Tanınmış təmsil ustası, şair-tərcüməçi Hikmət Ziya
Əməkdar incəsənət xadimi, tanınmış şair və təmsil ustası Əfəndiyev Hikmət Ziya oğlu 13 may 1929 – cu ildə Şəki şəhərində anadan olmuşdur. Atası Ziya Əfəndiyev peşəkar pedaqoq kimi Şəki, Zaqatala və Ağdamda müəllim işləmişdir. Babası Abdulla bəy Əfəndizadə Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü olmuş və pedaqoq kimi fəaliyyət göstərmişdir. Onun dramaturq və şair kimi yetişməsində babasının böyük rolu olmuşdur.
Uşaqlıq illərini Qarabağda keçirən Hikmət Ziya orta təhsilini Ağdam şəhər 1 saylı orta məktəbində alır. 1947 – ci ildə ali təhsil almaq məqsədilə Bakıya gəlir və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra təyinatını “Azərbaycan pioneri” qəzeti redaksiyasına alır. Burada uzun müddət (1952-1969) ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri vəzifəsində çalışır. 1969-1984-cü illərdə “Göyərçin“ jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri, məsul katib vəzifələrində çalışmışdır. "Mozalan" satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq uşaq və gənclər ədəbiyyatı şurasının, "Azərbaycan pioneri" və "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin üzvü olmuşdur.
Ədəbi yaradıcılığa 1952-ci ildə “Azərbaycan pioneri” qəzetində çap edilən “Qoqola” adlı ilk şeiri ilə başlamışdır. İlk satirik şeirləri, eyni zamanda “Atamın hədiyyəsi” (1957), “Bahar gözəldir, ya qış?” (1959), “Milçək ürəyi” (1960) kitabları çap olunmuşdur. Onun şeirləri aktuallığı, təbiiliyi və səmimiliyi ilə seçilmişdir. Uşaq şerlərində ədaləti, mərdliyi, dostluğu, dürüstlüyü təbliğ edərək uşaq şairi kimi ad qazanmışdır.
Üç mindən çox təmsil müəllifi olan Hikmət Ziya təmsillərində həyatımızda və cəmiyyətimizdə olan nöqsanları və qüsurları özünəməxsus tərzdə qısa və lakonik əks etdirmişdir. Hikmət Ziyanın Azərbaycan ədəbiyyatına gətirdiyi ən böyük yenilik bu janrda maksimum yığcamlığa, lakonikliyə və sadəliyə üstünlük verməsi olmuşdur. Hikmət Ziya öz təmsillərində heyvanlardan və əşyalardan istifadə edərək tülkü xislətli, canavar dişli, milçək ürəkli, ayı düşüncəli insanları tənqid etmişdir. Meşələrə od vuran, çaylara, dənizlərə zəhər tökən, el malına göz dikən, aləmi bir-birinə çaxnaşdıranları, dövrünün aktual poblemlərini təmsillərində məharətlə tənqid edərək insanları sülhə, ədalətə səsləmişdir.
Hikmət Ziyanın kino yaradıcılığında da böyük xidmətləri olmuşdur. “Əli Bayramlı” (1971), “Azərbaycan qadını” (1974), “Qərib cinlər diyarında” (1977), “Dəcəl dovşan” (1981) filmlərinin ssenari müəllifi olmuşdur. Onun “Sınaq”, “Əkiz qardaşlar” pyesləri tamaşaya qoyulmuşdur. Librettolarına ("Nənəmin nağılı", "İkilərin sərgüzəştləri", "Solğun çiçəklər") və şeirlərinə musiqi bəstələnmiş, əsərləri bir çox dillərə tərcümə olunmuşdur. Hikmət Ziya tərcümə sahəsində bir çox işlər görmüş, rus şairi A.S.Puşkindən çoxlu sayda tərcümələr etmiş, Firdovsinin “Şahnamə” əsərindən “Rüstəm və Söhrab” dastanını dilimizə çevirmişdir. Hikmət Ziyanın yazdığı “Son Türk əlifbası” kitabı elmi-pedaqoji biliyindən xəbər verir.
Hikmət Ziya “Qabaqcıl maarif xadimi” nişanı (1978), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı (1988), Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi (1986) fəxri adlarına layiq görülmuşdür. Onun adına "Hikmət Ziya" ədəbiyyat mükafatı təsis edilmişdir. Sevilən şair və maarif xadimi, əsərləri ilə oxucuların əbədi sevgisini qazanmış Hikmət Ziya 1995-ci il avqustun 2-də Bakı şəhərində vəfat etmişdir.
Tövsiyə edilən ədəbiyyat:
- Ziya, Hikmət. Seçilmiş əsərləri / H. Ziya ; tərt. A. Xudiyeva ; red. R. Yusifoğlu ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. I cild. - Bakı : Aspoliqraf, 2014. - 464 s.
- Ziya, Hikmət. Şeirlər və təmsillər/Ə. H. Ziya ; red. H. Həsənzadə. - Bakı: Azərnəşr, 1963. – 66 s.
- Ziya, Hikmət. Təmsillər [Gənclər üçün] /Z. Hikmət; red. M. Ələkbərli. - Bakı: Gənclik, 1985. - 139 s.
- Ziya, Hikmət. Mənim misralarım/H. Ziya ; red. M. Seyidzadə. - Bakı: Gənclik, 1975. – 140 s.