20 Yanvar hadisələrini bir faciə kimi təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir.

Heydər Əliyev 
Ümummilli lider

20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan, demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkildi. Xalq həm Vətən uğrunda həlak olan qəhrəmanlarını tanıdı, həm bu Vətənə başçılıq edənlərin kimliyinə bələd oldu. Lakin 1990-cı il 20 Yanvar hadisələrindən otuz il keçməsinə baxmayaraq, xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır.

1987-ci ilin oktyabr ayında Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasından sonra qondarma Dağlıq Qarabağ problemi Moskvanın razılığı ilə yenidən ortaya atıldı. 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında DQMV Xalq Deputatları Sovetinin qərar qəbul etməsi nəticə etibarı ilə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına və torpaqlarının bir qisminin işğalına yönəlmişdi.

Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə Kreml rəhbərliyi tərəfindən “yaşıl işıq” yandırılması, 1989-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə ermənipərəst Arkadi Volskinin rəhbərliyi altında DQMV-də yaradılmış Xüsusi İdarə Komitəsinin Azərbaycana qarşı qərəzli mövqeyi sayəsində muxtar vilayətin idarə-müəssisələrinin tədricən Azərbaycanın tabeliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından tamamilə deportasiya edilməsi, Moskvanın erməni separatçılarını cəzalandırmaq əvəzinə, Azərbaycan xalqının əl-qolunu bağlaması millətin səbir kasasını daşırmışdı. 1989-cu ilin sonlarında bəzi rayonlarda Xalq Cəbhəsinin hakimiyyəti ələ keçirməsi, İranla sərhədyanı rayonlarda sərhəd məftillərin sökülüb atılması, Xalq Hərəkatının radikal qanadının Milli Müdafiə Şurası təşkil edərək nəzarəti öz əlinə alması, 1990-cı il yanvarın 13-15-də Dövlət Təhlükəsizliyi Komitəsinin “Sumqayıt ssenarisi” əsasında “erməni talanları”na göz yumması Moskvanın əlinə Azərbaycan xalqını cəzalandırmaq bəhanəsi vermişdi. Nəhayət, milli maraqlara zidd addımlar atan Azərbaycanın o zamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsi və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxması Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi.

1989-cu ilin yayından etibarən Moskvanın Bakıya əlavə qoşun hissələri göndərməsi üçün Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirovun, Nazirlər Sovetiniv sədri Ayaz Mütəllibovun, Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyaniçkonun, Azərbaycan SSR Daxili İşlər nazirinin birinci müavini Viktor Barannikovun imzası ilə SSRİ hökumətinin rəhbərlərinə şifrəli telefonoqramlar göndərilmişdi. İstintaq müəyyən etmişdir ki, 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər Nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və Nasoslu aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Respublikaya gətirilmiş hərbi qüvvələrin, əməliyyatlara rəhbərlik etmək üçün Bakıya gələn 300-dən artıq yüksək rütbəli zabit və generalların ərzaq təminatı, nəqliyyatla, yanacaqla təmin edilməsi respublika büdcəsindən ödənilirdi.

15 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin sədri Mixail Qorbaçov DQMV-də və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamış, həmin fərmanın 7-ci bəndində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə Bakı və Gəncə şəhərində və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla, hər cür lazımi tədbirlər görmək təklif edilmişdi. Lakin buna baxmayaraq, SSRİ Ali Sovetinin Rəyasət Heyəti yuxarıda qeyd olunan fərmanın ziddinə olaraq 1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Sovetinin hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən, yanvarın 20- də saat 00-dan etibarən "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman qəbul etmişdir. Müəyyən edilmişdir ki, bu fərmanı imzalamaqla, SSRİ-nin rəhbəri M.Qorbaçov beynəlxalq hüquq normalarını, İttifaq Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozmuşdur.

Yanvarın 19-da SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Halbuki, həmin vaxt 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən Salyan kazarmasının giriş-çıxış yolları bağlanmışdı. Xalq Cəbhəsinin liberal qanadının təmsilçiləri əhaliyə dağılmağı, radikal qanadının təmsilçiləri isə müqavimət göstərməyi məsləhət görürdü.

Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00.-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ Müdafiə naziri Dimitri Yazov, SSRİ Daxili İşlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçiridilər.

Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçdilər. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər.

Bakıya yeridilən qoşun kontingenti qapalı düşərgələrdə saxlanılırdı. Onlara əhali ilə ünsiyyətdə olmağa imkan verilmirdi ki, xalqın əliyalın olmasından xəbərdar olsunlar. Bakıya yeridilən əsgər və zabitlərə demişdilər ki, “islam fundamentalistləri”, “pantürkistlər” Azərbaycanda hakimiyyəti ələ keçiriblər, ona görə də onları məhv etmək və Sovet hakimiyyətini yenidən qurmaq lazımdır. Məhz azərbaycanlılara qarşı nifrət hissi ilə köklənən, spirtli içkilər vasitəsilə qızışdırılaraq şəhərə hücum edən əsgər və zabitlər qadınlara, qocalara, uşaqlara, hətta təcili yardım maşınlarının sürücülərinə və həkimlərə fərq qoymadan atəş açır, onları vəhşicəsinə qətlə yetirirdilər. Tanklar və BTR-lər içi insanlarla dolu minik maşınlarını əzib üstündən keçirdilər. Xəstəxanaların işıqlarını kəsmişdilər ki, yaralılara tibbi yardım göstərmək mümkün olmasın.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Müəyyən olunmuşdur ki, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə Bakı şəhərinin əhalisinə rəsmi xəbərdarlıq edilməli idi. Lakin buna qəsdən əməl olunmamışdı. Kütləvi insan qırğını törədildikdən sonra - yəni 20 yanvar -1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00.-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Azərbaycan xalqına qarşı törədilmiş bu təcavüz aktı mərhələ-mərhələ həyata keçirilmiş, şəhərdə qarətlərlə nəticələnən təxribatlar törədilmişdir.

Fövqəladə vəziyyət elan edildikdən sonra da, yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində daha 57 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada 2 nəfər və yanvarın 26-da Lənkəranda 6 nəfər qətlə yetirilmişdir.

Yanvarın 19-dan 20-nə keçən gecə Mərkəzi Komitənin birinci katibi Əbürrəhman Vəzirov Bakını xəlvəti tərk edərək Moskvaya qaçdı.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 150 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.

Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.

Faciənin miqyası o dövrdə Rusiyada fəaliyyət göstərən “Şit" ictimai təşkilatının ekspertlərinin hesabatında daha dəqiqliklə ifadə edilmişdi:

Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, R.Rüstəmova 23, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox güllə vurulmuşdur;
xəstəxanalar, "təcili yardım" maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;
içərisində sərnişinlər, o cümlədən uşaqlar olan 39 nömrəli "İkarus" markalı marşrut avtobusu gülləyə tutulmuşdur;
adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də
var;

"Kalaşnikov" avtomatının ağırlıq mərkəzini dəyişən 5,45 mm çaplı güllələrindən istifadə edilmişdir.
Xalqa qarşı sovet ordusunun qanlı cinayətləri isə hələ bitmək bilmirdi. Qanlı qırğına etirazını

bildirmək üçün Bakı buxtasına gəlmiş “Xəzərneftdonanması”nın gəmiləri hərbi gəmilər tərəfindən mühasirəyə alınaraq gülləbaran edilmiş, onlarca dənizçi həbs olunmuşdu.

“Sabit Orucov” gəmisi “SOS!” siqnalı ilə bütün dünyaya faciə barədə məlumat vermişdi. Şəhərə dənizdən hücumun qarşısını almaq üçün Azərbaycan dənizçiləri həyatlarını riskə qoyaraq bütün gəmiləri Bakı buxtasına yığmışdılar. Yanvarın 21-də saat 20.30 dəqiqədə iki hərbi gəminin və iki katerin müşayiəti ilə naməlum yük aparılması haqqında məlumat alan dənizçilər silahlı quldurlarla əliyalın qeyri-bərabər mübarizəyə girişmişdilər. Sovet hərbi gəmilərindən açılan atəş nəticəsində “Neftqaz-18”, “Neftqaz-64”, “Aktau”, “Şirvan-2”, “Çeleken-1”, “Atlet-21” , “Vodoley-4” gəmiləri ciddi zədələnmişdi. Qanlı Yanvardan sonra başlanmış kütləvi repressiyalara qəhrəman dənizçilər də məruz qalmışlar.

Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı.

O qanlı gecədə rayon partiya komitələrinin, icraiyyə komitələrinin binalarına soxulan hərbçilər komandanlığa məlumat verirdilər ki, dövlət çevrilişinin qarşısını almış və Sovet hakimiyyətini yenidən bərqərar etmişlər. Əslində isə sovet qoşunları 70 -ildən sonra Bakını ikinci dəfə işğal etmişdi.

Bütün bunlar nəinki Azərbaycan xalqının gözünü qorxutdu, əksinə, onun Sovet imperiyasına qarşı nifrətini qat-qat artırdı. Xalq avtomat süngülərinin, tank lülələrinin ona tuşlanmasından qorxmayıb öz şəhidlərini küçə və meydanlardan topladı. Topun-tüfəngin hər küçədə, hər tində qoyulmasına, komendant saatı və fövqəladə vəziyyət rejiminin tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də xalq öz şəhidlərini “Azadlıq” meydanından son mənzilə - Şəhidlər xiyabanına yola saldı. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etdi. Dünyanın heç bir ölkəsində şəhidlərimizin dəfn mərasimindəki kimi izdihama təsadüf edilməyib. Azərbaycan xalqı 40 gün matəm saxladı. Xalq aclığa dözdü, lakin etiraz əlaməti olaraq 40 gün tətil etdi.

20 Yanvar qırğınlarından sonra xalq nifrət və vahimə içində idi. O, qanına bələnmiş, alçaldılmış, təhqir olunmuşdu. Yanvarın 21-də xalqımızın böyük oğlu, fərdi təqaüddə olan Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək orada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış etdi. Bu ağır günlərdə xalqla həmrəy olduğunu bildirdi. Heydər Əliyev bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Bütün dünya yanvarın -20-də Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Lakin SSRİ rəhbərliyi Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsinə bəraət qazandırmağa çalışır, guya İslam fundamentalistlərinin Azərbaycanda hakimiyyəti ələ keçirməyə çalışdıqları haqda xarici kütləvi informasiya vasitələrinə yalan informasiyalar göndərirdi. Bütün bunlara baxmayaraq, bu qanlı təcavüz dünyanın bir sıra ölkələrində etirazla -qarşılandı, qardaş Türkiyənin bir sıra şəhərlərində etiraz aksiyaları və mitinqlər keçirildi.

Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə 1990-cı il yanvarın 22-də çağırılan Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında respublikanın əksər siyasi və dövlət rəhbərləri iştirak etmədilər. Sessiyaya respublika rəhbərlərinin gəlməmələri onların xalqın taleyinə biganə qaldıqlarını, yaxud törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini göstərirdi. Fövqəladə sessiya Bakı şəhərində törədilmiş faciəli hadisələrin təhqiqi üçün deputat-istintaq komissiyası yaradılması barədə qərar qəbul etdi. Lakin bu komissiya hadisəyə hüquqi-siyasi qiymət vermək əvəzinə, ölənlər və yaralananlar, dövlətə və ictimai təşkilatlara, vətəndaşlara vurulan ziyan haqqında informasiya xarakterli məlumatlar toplamaqla işini bitirdi. Bu komissiya öz rəyini faciənin törədilməsindən iki il sonra - 1992-ci ildə SSRİ dövləti süqut etdikdən sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasına təqdim etmişdi. Milli Şura isə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət vermək əvəzinə, deputat-istintaq komissiyasının rəyini qənaətbəxş hesab edib, onu təsdiq etməklə kifayətləndi.

1990-cı il yanvarın 24-dən 25-nə keçən gecə Azərbaycan KP MK-nın təşkilati məsələyə həsr olunmuş plenumu keçirildi. Plenumda gündəliyə respublikada siyasi vəziyyətlə əlaqədar məsələ salınmış, Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinin səbəblərini təhqiq etmək üçün komissiya yaradılmışdı. Lakin respublika kommunistlərinin ali orqanı faciəyə siyasi qiymət verməmiş, ümumiyyətlə, heç bir bəyanatla çıxış etməmişdi.

SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedyevin rəhbərliyi ilə təşkil etdiyi istintaq qrupu cinayət hadisələrinin araşdırılmasını çox səthi aparmış, istintaq hərbçilərin hərəkətlərində “cinayət tərkibi olmaması” nəticəsinə gəlmişdi. 20 iyul -1990-cı il tarixdə cinayət işinin xitam olunması barədə qərar qəbul olunmuş, cinayət işinin materialları Moskvaya aparılmışdı. Təəssüf ki, həmin vaxt Azərbaycan Respublikası Prokurorluğu törədilmiş cinayət hadisələri ilə bağlı heç bir cinayət işi başlamamışdı.

Zaman keçdikcə, bir sıra həqiqətlər meydana çıxır, 20 Yanvar faciəsinin qaranlıq məqamları aydın olur. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və indiyədək qaytarılmayıb. Bir sıra sənədlərin, o cümlədən keçmiş SSRİ-nin yüksək instansiyalarında, xüsusən də hazırda Rusiya Federasiyası Prokurorluğunda saxlanılan 68 cildlik cinayət işinin materiallarının əldə edilməsi 20 Yanvar faciəsinin miqyasını və baiskarlarının məsuliyyət dərəcəsini tam dəqiqliklə üzə çıxara bilər.

Qanlı Yanvar qırğını həm də rus şovinistlərinin ermənilərlə ilə birgə apardıqları antiAzərbaycan siyasətinin, tərkib hissəsi idi. Lakin imperiya cəlladları qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına gətirib çıxardı.

1990-cı il noyabrın 20-də Naxçıvan Muxtar -Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Qanlı Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirərək demişdir: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”.

20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi--hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra həllini tapmışdır.

Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. 1994-cü ilin fevral ayında Milli Məclisin xüsusi sessiyası keçirildi. Sessiya 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsini, nəticədə, haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsini Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirdi. Xalq hərəkatını boğmaq üçün 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, o cümlədən şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olundu. Eyni zamanda, xalqa qarşı törədilən hərbi təcavüzə görə məsuliyyətin o dövrdəki respublika rəhbərliyinin (Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, Viktor Polyaniçko, Vaqif Hüseynov...) üzərinə düşdüyü və onların Azərbaycan xalqına xəyanət etdikləri qeyd olundu.

Heydər Əliyev 18 yanvar 1995-ci ildə R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində "Qanlı Yanvar" rəssamlıq sərgisinin açılışında çıxışında demişdi: “20 Yanvar faciəsində insanlar qırıldı. Aydındır, bu, sovet ordusunun, Kommunist Partiyası rəhbərliyinin Azərbaycan xalqına qarşı etdiyi hərbi, siyasi təcavüzdür. Bu təcavüzün nəticəsində xalqımız qurbanlar vermişdir. Amma xalq həmişə azadlıq uğrunda mübarizə apararkən qurbanlar verməlidir. Keçmişdə də belə olmuşdur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır. Hər bir şəhid bizdən ötrü böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daim yaşayacaqdır.”

“20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adi haqqında Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş 150 nəfərə indiyədək “20 Yanvar şəhidi” fəxri adı verilmişdir.

Azərbaycan -Prezidentinin 18 mart 2014-cü il tarixli sərəncamı ilə 20 Yanvar əlilləri və şəhidlərinin respublikanın ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil alan övladları təhsil haqqından azad olunublar.

20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil şəxslərə -Prezident təqaüdü verilir, onların ailələri dövlət büdcəsi hesabına mənzillə, əlillər isə avtomobillə təmin edilir.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.

20 Yanvar faciəsi, eyni zamanda, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli-azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi və qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı. 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Bir ildən sonra Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi.

Prezident İlham Əliyev Bakının “20 Yanvar” dairəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışında demişdir: “20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Şəhidlərimizin əziz ruhu daim yaşayacaq, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.”

Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq şəhidlərin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, bu faciəni törədənləri lənətləyir. Hər il yanvarın -20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Otuz ildir ki, Şəhidlər xiyabanı Azərbaycan xalqının müqəddəs ziyarətgahına çevrilib. Xarici dövlətlərdən gələn yüksək vəzifəli şəxslər Şəhidlər xiyabanındakı Əbədi məşəl önünə əklil qoyur, Vətənimiz uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə ehtiramlarını nümayiş etdirirlər.

Təqvimin 20 Yanvar 1990-cı il səhifəsi imperiya güllələrinin səsindən açılsa da, tariximizə şəhidlərin qanı ilə yazıldı. Həm də şanlı səhifə kimi və əbədi olaraq.

Nazim Mustafa,|
Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru

 

 


Xalq qəzeti.-2020.-18 yanvar.-№10.-S.8.