzə İbrahimov, Mehdi Hüseyn, İmran Qasımov, İsmayıl Şıxlı başçılıq etmişlər. 1987-ci ildən etibarən Anar İttifaqın rəhbəri (1991-ci ilədək birinci katibi, 1991-ci ildən sədr) vəzifəsində çalışır.
Ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Yazıçılar Birliyi (AYB) adı altında fəaliyyət göstərən AYB müxtəlif sınaqlardan keçərək milli ədəbiyyatın, ana dilinin qorunub yaşadılmasında, azərbaycançılıq ideologiyasının formalaşmasında böyük xidmətlər göstərmişdir. Təşkilat bu illər ərzində həmişə xalqımızın mədəniyyət tarixini və mənəvi sərvətlər xəzinəsini bədii-estetik düşüncənin bir çox qiymətli nümunələri ilə zənginləşdirmişdir.
Hazırda Azərbaycan Yazıçılar Birliyinin tərkibində nəsr, poeziya, dramaturgiya, ədəbi tənqid, həmçinin AYB-nin təşəbbüsü ilə yaradılmış bədii tərcümə, ədəbi əlaqələr mərkəzi fəaliyyət göstərir.
AYB-nin nəzdində Naxçıvan Yazıçılar Birliyi, habelə təşkilatın Gəncə, Qarabağ, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Sumqayıt, Qazax, Quba, Aran filialları, eləcə də Moskvada, Gürcüstanın Borçalı bölgəsində, Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində, İstanbulda şöbələri və filialları fəaliyyət göstərməkdədir.
Yazıçılar Birliyi bu gün üzvlərinin fəaliyyətinin genişləndirilməsi, yaradıcılıq potensialının açılması yolunda, eləcə də xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğı göstərməkdə əməyini əsirgəmir, milli ədəbiyyatımızın dəyərli örnəklərinin tərcümə edilməsinə, Azərbaycan ədəbiyyatının xarici aləmdə layiqincə tanıdılmasına və təbliğ olunmasına səy göstərir.
Tövsiyə edilən ədəbiyyat:
- Anar - 80...: şəxsiyyətin tarixi /tərtib edən və ön sözün müəl. G. Pənah ; elmi red. J. Əliyeva ; bədii red. A. Mahmudova ; dizayner Ş. Əliyeva. - Bakı: SkyE, 2019. - 520 s.
- XIII qurultayöncəsi məruzələr/Azərbaycan Yazıçılar Birliyi ; tərt., red. E. Hüseynbəyli ; dizayner Ö. Məmmədov. - Bakı: Qələm, 2022. - 303 s.