Böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi
Azərbaycanın ilk görkəmli qadın şairi, şahmatçı, musiqiçi və bəstəkarı Məhsəti Gəncəvi 12 may 1089-cu ildə Gəncədə anadan olmuşdur. XII əsr şeir məktəbinin yaradıcılarından biri olan Məhsəti Gəncəvi Azərbaycan ədəbiyyatının inkişafında mühim rol oynamışdır. Onun əsl adı Mənicə olmuş, Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürmüşdür. Təxəllüsünün mənşəyi ilə bağlı bir rəvayət vardır. Bir gün Səlcuq sultanı Səncər onu saraya dəvət edir. Şairə sultana sarayda hamıdan kiçik və görünməz olduğunu söyləyir. Sultan onunla razılaşmır və farsca deyir: “To meh-həsti” ( “sən hamıdan böyüksən”). Beləliklə, “meh-həsti” “məhsəti” təxəllüsünə çevrilir. Bir müddət o, Sultan Səncərin sarayında yaşamış, orada keçirilən saray və ədəbi məclislərdə iştirak etmiş, ədəbi yaradıcılıqla məşğul olmuşdur. O, sonra Gəncəyə qayıdaraq ömrünün sonunadək Gəncədə yaşamışdır. Məhsəti Gəncəvi Gəncədə sufilərin yerləşdiyi Xarabat adlı məhəllədə yaşamış, mükəmməl təhsil almış, Şərq ədəbiyyatı və musiqisini dərindən mənimsəmişdir. Ərəb və fars dillərini bilmişdir. Sufi Əxi təriqətinin üzvü olmuş, sufi məclislərində rubailərilə birlikdə mahnılar bəstələyərək öz mahnılarını çəng və müxtəlif musiqi alətlərində ifa etmişdir.
Onun müxtəlif qaynaqlardan toplanmış 200-dən artıq rübaisi Orta əsrlər Azərbaycan intibahının klassik örnəkləri cərgəsində özünə əbədi yer tutmuşdur. Çoxcəhətli istedad sahibi, gözəl çalğıçı, çəng ustası, məlahətli səsə malik nəğməkar şairə Məhsəti Gəncəvi yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da öz dövründə də tanınmış, rübailəri dillər əzbəri olmuşdur.
Şərq poetikasını incəliklərinə qədər tərənnüm edən Məhsəti Gəncəvi özünün dərin lirikası ilə birlikdə gənc sənətkarlara, dərzilərə, əyiricilərə, qızılaxtaranlara və başqalarına şeirlər silsiləsi həsr etmişdir. Məhsəti rübailərinin əksəriyyəti məhəbbətə həsr olunmuşdur. Bu rübailərdə sevən bir qəlbin həyəcanlarının, saf və real bir eşqin ifadəsi öz əksini tapmışdır.
Məhsəti Gəncəvi yaşadığı dövrdən bu günədək istər yaradıcılığı, istərsə də şəxsi həyatı ilə diqqət mərkəzində olmuş, haqqında əsərlər yazılmışdır. Böyük şairənin həyatı barədə məlumatlar əsasən əlyazma nüsxələri Azərbaycan Əlyazmalar institutunda, İstanbulda və Londonda saxlanan XIII əsrə aid edilən “Məhsəti və Əmir Əhməd” dastanından götürülmüşdür. Bu dastanda iki real tarixi şəxsiyyətin ülvi sevgisindən və həmin sevgi üzündən yaşadıqları iztirablı ömür yolundan bəhs edilir.
Məhsəti Gəncəvinin həyatı və yaradıcılığı yaşadığı İntibah dövrünun yazıçı və şairlərinin əsərlərində xatırlanmışdır. Nizami Gəncəvinin “Xosrov və Şirin”, Qiyasəddin Xondəmirin “Həbibüs-siyər” əsərlərində onun haqqında şeirlər yazılmış, təzkirəçi və tarixçilər öz əsərində onun haqqında məlumatlar vermiş, rübailərindən nümunələr göstərmişlər.
İlk dəfə olaraq Səhab Tahiri tərəfindən Məhsətinin müxtəlif mənbələrdən rübai, qitə və qəzəlləri toplanmış və 1957-ci ildə 200-ə yaxın şeir parçasından ibarət divanı tərtib edilmişdir.
Alman alimi Frits Meyer 1963-cü ildə “Gözəl Məhsəti” monoqrafiyasını yazmış və 257 rübai, 30 -a yaxın şeir parçasını burada toplamışdır.
Rafael Hüseynov Məhsəti Gəncəvi haqqında 3 kitab ("Məhsəti necə varsa”, “Məhsəti Gəncəvi-özü, sözü, izi”, “Məhsəti Gəncəvi. Portret-oçerk”) yazmış və bu kitablar bir çox dillərə tərcümə olunmuşdur.
Məhsəti Gəncəvinin rübailəri Nigar Rəfibəyli tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur.
Məhsəti Gəncəvinin rübailəri Azərbaycan bəstəkarlarının diqqətini cəlb etmiş, Məhsəti Gəncəviyə 3 opera həsr olunmuşdur.
Məhsətinin sözlərinə bir sıra vokal əsərləri yazılmışdır. Pikə Axundova “Ey gül” və “Mənim tək yanan harda var?!”, Oqtay Kazımi “Bu dünya” və Rizvan Sədirxanov 5 mahnı bəstələmişdir.
Prezident İlham Əliyev 16 yanvar 2013-cü ildə Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyinin keçirilməsi ilə əlaqədar Sərəncam imzalamışdır. 2013-cü ildə UNESCO Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul etmiş, 7 oktyabr 2016-cı ildə şairənin Fransanın Konyak şəhərində abidəsi ucaldılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məhsəti Gəncəvi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Məhsəti Gəncəvinin Gəncədə muzeyi yaradılmış və 1980-cı ildə heykəli ucaldılmışdır.
2014-cü ildə Gəncədə “Məhsəti Gəncəvi Mərkəzi” açılmışdır. Şərq və Qərb üslubunu öz memarlıq quruluşunda əks etdirən binada Məhsəti Gəncəvinin həyat və yaradıcılığı, ədəbi irsi haqqında kitablar, Azərbaycan, rus və ingilis dillərində elektron formatda rübailəri, eləcə də Muzeydə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Reyms və Miluz şəhərlərində Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə keçirilmiş sərgi və konsertlərdən fotolar yerləşdirilmişdir. Mərkəzin rəsm qalereyasında Məhsəti Gəncəviyə və onun rübailərinə həsr edilmiş müxtəlif tablolar, sənət nümunələri, monumental əsərlər nümayiş etdirilir.
Şərq poeziyası tarixində mühüm rol oynamış, Orta Şərq intibahının ən parlaq nümayəndələrindən biri Məhsəti Gəncəvi 1181 – ci ildə Gəncədə vəfat etmişdir.
Tövsiyə edilən ədəbiyyat:
- Hüseynov, Rafael Baba oğlu. Məhsəti Gəncəvi - özü, sözü, izi / R. B. Hüseynov ; red.: Ə. Cəfər [et al.] ; AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi. - Bakı : Nurlan, 2005. - 560 s.
- Məhsəti Gəncəvi. Rübailər / Məhsəti Gəncəvi ; tərc.: N. X. Rəfibəyli, X. H. Yusifli ; tərt. X. H. Yusifli. - Bakı : Lider nəşriyyat, 2004. - 144 s.
- Гусейнов, Рафаэль Баба оглы. Мехсети Гянджеви : очерк-портрет / Р. Б. Гусейнов ; пер. С. Мамедзаде ; Министерство Культуры и Туризма Азербайджанской Республики. - Баку : Шарг-Гарб, 2013. - 100 с.
- The Life and the Poetry of Mahsati Ganjavi / Heydar Aliyev Foundation ; trans., text by P. Smith, comp. J. Hasanzadeh, comp. P. Ismayilova, comp. A. Mammadova, ed. I. Zubanova. - Baku : Chashioglu, 2013. - 120 p.