Prezident Kitabxanasında Elektron nəşr hazırlanmışdır

İki il əvvəl Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası Dövlət başçısının xarici siyasət fəaliyyətinin xronikasını əhatə edən elektron resurs hazırlayıb İnternet istifadəçilərinə təqdim etmişdi. Ötən müddət ərzində istifadəçilərin və oxucuların bu mövzuya artan maraq və ehtiyaclarını nəzərə alaraq Kitabxananın əməkdaşları həmin elektron resursu yeni sənəd və materiallarla zənginləşdirərək, "Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyəti" adlı elektron nəşr hazırlamışlar. Dörd fəsildən ibarət olan bu elektron nəşrin birinci fəsli "Xarici siyasət fəaliyyətinin xronikası", ikinci fəsli "Xarici siyasətə dair nitqlər, çıxışlar, bəyanatlar, müsahibələr", üçüncü fəsli "Xarici siyasətlə bağlı qanun, fərman və sərəncamların xronikası", dördüncü fəsli isə "Xarici ölkələrə səfərlərin fotoxronikası" adlanır.

Elektron nəşrdə əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət kursunun prioritetləri, həyata keçirilən balanslaşdırılmış siyasi xəttin bütün məqamları əhatə olunmuşdur. Mütəxəssislər - beynəlxalq icmalçılar, politoloqlar, tədqiqatçılar, dövlət orqanlarının əməkdaşları, eləcə də geniş oxucu kütləsi Prezident Kitabxanasının www.preslib.az saytında yerləşdirilmiş zəngin material bazasından faydalana biləcəklər.

Elektron nəşrin materiallarının təhlili göstərir ki, Azərbaycan Prezidenti 2003-cü il oktyabr ayının 31-dən 2009-cu ilin iyun ayının 20-dək dünyanın 40 ölkəsinə 114 dəfə səfərə getmişdir. Bu səfərlərin 44- ü dövlət və rəsmi, 70-i isə işgüzar səfərdir. Səfərlərin 75 faizi Avropa ölkələrinin payına düşür.

Səfərlərin statistikası göstərir ki, Dövlət başçısı qonşu dövlətlərlə daha sıx münasibətlərin qurulmasına xüsusi önəm vermişdir. Belə ki, Prezident İlham Əliyev bu dövrdə Rusiya Federasiyasında 19, Türkiyə Cümhuriyyətində 10, Gürcüstanda 6, İran İslam Respublikasında 3 dəfə səfərdə olmuşdur. Dövlət başçısı 7 dəfə Fransaya, 5 dəfə Polşa və Qazaxıstana, 4 dəfə Rumıniya və İsveçrəyə, 3 dəfə Almaniya, Belçika və Səudiyyə Ərəbistanı Krallığına, 2 dəfə ABŞ, Macarıstan, Yunanıstan, Slovakiya, İtaliya, Çin, Belarus, Tacikistan, Vatikan və Litvaya səfərə getmişdir. Prezident bu dövrdə, həmçinin, Küveyt, Çexiya, Özbəkistan, Pakistan, Böyük Britaniya, Moldova, Xorvatiya, Bolqarıstan, Yaponiya, Latviya, Birləşmiş Ərəb Əmirlikləri, Koreya, Misir, İordaniya, Finlandiya və Türkmənistan dövlətlərinin hər birində bir dəfə səfərdə olmuşdur.

Göstərilən dövrdə Azərbaycan Respublikası Prezidentinin dəvəti ilə dünyanın 26 ölkəsinin dövlət başçıları 55 dəfə Azərbaycana səfərə gəlmişlər. Gürcüstan Prezidenti bu müddətdə 7 dəfə, Türkiyə və Ukrayna Prezidentlərinin hər biri 5 dəfə, İran və Litva Prezidentlərinin hər biri 4 dəfə, Bolqarıstan, Rumıniya və Polşa Prezidentlərinin hər biri 3 dəfə, Rusiya, Moldova və İordaniya Prezidentlərinin hər biri isə 2 dəfə Azərbaycanda səfərdə olublar.

Azərbaycan Respublikasının Prezidenti həm xarici ölkələrə səfərləri zamanı, həm də ölkəmizə qonaq gəlmiş xarici ölkələrin dövlət, hökumət və parlament rəhbərləri, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə çox intensiv görüşlər keçirmiş, müzakirələr aparmışdır. Dövlət başçısı bu səfərləri zamanı dövlət, hökumət və parlament rəhbərləri ilə 254 görüş və qəbul, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə 64 görüş və qəbul, ümumilikdə 486 görüş və qəbul keçirmişdir.

Azərbaycan Prezidenti ölkəmizə səfərə gəlmiş yüksək səviyyəli qonaqlarla 64 görüş və qəbul, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə 338 görüş və qəbul, ümumilikdə 1295 görüş və qəbul keçirmişdir.

Prezident İlham Əliyev fəaliyyəti dövründə 2 dəfə BMT-nin Baş katibi, 10 dəfə ATƏT-in fəaliyyətdə olan sədri, 5 dəfə NATO-nun Baş katibi, 3 dəfə AŞPA-nın sədri, 5 dəfə Avropa Şurasının Baş katibi və 10 dəfə İKT-nin Baş katibi ilə görüşmüşdür.

Fəaliyyəti dövründə Prezident İlham Əliyev ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məqsədilə danışıqlar aparmaq üçün 17 dəfə Ermənistanın dövlət başçısı (12 dəfə R. Koçaryanla, 5 dəfə S. Sarkisyanla) ilə görüşmüşdür. Prezident bu məsələ ilə əlaqədar ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərini 47 dəfə qəbul etmişdir. Ümumiyyətlə, Dövlət başçısının xaricdə və ölkəmizdə keçirdiyi görüş və qəbulların sayı 1780- dən çoxdur.

Elektron nəşrin ikinci fəslində istifadəçilər Prezident İlham Əliyevin həm xarici ölkələrə səfərləri zamanı, həm də ölkəmizə qonaq gəlmiş xarici ölkələrin dövlət, hökumət və parlament rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi görüş və qəbullarda etdiyi 422 çıxışın, nitqin, mətbuat üçün bəyanatın və müsahibənin xronoloji ardıcıllıqla toplanmış tam mətni ilə tanış ola biləcəklər.

Müqavilə, saziş, bəyannamə, memorandum, protokol, konvensiya və digər beynəlxalq sənədlərin təsdiq edilməsi məqsədilə Prezidentin imzaladığı qanun, fərman və sərəncamların xronikası ilə istifadəçilər bu elektron nəşrin üçüncü fəslində tanış olacaqlar. Bu qəbildən olan sənədlərin sayı 1451-dir; onların 429-u qanun, 13-ü fərman, 1009-u isə sərəncamdır.

Prezident İlham Əliyevin xarici siyasət fəaliyyəti ilə bağlı səfərlərinin, görüşlərinin, qəbullarının, nitqlərinin, çıxışlarının, bəyanatlarının, müsahibələrinin, imzaladığı sənədlərin ümumi sayı 5000-dən çoxdur.

Elektron nəşrin dördüncü fəslində isə Azərbaycan Respublikası Prezidentinin xarici ölkələrə etdiyi səfərləri zamanı keçirdiyi yüksək səviyyəli görüşlərinin fotoxronikası istifadəçilərə təqdim olunur.

Elektron nəşr rəsmi mətbuat materialları əsasında mütəmadi olaraq yeniləşdirilir.

 


AZƏRTAC.- 2009.- 23 iyun.