Azərbaycan Prezidenti İlham Əliyev iyunun 27-də Prezidentin İşlər İdarəsinin kitabxanasında olmuşdur.

Bu kitabxana 2003-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Bakının iki böyük kitabxanasının - keçmiş Lenin adına Mərkəzi şəhər kitabxanasının və keçmiş Siyasi maarif evinin kitabxanasının bazasında yaradılmışdır.

Kitabxana ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, fondda XVIII­XIX əsrlərdə və XX əsrin əvvəllərində müxtəlif dillərdə çap olunmuş nadir nəşrlər saxlanılır. Kitabxananın dövri mətbuat fonduna respublikamızda və digər ölkələrdə çıxan 230 adda jurnal, qəzet və digər dövri nəşrlər daxil olur.

Prezident İlham Əliyev kitabxananın biblioqrafiya xidməti və oxu zalları ilə tanışlıqdan sonra fondun elektron nəşrlərlə komplektləşdirilməsi ilə də maraqlandı. Dövlət başçısına bildirildi ki, elektron nəşrlərə ümummilli lider Heydər Əliyevin 1993-2003-cü illərdə ölkəmizə rəhbərlik etdiyi zaman söylədiyi nitqləri, məruzələri, çıxışları, müsahibələri, habelə 2003-cü ilin oktyabr ayından başlayaraq, Prezident İlham Əliyevin müxtəlif tədbirlərdəki nitq və çıxışları, həmçinin müsahibələri daxildir. Elektron nəşrlərdə ölkəmizin ictimai-siyasi və mədəni həyatının ən mühüm sahələrini əks etdirən materiallar da toplanmışdır.

Azərbaycan Prezidenti kitabxananın fondunun daha da zənginləşdirilməsi, habelə maddi- texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tövsiyələrini verdi.

 

 

AZƏRTAC.-2006.-27 iyun.