Tarixdən səhifələr

Görkəmli yazıçı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyov

Görkəmli yazıçı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyov

İbrahimbəyov Maqsud Məmmədibrahim oğlu 1935-ci il may ayının 11-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1955–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində ali təhsil almış, 1962–1964-cü illərdə Moskvada Ali ssenari kurslarında, 1971–1973-cü illərdə isə Ali rejissor kurslarında oxumuşdur.

Əmək fəaliyyətinə 1960-cı ildə Azərbaycan Tikinti Nazirliyinin Ağır Sənaye İnşaatı Trestində mühəndis kimi başlayan Maqsud İbrahimbəyov sonralar burada müxtəlif vəzifələrdə çalışmış, 1964-1971-ci illərdə SSRİ Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsində Azərbaycan üzrə xüsusi müxbir işləmişdir. Sonrakı illərdə o, bədii yaradıcılıqla və ictimai fəaliyyətlə məşğul olmuşdur.

Nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınmışdır. Onun "Mezozoy əhvalatı" pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutmuşdur. "Mezozoy əhvalatı", "Bayquş gəlmişdi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün — ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilmişdir.

"Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə qalsın" və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılmışdır. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. "Bayquş gəlmişdi" və "Bütün yaxşılıqlar üçün — ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatı verilmişdir.

Yazıçının xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1979-cu ildə “Əməkdar İncəsənət Xadimi”, 1998-ci ildə “Xalq Yazıçısı” fəxri adlarını almış, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafında çoxillik səmərəli və zəngin fəaliyyətinə görə Azərbaycan Respublikasının ali dövlət təltifləri olan “İstiqlal”, “Şərəf” və “Şöhrət” ordenlərinə layiq görülmüşdür.

Maqsud İbrahimbəyov bədii yaradıcılıqla yanaşı uğurlu ictimai fəaliyyət göstərmişdir. O, uzun müddət Azərbaycan Pen klubunun prezidenti, Azərbaycan Respublikası Sülh Komitəsinin sədri olmuş və digər ictimai qurumlara başçılıq etmişdir. Maqsud İbrahimbəyov bir neçə çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.

2018-ci il fevralın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi” təsis edilmışdi.

Maqsud İbrahimbəyov 22 mart 2016-cı ildə Bakı şəhərində vəfat edib. 23 mart 2016-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilərək I Fəxri xiyabanda dəfn edilib.


Tövsiyə edilən ədəbiyyat:

  1. İsmayılova, Nadejda Vasilyevna. Maqsud əbədidir / N. V. İsmayılova ; tərc. Ə. Qiyas ; Heydər Əliyev Fondu, Maqsud İbrahimbəyov yaradıcılıq mərkəzi. - Bakı : n. y., 2023. - 268 s.
  2. Azərbaycan nəsri antologiyası : 5 cilddə / tərt. Z. Ş. Əsgərli ; ön sözün müəl. V. Ə. Yusifli ; bur. məsul Ə. Güləliyev. V cild : 1960-cı ildən sonrakı dövr / M. M. İbrahimbəyov [et al.]. - Bakı : Şərq-Qərb, 2006. - 352 s.
  3. Исмайлова, Надежда Васильевна. Максуд навсегда/[Н. Исмайлова] ; идея А. Ибрагимбекова ; Фонд Гейдара Алиева ; Центр творчества Максуда Ибрагимбекова. - Баку: [б. и.], 2023. - 268 с.