Müasir sənətşünaslıq elminin əldə etdiyi nəticələr Azərbaycan miniatür sənətinin müsəlman Şərqində bu sənətin inkişafında əhəmiyyətini və təyinedici rolunu aşkarlayır. Məlum olduğu kimi, Yaxın və Orta Şərqdə miniatür sənətinin ən qədim nümunələrindən sayılan bir çox əsərlər məhz Xoyda, Marağada və Təbrizdə yaradılmışdır. bu da təsadüfi deyildir. Çünki XIII əsrin sonu XIV əsrin əvvəllərində elxanilərin mərkəzi olan Marağa və Təbriz şərqin ən görkəmli mədəniyyət mərkəzi idi.
XIV əsrin əvvəllərində Təbrizin ətrafında salınmış iki şəhərcikdə - Qazaniyyə və Rəşidiyyədə elm və tədris müəssisələri, böyük kitabxana, bədii emalatxanalar və s. yerləşirdi. Həmin kitabxanalarda müxtəlif ölkələrdən gəlmiş xəttat, rəssam və kitab sənətinin başqa ustaları çalışırdı. Bu sənətkarlar Şərqin görkəmli alim və şairlərinin əsərlərini, o cümlədən Rəşidəddinin məşhur “Cami ət-təvarix” əsərinin nəfis əlyazma nüsxələrini hazırlayır, onları gözəl miniatürlərlə illüstrə edirdilər.
Bu kitab-albom Şərq sənəti həvəskarlarını füsunkar, əfsanəvi gözəlliyə malik Azərbaycan miniatürləri ilə tanış edəcəkdir. Əsasən təbriz məktəbinə aid olan bu misilsiz, zəngin bədii irs xalqımızın fəxri, müasir rəssamların, xüsusən kitab tərtibatçıları və dekorativ sənət ustalarının tükənməz ilham mənbəyidir. Azərbaycan miniatür sənətinin hərtərəfli öyrənilməsi xalqımızın mədəniyyət və incəsənət tarixini daha dərindən duyub dərk etməyə, onun ümumdünya mədəniyyəti xəzinəsindəki mövqeyini layiqincə qiymətləndirməyə kömək edəcəkdir.