Müəllif əslində nə İslam, nə Muğam, nə də Füzuli fəlsəfələrini məxsusi şərh etməyə cəhd etməyib. O bu mürəkkəb-müqəddəs anlamların, marağında daha çox olduğu Quran fəlsəfəsi- Təsəvvüf işığında yozumunu axtarıb, bu aspektdən (konteksdən) onların kəsb etdiyi ideya-məna-məzmun çalarlarını qismən açmaq arzusunda olub. Məqsədi dövrün-zamanın çətin anlaşılan bu anında Milli Məfkurəmizin bilavasitə qaynaqlandığı İslam, Muğam, Füzulidən (ümumidən) keçərək özümüzü tanımaq-anlamaqdır. Şərq Peripateizmının (İbn-Sina, İbn-Rüşd) icadı və Füzulinin qəbul etdiyi "İkili həqiqət" təliminə istinadən apardığı "Muğam həqiqətinə dini-fəlsəfi baxış" araşdırmasını, Elmdə cəsarətli addım və orijinal yanaşma üsulu kimi dəyərləndirir.