Azərbaycan Prezidenti İlham Əliyev bu il aprelin 20-də “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” hazırlanacaqdır. Bu, mədəniyyətimizin mühüm sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə imkan verəcəkdir. Sərəncamda göstərildiyi kimi, kitabxanalarımız Azərbaycan xalqının milli sərvətidir və bu sərvət daim qorunmalıdır.

Sərəncamdan irəli gələn vəzifələrlə bağlı fikirlərini öyrənmək üçün AzərTAc-ın müxbiri Prezident Kitabxanasının direktoru Mayıl Əhmədova bir neçə sualla müraciət etmişdir:

- Belə bir sərəncamın verilməsini zəruri edən amillər haqqında fikirlərinizi bilmək maraqlı olardı.

- Prezidentimizin bu Sərəncamı milli sərvətimizin, mədəni irsimizin qorunub saxlanılmasını, onun gələcək nəsillərə çatdırılmasını, bəşəri sivilizasiyaya hərtərəfli inteqrasiyasını bilavasitə təmin edən kitabxana şəbəkəsinə dövlətin göstərdiyi çox böyük qayğının təzahürüdür.

Azərbaycan Prezidenti İlham Əliyev kitabxana sahəsinə daim xüsusi önəm verir, bu spesifik sahəyə böyük qayğı göstərir. Belə ki, dövlətimizin başçısı hələ 2004-cü ildə Naxçıvan Dövlət Universitetinin elektron kitabxanası, 2006-cı ilin iyununda isə Prezident Kitabxanası ilə ətraflı tanış olmuş, kitabxanaların fəaliyyətinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə dair tövsiyələrini və tapşırıqlarını vermişdi. Elə həmin ilin oktyabr ayında Prezidentimiz Minskdə Belarus Milli kitabxanasının işi ilə də yaxından tanış olmuşdur. Bütün bunlar, xüsusilə də Prezidentin imzaladığı Sərəncam kitabxana ictimaiyyətinin ürəyincə olmuş, bir vacib təsisat kimi kitabxanaların əhəmiyyətini, bu sahədə çalışan mütəxəssislərin nüfuzunu xeyli yüksəltmişdir.

Sərəncamın adından göründüyü kimi, kitabxana fəaliyyətinin yaxşılaşdırılmasına böyük ehtiyac var və vaxtında həyata keçirilməsi nəzərdə tutulan tədbirlər mədəniyyətimizin bu mühüm sahəsinin müasir tələbata uyğunlaşdırılmasını təmin edəcəkdir. Kitabxana-informasiya xidməti sahəsi güclü maddi yatırım tələb edən sahədir. Ona görə də bu sahənin yüksək inkişaf səviyyəsi hər bir ölkənin iqtisadi durumuna uyğun olur. Bu gün böyük iqtisadi yüksəlişə çatmış ölkəmizdə kitabxana sahəsinin sürətli inkişafı üçün hər cür şərait vardır.

Sərəncamda qeyd edilir ki, hazırda ölkəmizdə 12 mindən çox kitabxana var. Əgər bu kitabxanaların hər birində azı 3 nəfərin işlədiyini nəzərə alsaq, bu 40 minə yaxın işçi, böyük bir mütəxəssis ordusu deməkdir. Sərəncama əsasən 40 min nəfərin iş şəraitinin yaxşılaşdırılması, əməyinin dəyərləndirilməsi, onların peşə hazırlığının yüksəldilməsi nəzərdə tutulur. İnanmaq istərdim ki, yaxın vaxtlarda peşə bayramları sırasında “Kitabxanaçı günü” də öz yerini tapacaqdır.

- Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi, onun müasir informasiya texnologiyaları ilə təchiz edilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi sərəncamda qarşıya qoyulan əsas vəzifələrdən biridir.

- Milli kitabxana xalqımızın mənəvi sərvətlərinin qorunub saxlandığı ə n böyük müəssisədir. Hər bir ölkənin Milli kitabxanası onun qürur mənbəyi hesab olunur. Amerikalılar Konqres kitabxanası, ruslar Dövlət kitabxanası (keçmiş Lenin adına kitabxana), fransızlar Paris Milli kitabxanası ilə fəxr etdikləri kimi, biz də öz Milli kitabxanamız ilə fəxr etməliyik. Çünki xalqımızın tarixinə, milli-mənəvi dəyərlərimizə dair ən çox sənəd məhz bu kitabxanada toplanıbdır. Yaradıldığı vaxtdan M.F.Axundov adına Dövlət kitabxanası bütün sahələr üzrə - oxucuların sayına, kitab verilişinə, xidmətin səviyyəsinə, metodik işə, kitab fondunun zənginliyinə və həcminə görə ölkəmizin ən zəngin kitabxanası hesab olunur. Lakin keçən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin həyatında baş verən proseslər bu kitabxana uçun də təsirsiz ötüşmədi. Bu dövrdə kitabxana işi üçün ən vacib sahə hesab edilən fondun yeni ədəbiyyatla komplektləşdirilməsi, məcburi nüsxələrin verilməsi, abunə olunması və maddi-texniki təminat sistemi xeyli zəiflədi. Ancaq 2 il əvvəl ona Milli kitabxana statusunun verilməsi kitabxananın işində böyük canlanmaya səbəb oldu. Qısa müddətdə kitabxanada Avtomatlaşdırılmış Kitabxana proqramı tətbiq edildi, elektron kataloq, elektron kitabxana yaradılmağa başlandı. Təbii ki, modern Milli kitabxanaya çevrilmək, dünyada fəaliyyət göstərən 120-yə qədər milli kitabxana sırasında layiqli yer tutmaq və xalqımızın milli-mədəni irsinin yetərincə təbliği üçün hələ çox iş görülməlidir. Sevindirici haldır ki, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ölkəmizin baş kitabxanasının modernləşdirilməsi, onun informasiya texnologiyaları ilə təchiz edilməsi istiqamətində sistemli iş aparır. Milli kitabxanada aparılacaq işlərin həyata keçirilməsi üçün güclü maddi və mənəvi dəstəyə ehtiyac var. İnanırıq ki, Prezidentimiz tərəfindən əsl məqamında imzalanmış bu Sərəncam Milli kitabxananın fəaliyyətində böyük dönüş yaradacaqdır.

Milli kitabxana ölkənin ən böyük kitabsaxlayıcısı olmaqla yanaşı, vaxtilə Azərbaycan Kitab Palatasının yerinə yetirdiyi funksiyanı, yəni, ölkəmizdə çap məhsullarının uçotu, məcburi nüsxələrin toplanıb saxlanılması, milli biblioqrafiyanın təşkili və aparılması kimi çox məsul bir vəzifəni də həyata keçirir. Ona görə də Milli kitabxananın işinə təkcə dövlət qurumları deyil, hamı kömək etməlidir. Xalqımızın milli mədəni sərvətlərinin qorunub gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcu olmalıdır.

- Bu gün kitabxanalarımızın yeni nəşrlərlə təchizolunma səviyyə si müasir oxucunun tələbatına cavab verirmi?

- Kitabxanaların yeni nəşrlərlə vaxtında təchiz edilməsi, məcburi nüsxələrin kitabxanalara çatdırılması, dövri nəşrlərə və müxtəlif elektron resurslara abunə olunması sistemi bu günün kitabxanası üçün ən aktual məsələdir. Kitabxanalara məcburi nüsxələrin verilməsi “Kitabxana işi haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası qanunlarının müvafiq olaraq 15-ci və 29-cu maddələri ilə tənzimlənir. Təəssüf ki, nəşriyyatların çoxu müxtəlif bəhanələrlə bu qanunların tələblərinə əməl etməkdən yayınırlar. Onlar başa düşmək istəmirlər ki, müasir informasiya mərkəzi olan kitabxanaların yeni informasiya ilə təminatında hətta kiçik bir fasilə belə, onun illərlə toplanmış məlumat bazasının əhəmiyyətini xeyli azaldır, oxucunun vərdiş etdiyi, arxayın olduğu məlumat mənbəyinə inamını itirir. Ona görə də, müasir kitabxana fəaliyyətində ilk növbədə bu məsələ öz həllini tapmalıdır. Qalan məsələlər artıq hər bir kitabxananın kollektivinin öz işini necə qurmasından və texniki təminatdan asılıdır. Əgər kitabxanada peşəkar kadrlar, mütəxəssislər çalışırsa, daxil olan informasiya formasından (çap və ya elektron) asılı olmayaraq vaxtında seçilir, çeşidlənir, sistemləşdirilərək tələbatçıya çatdırılır. Əks təqdirdə, informasiya köhnəlir, öz aktuallığını itirir, kitabxana isə sadəcə olaraq kitab anbarına çevrilir.

Bu gün informasiya vasitələrinin inkişaf səviyyəsi elə həddə çatıb ki, onların kitabxanalara tətbiq edilməsi kitabxana işinin keyfiyyətini, kitabxanaçı əməyinin məhsuldarlığını, istifadəçiyə xidmət işinin səviyyəsini dəfələrlə yüksəltməyə imkan verir. Hazırda kitabxana işinin avtomatlaşdırılmasını təmin edən çoxlu kitabxana proqramları vardır. Sadəcə olaraq, bu proqramlar əldə edilməli, respublikamızın hər bir kitabxanasında tətbiq olunaraq, onların müxtəlif şəbəkələri yaradılmalıdır. Başqa yol yoxdur. Müasir dövrdə kitabxananı internetsiz, kompyutersiz təsəvvür etmək mümkün deyil.

Müasir kitabxanalarda elektron resursların yaradılmasına böyük tələbat var. İstifadəçi, əsasən öz maraq dairəsinə uyğun müxtəlif elm sahələrinə dair elektron resurslarla işləməyə üstünlük verir. Ona görə də müxtəlif sahələr üzrə mükəmməl, zəngin elektron resursların yaradılması, onun mütəmadi olaraq yeni məlumatlarla yeniləşdirilməsi zəruridir. Təbii ki, belə bir işi internetsiz, texniki vasitələrin köməyindən istifadə etmədən, müxtəlif elm sahələri üzrə populyar hesab edilən dövri və elektron nəşrlərə abunə olunmadan etmək mümkün deyildir. Bu işdə şübhəsiz ki, əsas rol təcrübəli, səriştəli mütəxəssislərə - kitabxanaçı-biblioqraflara məxsusdur.

Kitabxanaların öz fondlarını xaricdə və ölkəmizdə nəşr edilən ədəbiyyatla müntəzəm olaraq zənginləşdirmələri üçün kitab satışı mərkəzlərinin olmaması da ciddi problemlər yaradır.

Fikrimizcə, Bakıda və digər regionlarda sivil kitab satışı mərkəzlərinin də yaradılmasının vaxtı çatıbdır.

- Sərəncamda “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın yaradılması vəzifəsi də qarşıya qoyulmuşdur.

- “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın yaradılması “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli Sərəncamında da nəzərdə tutulmuşdur. Həmin Sərəncamda latın qrafikası ilə çap edilən kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitələri ilə yayılması qərara alınmışdır. Bu istiqamətdə müəyyən işlər görülmüşdür. Ayrı-ayrı kitabxanaların elektron resursları içərisində latın qrafikası ilə nəşr edilmiş bəzi kitabların elektron variantına rast gəlmək olur. Sərəncamla nəşri nəzərdə tutulan 200 addan çox (hər biri 25000 nüsxə tirajla) kitab müxtəlif nəşriyyatlar tərəfindən çapa hazırlanıbdır. Demək bu kitabların hamısının elektron variantları bu nəşriyyatlarda vardır. Zənnimcə, ya başqa ölkələrdə olduğu kimi, hər bir nəşriyyat nəşr etdiyi kitabın elektron variantının açıq satışını həyata keçirməlidir ki, kitabxanalar onu əldə edə bilsinlər, ya da mərkəzləşdirilmiş qaydada bu kitabların nəşrini təşkil edən qurum tərəfindən həmin kitabların elektron daşıyıcılarının alınıb kitabxanalara verilməsi təmin edilməlidir. Məlumdur ki, kitabın elektron variantının hazırlanması xeyli vaxt və vəsait tələb edir. Nəşriyyatlarda isə bu iş artıq görülübdür, sadəcə olaraq bu elektron nəşrlərin tirajını artırıb iri kitabxanalara paylamaq olar.

Məlumat üçün bildirmək istəyirəm ki, Prezident Kitabxanasında Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə, iqtisadiyyatına, xarici siyasətinə dair Azərbaycan, rus və ingilis dillərində olan xeyli kitabın elektron variantı hazırlanıb və kitabxananın www.preslib.az saytında yerləşdirilərək istifadəçilərə təqdim edilir. Bu kitablardan bəzilərinin elektron versiyasının hazırlanmasına ən azı bir ay vaxt sərf olunubdur.

Sərəncamda qeyd edildiyi kimi, “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın oxucuların tam istifadəsinə verilməsinin çox böyük əhəmiyyəti vardır. Bu o deməkdir ki, latın qrafikası ilə çap edilmiş Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələri məkanından və zamanından asılı olmayaraq internet vasitəsilə istənilən vaxt hər bir oxucunun istifadəsinə veriləcəkdir. Prezidentin Sərəncamına əsasən normal Web kataloq sistemi olan iri kitabxanaların hər birində “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın yaradılması təmin ediləcəkdir.

 

AZƏRTAC.-2007.-1 may.