2022-ci ilin dekabrın 23-də Prezident Kitabxanasında Azərbaycanlıların qədim dövrlərdən etibarən yaşadıqları Zəngəzur bölgəsinin zəngin tarixi keçmişinə dair və XX əsrin əvvəlində Zəngəzurun qərb hissəsinin Ermənistana verilməsi nəticəsində xalqımıza qarşı tarixi ədalətsizlikləri özündə əks etdirən “Zəngəzur” elektron resursu istifadəçilərə təqdim edilib.
Azərbaycan, ingilis və rus dillərində hazırlanan bu layihənin “Ümumi məlumat” fəslində Zəngəzurun tarixi coğrafiyası, əhalisi, oykonimləri, oronimləri, hidronimləri, flora və faunası, təbii ehtiyatları haqqında mətnlər ayrı-ayrı başlıqlar altında təqdim edilir. Bu fəsildə, həmçinin qədim dövrlərdən bu günədək Zəngəzuru əhatə edən “Xəritələr” əks etdirilir. Həmin xəritələrdə Zəngəzurdakı toponimlərin azərbaycanlılara məxsus olduğu əyani şəkildə görünür.
Elektron layihənin “Tarix” fəslində “Zəngəzur qədim və orta əsrlərdə”, “Rusiya işğalı dövrü”, “1905-1906-cı illər qırğınları”, “1918-1920-ci illər qırğınları”, “Qərbi Zəngəzurun Ermənistana verilməsi”, “Repressiya və deportasiya illəri”, “1988-1989-cu illər deportasiyası”, “Şərqi Zəngəzur işğal illərində” başlıqlı mətnlər istifadəçilərə təqdim edilir.
44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilən Şərqi Zəngəzur rayonları haqqında, yeni yaradılan Şərqi Zəngəzur iqtisadi rayonunda həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumatlar “Azad Şərqi Zəngəzur” bölməsində xronoloji ardıcıllıqla öz əksini tapır.
Elektron layihənin “Tarixi-memarlıq abidələri” bölməsində həm Şərqi Zəngəzurda, həm də Qərbin Zəngəzurda mövcud olan tarixi-memarlıq abidələri haqqında şəkilləri də daxil olmaqla dolğun məlumat verilir.
Kitabxananın fonduna daxil olan Zəngəzur haqqında kitab və məqalələrin elektron versiyaları “E-resurslar” fəslində əks etdirilir.
Layihənin “Biblioqrafiya” bölməsində Zəngəzur haqqında kitabların və məqalələrin, habelə ayrı-ayrı məcmuələrdə dərc edilən materialların biblioqrafiyaları verilir.
“Fotoqalereya” bölməsində Zəngəzurun mənzərəli yerlərinin, erməni vandalları tərəfindən dağıdılmış memarlıq abidələrinin şəkilləri, habelə Şərq Zəngəzurda və Zəngəzur dəhlizində həyata keçirilən bərpa-quruculuq işlərini özündə əks etdirən fotolar xronoloji ardıcıllıqla təqdim edilir.