Di̇nami̇k i̇nki̇şafın yeni̇ mərhələsi̇ 2003 - 2006
Dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin sosial-iqtisadi həyatında ciddi dəyişikliklər baş vermiş və mədəni quruculuq sahəsində bir sıra mühüm addımlar atılmışdır. Belə önəmli hadisələrdən biri 2003-cü ildə baş verdi. Kitabxanaları əsl mədəniyyət, mənəviyyat, bilik və zəka mənbəyi hesab edən ölkə başçısı Heydər Əliyevin xeyir-duası və tapşırığı ilə Mərkəzi Şəhər (keçmiş Lenin adına kitabxana) və keçmiş Siyasi Maarif Evinin kitabxanalarının bazasında Prezident Kitabxanası yaradıldı.

2001-ci ildə baş vermiş zəlzələ nəticəsində ciddi zədələnmiş, uçub-dağılmaq təhlükəsi ilə üz-üzə qalmış Mərkəzi Şəhər Kitabxanasının memarlıq nümunəsi olan binasında milli mənəvi irsimizin, mədəniyyətimizin əvəzsiz qayğıkeşi Heydər Əliyevin qərarı ilə özəlliyi və əvvəlki görkəmi saxlanılmaqla qısa bir müddətdə Şərq memarlığı üslubunda, dünya standartlarına uyğun təmir-bərpa işləri aparıldı. Müasir tələblərə cavab verən bir mədəniyyət ocağı yenidən geniş oxucu kütləsinin istifadəsinə verildi.

Hazırda kitabxanada hər cür texniki avadanlıqla təchiz edilmiş, müxtəlif elm sahələri üzrə ixtisaslaşmış 4 oxu zalı, 15 yerlik Elektron resursları zalı, 100 yerlik Konfrans zalı təkcə Prezident aparatının işçilərinin deyil, bütün oxucuların üzünə açıqdır.

2006-cı il iyun ayının 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İşlər İdarəsinin Kitabxanasına baş çəkdi. Dövlət başçısı Kitabxanada görülən işlərlə, burada saxlanılan nadir ədəbiyyat nümunələri ilə, tətbiq edilmiş avtomatlaşdırma sisteminin funksiyaları, onun axtarış imkanları ilə yaxından tanış oldu, əməkdaşlar tərəfindən yaradılmış tammətnli elektron nəşrlərə, biblioqrafik göstəricilərə baxdı, bir sıra tammətnli elektron nəşrlərin ingilis və rus dillərində tərcümə variantlarının hazırlanmasını, ölkəmizin tarixini, ictimai-siyasi və mədəni həyatını əks etdirən kitabların elektron versiyalarının yaradılması işinin daha da sürətləndirilməsini tapşırdı. Bütün kitabxana prosesləri ilə maraqlanan Dövlətimizin başçısı kitabxana fondunun elektron nəşrlərlə daha da zənginləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı dəyərli tövsiyələrini də verdi.

Kitabxana Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, mərkəzi və yerli icra orqanlarının əməkdaşlarının, həmçinin iqtisadiyyatın, mədəniyyətin müxtəlif sahələrində çalışan mütəxəssislərin, yaradıcı ziyalıların istifadəsi üçün mükəmməl sənəd fondu və biblioqrafik ehtiyatlar yaratmaq, müasir kitabxana-informasiya texnologiyasını tətbiq etməklə kitabxana proseslərini avtomatlaşdırmaq kimi çox mühüm işlər yerinə yetirir. Hazırda Kitabxana Azərbaycan dövlətçiliyinə, milli ideologiyaya, azərbaycanşünaslığa dair ədəbiyyatın təbliği mərkəzi olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin irsinə dair ədəbiyyatın toplanıb saxlanmasında və təbliğində də mühüm rol oynayır.

Kitabxana təşkil edilərkən onun müasir tələblərə cavab verən mədəniyyət və informasiya mərkəzi kimi fəaliyyət göstərməsi məqsədilə xeyli müzakirələr aparılmış, digər ölkələrin analoji strukturları - prezident kitabxanaları ilə əlaqə yaradılmış, Rusiya Prezidenti Administrasiyasının və Dövlət Dumasının kitabxanalarının iş təcrübələri öyrənilmişdir. Eyni zamanda, xüsusi mütəxəssis qrupu tərəfindən müasir dövrdə MDB ölkələrinin kitabxanalarında tətbiq edilən kitabxana-biblioqrafiya proseslərinin kompleks avtomatlaşdırılması sistemlərinin imkanları təhlil olunmuş və kitabxanada "İRBİS-64 - Kitabxanaların Avtomatlaşdırılma Sistemi"nin tətbiqi daha məqbul hesab edilmişdir. Bu sistemin köməyi ilə qısa müddətdə respublikada ilk dəfə olaraq fundamental elektron kitabxana yaradılmasına başlanılmış və oxuculara məsafədən xidmət texnologiyası tətbiq edilmişdir.

Sistem vasitəsilə 2003-cü ildən başlayaraq kitabxanaya daxil olan bütün ədəbiyyat elektron kataloqa daxil edilir. Bu, oxuculara lokal şəbəkə vasitəsi ilə həm kitabxananın özündə, həm də kitabxanaya gəlmədən Web səhifə vasitəsilə onun fondu ilə tanış olmaq imkanı yaradır. Sistem oxucuların müxtəlif aspektli sorğularını hərtərəfli təmin etmək üçün geniş axtarış imkanına malikdir. Onun vasitəsi ilə əməkdaşlar tərəfindən analitik təhlil, elmi-tədqiqat, ictimai-siyasi fəaliyyətlə məşğul olan oxucu qruplarına kömək etmək məqsədilə 12 adda daim yeniləşən tammətnli elektron nəşr, 7 adda cari elektron-biblioqrafik nəşr hazırlanmışdır.

İstifadəçilərin informasiya tələbatını daha dolğun şəkildə ödəmək məqsədilə Kitabxanada elektron rəsmi sənədlər toplusu yaradılmışdır. Bu topluya Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, müxtəlif normativ-hüquqi sənədlərin mətnləri daxildir. Bu elektron sənədlər toplusu ölkəmizdə bilik cəmiyyətinin formalaşmasında əhəmiyyətli rol oynayır.

Kitabxanada bir neçə adda elektron biblioqrafik göstəricilər də tərtib edilir. Belə göstəricilərdən "Azərbaycan Respublikasının Prezidenti: gündəlik fəaliyyətin xronikası" (rüblük), "Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları" (rüblük), "Azərbaycan Respublikasının qanunları" (rüblük), "Yeni kitablar" (rüblük) adlı nəşrləri göstərmək olar. Eyni zamanda, əməkdaşlar tərəfindən Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə dair fondda olan və yüksək elmi dəyərə, aktuallığa malik fundamental kitabların tam mətnlərinin elektron versiyası hazırlanaraq kitabxananın Web səhifəsində yerləşdirilir.

Xeyli müddətdir ki, respublikada ilk dəfə olaraq Kitabxanada sənədlərin elektron çatdırılması kimi mütərəqqi xidmət növü tətbiq edilir. Bu xidmət əsasında kitabxananın dövri mətbuat və biblioqrafiya-informasiya bölmələrinin əməkdaşları tərəfindən ölkəmizdə və xaricdə çap olunan dövri nəşrlərdən Prezidentin İcra Aparatının müvafiq strukturlarının profilinə uyğun materiallar seçilərək onların elektron versiyası yaradılır və tələbatçıların elektron ünvanlarına göndərilir. Bu məqsədlə 4 prioritet mövzu üzrə mütəmadi olaraq məlumat bülletenləri tərtib edilir. Biblioqrafik-informasiya xidmətinin bu yeni və operativ üsulunun digər icra orqanlarının əməkdaşlarına və xüsusi tədqiqatçı qruplarına da göstərilməsi nəzərdə tutulur.

Kitabxananın MDB ölkələrinin Prezident və Parlament Kitabxanaları ilə əlaqələri də gündən- günə genişlənir. Rusiya Prezidenti Administrasiyasının Kitabxanası, Rusiya Dövlət Dumasının Kitabxanası ilə sıx əlaqələr mövcuddur. Belorus Respublikasının Prezident Kitabxanası ilə mütəmadi olaraq dövri nəşrlərin mübadiləsi həyata keçirilir. Əməkdaşlar kitabxana proseslərinin avtomatlaşdırılması, elektron resurslarının yaradılması, müasir informasiya texnologiyalarının tətbiq edilməsi və s. mövzularda keçirilən beynəlxalq və regional seminar və konfranslarda da fəal iştirak edirlər. Kitabxanaya xarici ölkələrdən də tez-tez mütəxəssislər gəlirlər. Onlar kitabxanada görülən işləri yüksək qiymətləndirir, müasir standartlara cavab verdiyini qeyd edir, Prezident Kitabxanası ilə əməkdaşlıq etmək arzusunda olduqlarını bildirirlər.

Bu günlərdə yolumuz bu qədim mədəniyyət ocağından düşdü. Kitabxanadakı səliqə-sahman, xüsusi zövqlə, gözəl kompozisiyalarla dizayn verilmiş zallar, yüksək mədəni xidmət bizi kitabxananın direktoru, bu sahənin təcrübəli mütəxəssisi kimi tanınan Mayıl Əhmədovla görüşməyə, ona kitabxananın fəaliyyəti haqqında müxtəlif suallarla müraciətт etməyə sövq etdi.

Əhmədov Mayıl Hilal oğlu 1959-cu ildə Goranboy rayonunda dünyaya göz açıb. 1983-cü ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1983-88-ci illərdə həmkarlar kitabxanasının müdiri, sonra Azərbaycan KP MK Siyasi Maarif Evi kitabxanasının müdiri (1989-91-ci illərdə) işləyib. 1991-2001-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Təsərrüfat şöbəsinin baş mütəxəssisi, məsləhətçi-kitabxana müdiri, 2001- 2003-cü illərdə İşlər İdarəsisinin böyük məsləhətçisi vəzifələrində çalışıb. 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektor müdiri - İşlər İdarəsi Kitabxanasının direktoru, Dövlət qulluğunun baş müşaviridir.

Mayıl müəllim, ilk öncə ölkəmizdə yaranmış bu yeni təsisat - Prezident Kitabxanası təsisatı və onun əsas funksiyası haqqında məlumat verməyimizi xahiş edirəm.
Dünyanın bəzi ölkələrində bilavasitə ali dövlət orqanlarına xidmət edən kitabxanalar şəbəkəsi mövcuddur. Bunların içərisində ən məşhur olanları ABŞ Konqres Kitabxanası, Britaniya Kral Kitabxanası və Almaniya Bundestaqının Kitabxanasıdır. Belarus Prezident Kitabxanası, Rusiya Prezident Administrasiyasının Kitabxanası və Rusiya Dövlət Dumasının Kitabxanası da bu tip zəngin kitabxanalardan sayılırlar. Bizim ölkəmizdə belə funksiyanı daşıyan ilk kitabxana keçmiş Siyasi Maarif Evinin Kitabxanası olmuşdur. 1922-1991-ci illərdə bu kitabxana o vaxtlar ölkədə ali idarəetmə orqanı olan Azərbaycan KP MK-nın əməkdaşlarına xidmət göstərmişdir. Kommunist Partiyasının fəaliyyəti dayandırıldıqdan sonra, 1992-ci ildə bu kitabxana Prezident Aparatının tabeliyinə verilmişdir və 2002-ci ilə qədər o, ancaq Prezident aparatının əməkdaşlarına xidmət etmişdir. 2003-cü ildə isə onun və keçmiş Mərkəzi Şəhər Kitabxanasının bazasında bizim bu Kitabxana, yəni Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kitabxanası - Prezident Kitabxanası yaradılmışdır.
Prezident və Parlament kitabxanalarının bəziləri ancaq tabe olduqları orqanların rəhbərlərinə və bu orqanların əməkdaşlarına xidmət edir. ABŞ Konqres Kitabxanası, Belarus Prezident Kitabxanası və İşlər İdarəsinin Kitabxanası isə tabe olduqları ali dövlət qurumlarının əməkdaşları ilə yanaşı, geniş oxucu kütləsinə də xidmət göstərirlər. Bu kitabxanaların əsas vəzifəsi oxucularına kitabxana- biblioqrafiya və informasiya xidməti göstərmək, onların kitaba, dövri nəşrlərə və digər sənədlərə dair tələbatını ödəməkdir. Onlar eyni zamanda geniş elmi tədqiqat, strateji araşdırma ,analitik xidmət və digər müxtəlif fəaliyyət növləri ilə də məşğul olurlar.

Kitabxananın Elektron resurslar zalında müxtəlif mövzular üzrə əməkdaşların hazırladıqları zəngin elektron resurslar olduğunu gördüm. Xahiş edirəm həmin resurslar haqqında bir az geniş məlumat verəsiniz.
Kitabxanada yaradılmış elektron toplular arasında ən önəmlisi olan “Odlar Yurdu Azərbaycan” adlı tammətnli ölkəşünaslıq elektron nəşrlər toplusunda ölkəmizin tarixinə, mədəniyyətinə, iqtisadiyyatına və xarici siyasətinə dair zəngin materiallar toplanmışdır.
İstifadəçilərin böyük marağına səbəb olan digər bir tammətnli elektron nəşr xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-2003-cü illər prezidentliyi dövründə bütün nitqlərinin, məruzələrinin, çıxışlarının və müsahibələrinin tam mətnlərini əhatə edir.

İnformasiya tutumu baxımından zəngin mənbələrdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ilin oktyabr ayından başlayaraq etdiyi bütün nitqlərinin, məruzələrinin, çıxışlarının və müsahibələrinin tammətnli elektron nəşridir. "İlham Əliyev və Azərbaycanın neft diplomatiyası", "Əsrin müqaviləsi - 10 il" adlanan tammətnli elektron nəşrlərdə ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycanın yeni neft strategiyasına, indiyədək imzalanmış neft müqavilələrinə, Azərbaycan neftinin dünya bazarlarına nəqli ilə bağlı keçirilən rəsmi görüşlərə, təntənəli mərasimlərə, ixrac boru kəmərlərinə, neft və qaz sərgilərinə, Dövlət Neft Fonduna dair zəngin materiallar toplanmışdır. "Xoşməramlı səfir" adlanan tammətnli elektron nəşrdə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyətinə dair materiallar toplanmışdır.

Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuş 20 faiz ərazilərimizdə bütün maddi- mədəniyyət nümunələri, o cümlədən 927 kitabxana, 4,6 milyon nüsxə kitab fondu erməni vandalları tərəfindən məhv edilmişdir. Məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında problemin hüquqi aspektlərinin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə yaradılmış ”Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”, “Azərbaycanlıların soyqırımı və deportasiyası”, “Əsrin faciəsi - Xocalı soyqırımı” adlı tammətnli elektron nəşrlərdə azərbaycanlılara qarşı ağlasığmaz qəddarlıq və soyqırım faktları, erməni təcavüzünün sosial-iqtisadi fəsadları ilə yanaşı, BMT-nin, ATƏT-in, Avropa Şurasının, Avropa Birliyinin, İKT-nin, GUAM-ın və s. beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər və münaqişənin həllinin hüquqi aspektlərinə dair materiallar öz əksini tapmışdır.

2004-cü ildən respublikamızda “Dövlət qulluğu haqqında” qanun qüvvədədir. Bu qanunun şamil olduğu 30 mindən çox dövlət qulluqçusunun oxucu marağını nəzərə alaraq, onların fəaliyyət sahəsinə aid qanun, fərman, sərəncam, qərar və digər normativ sənədlər toplanaraq “Dövlət qulluğu ” adlı tammətnli elektron nəşr tərtib edilmişdir.

Müxtəlif oxucu qruplarının marağını nəzərə alaraq Kitabxanada bir neçə aktual mövzu üzrə - “Ekologiya”, “Bələdiyyə hakimiyyəti”, “Azərbaycan diasporu” adlı tammətnli elektron nəşrlər hazırlanmışdır. Əməkdaşlarımız bu istiqamətdə işlərini mütəmadi olaraq davam etdirirlər.

- Son vaxtlar elektron kitabxanaların yaranması haqqında dövri mətbuatda materiallar dərc olunur. Amma bildiyimizə görə, bu tipli kitabxanaların yaradılması çətin, məsuliyyətli bir işdir, həm də gərgin zəhmət hesabına mümkün olur.

- Respublikamızda müasir texniki avadanlıqla təchiz edilən, kitabxanaların sayı çoxaldıqca yeni yaranan elektron kitabxanaların da sayı artır. Lakin elektron kitabxana yaratmaq böyük məsuliyyət tələb edir. Bu işdə tələskənliyə və primitivliyə yol verilməməlidir. Çünki gec-tez elektron kitabxana öz informasiya resursu ilə İnternetə qoşulur və bu informasiyanın dolğunluğu və ya səthiliyindən asılı olaraq həmin kitabxana haqqında, onun yarandığı yer, ölkə, xalq haqqında fikir formalaşır. Bir neçə sənədin elektron variantını hazırlamaq və ya hər hansı nəşriyyatdan bir neçə kitabın elektron variantını əldə etmək, ya da hazır elektron resurslara - РФФИ, EBSCO, East View və s. abunə olunmaq hələ elektron kitabxana yaratmaq deyil. Bu günün elektron kitabxanası öz mükəmməl elektron kataloquna və axtarış vasitələrinə, ölkəmiz üçün prioritet olan sahələr üzrə yaradılmış zəngin elektron resurslara malik olmalıdır.

Məlumdur ki, elektron kitabxana anlayışı elektron daşıyıcılar, kompakt disklər - CD-ROM-ların yayılması və kompüter şəbəkəsinin inkişafı nəticəsində meydana gəlmişdir. O vaxtlar kompüter şəbəkəsinə daxil edilən CD-ROM kolleksiyalarına və hətta bəzi hallarda ayrı-ayrı elektron mətn kolleksiyalarına elektron kitabxana adı verilirdi.

Lakin informasiya-kommunikasiya texnologiyalarının bugünkü yüksək inkişaf səviyyəsi, bu inkişaf nəticəsində yaranan informasiya bolluğu, insanların bu informasiyadan daha operativ istifadə etmək istəyi, həmin informasiyanın analizi və axtarışı mövcud kitabxanaların bazasında daha zəngin resurslara malik olan fundamental elektron kitabxanaların yaranmasını zəruri edir. Elektron kitabxana peşəkar əsasda yaradılan və mövzu baxımından istiqamətlənmiş, məsafədən asılı olmayaraq oxucuya (istifadəçiyə) ixtisaslaşdırılmış yardımla xidmət etmək iqtidarında olan lokal və ya qlobal şəbəkədəki elektron resurslara giriş sistemidir.

Elektron kitabxana yaratmaq üçün əsas vasitə kitabxanada Avtomatlaşdırılmış Kitabxana Sisteminin (AKS) tətbiq edilməsidir. Rahat və sadə işçi interfeysinə malik olan AKS sənədlərin təsnifləşdirilməsi işinin avtomatlaşdırılması, elektron biblioqrafik-informasiya bazasının yaradılması, istifadəçinin informasiya tələbatını əks etdirən sorğunun ifadə edilməsi və onun informasiya bazasına ötürülərək sorğunun nəticəsinin istifadəçiyə məsafədən asılı olmayaraq və operativ çatdırılmasını təmin edir. Eyni zamanda bir sıra kitabxana fəaliyyət sahələrinə aid işləri vaxt, kadr və maliyyə ehtiyatlarına qənaət etməklə yüksək səviyyədə yerinə yetirir. AKS kitabxanada planlaşdırma, uçot proseslərinin avtomatlaşdırılması, kitabxana biblioqrafiya fəaliyyətinin təhlili və proqnozlaşdırılması, maliyyə fəaliyyətinin tənzimlənməsini həyata keçirməkdə əvəzsiz vasitədir.

Avtomatlaşdırılmış Kitabxana Sistemləri bütün kitabxana proseslərini avtomatlaşdırmaqla yanaşı kitab, məqalə və qeyri ənənəvi sənədlərin (audio-video materiallar, kompüter faylları və s.) elektron kataloqunun yaradılmasını, ixtiyari biblioqrafik təsvir sahəsinə görə axtarışın təmin olunmasını, İnternet vasitəsilə uzaq məsafədə yerləşən oxucu sorğusunun yerinə yetirilməsini təmin edir.

Hazırda Respublikamızın kitabxanalarında İRBİS, VTLS, FOLLETT kimi AKS-lər tətbiq edilir. Lakin bütün bunlar başqa ölkələrin proqram məhsullarıdır və onların alınması, quraşdırılması, istifadəsi müxtəlif təşkilati, texniki və maliyyə problemlərinin həll edilməsi ilə müşayiət olunur. İstərdik ki, ölkəmizin informasiya texnologiyaları sahəsində çalışan mütəxəssisləri - proqramçıları kitabxanalarımızda tətbiq etmək üçün xüsusi Avtomatlaşdırılmış Kitabxana Sistemi işləyib hazırlasınlar.

Mayıl müəllim, Kitabxananın internetə qoşulmasının nə kimi üstünlükləri var?
Elektron kitabxana İnternetə qoşulmaqla öz zəngin informasiya ehtiyatını dünya informasiya məkanına inteqrasiya edə bilir. Bu informasiyanın bir hissəsi biblioqrafik informasiya, digər hissəsi isə ilkin elektron sənədlərdir. Elektron sənədlər saxlanma müddətinə, avtomatlaşmış yaradılma üsullarına, operativ mübadilə və axtarış imkanlarına, asanlıqla bərpa olunmasına görə ənənəvi sənəd formalarından kəskin fərqlənirlər. Belə ki, kiçik həcmli, lakin çox böyük informasiya tutumlu maqnit informasiya daşıyıcılarında böyük bir kitabxana fondunun elektron sənəd formasında qorunub saxlanılması mümkündür. Elektron sənədlər xidmət üçün xüsusi şəraitin, çoxsaylı kadrların olması zərurətini aradan qaldırır, məsafədən asılı olmayaraq dünyanın istənilən nöqtəsinə göndərilə bilir.
İnternet vasitəsilə kitabxana öz oxucu kontingentini sürətlə genişləndirərək, coğrafi uzaqlıqdan asılı olmayaraq On-line rejimində oxuculara xidmət göstərir. Bu xidmət növü uzaq məsafədə yerləşən oxucu sorğusunu qəbul edib, arayış formasında və ya oxucu tələbatına uyğun sənədin surətinin oxucuya çatdırılmasını, oxucuların kitabxananın elektron kataloqundan və elektron mətn tipli informasiya bazasından istifadəni nəzərdə tutur.

İnternet kitabxanalara öz sənəd-informasiya ehtiyatlarını artırmaq və yeniləşdirmək üçün rahat və ucuz xidmət göstərir. Belə ki, İnternetdə mütəmadi olaraq yeniləşən çox zəngin elektron mətn sənədlər, audio, rəsm, video informasiya ehtiyatları toplanmışdır ki, hər bir kitabxana bu ehtiyatları əldə edərək, oxuculara müasir səviyyədə xidmət göstərə bilir. Digər tərəfdən nəşriyyatların, kitab ticarəti ilə məşğul olan təşkilatların İnternetdəki saytlarından nəşr olunan çap məhsulları haqqında məlumat əldə etmək və tələbata uyğun ədəbiyyatın On-line sifarişini həyata keçirmək mümkündür.

İnternet kitabxanalar və kitabxana işçiləri arasında əməkdaşlıq əlaqələrinin yaradılmasında da əvəzsiz vasitədir. Bu əlaqələr elektron poçt xidməti vasitəsilə məktublaşma, kitabxana işinin aktual problemləri haqqında Web forumlarda iştirak etməklə, telekonfranslarda diskussiya aparmaqla, birgə elektron sərgilərin, video konfransların təşkili ilə yaradılır.

İnternet vasitəsilə biblioqrafik təsvir yazılarının, kitabxana işinə aid əsasnamə və sənədlərin mübadiləsi həyata keçirilir.

İnternet kitabxanaçılara digər kitabxanaların qabaqcıl iş təcrübəsinə yiyələnməyə, kitabxana işinə aid məqalələr, konfrans materialları, dissertasiya işləri ilə tanış olmağa imkan verməklə onların ixtisas səviyyələrinin artırılmasını təmin edir.

Məlumdur ki, müasir kitabxana öz fondunu daimi yeni nəşrlərlə komplektləşdirməlidir. Bu gün sizin kitabxana yeni kitabları necə əldə edir?
Kitab fondunun yeni ədəbiyyatla komplektləşdirilməsi hər zaman kitabxanaların əsas qayğısı olub. Bu gün də belədir. Biz yerli nəşrləri məcburi nüsxə haqqında qanuna əsasən nəşriyyatlardan, mətbəələrdən, digər poliqrafiya müəssisələrindən pulsuz almalıyıq. Lakin bir neçə nəşriyyat istisna olmaqla əksər dövlət və özəl nəşriyyatlar müxtəlif bəhanələrlə çap etdikləri yeni nəşrlərdən kitabxanaya cəmi 2 məcburi nüsxə verməkdən imtina edirlər. Ona görə də fondumuzu əsasən kitab mağazaları vasitəsilə komplektləşdirməyə çalışırıq. Kitab mağazalarından həm yerli, həm də xarici ölkələrdə nəşr olunan kitabları alırıq. Lakin bu gün Bakı şəhərində cəmi 2-3 kitab mağazası var və onlar da kitabxanaların çap məhsullarına olan tələbatını ödəyə bilmirlər. Ancaq xatırlayırsınızsa, 10-15 il əvvəl Bakı şəhərində siyasi ədəbiyyat, elmi ədəbiyyat, texniki ədəbiyyat, abunə ədəbiyyatı, musiqi ədəbiyyatı üzrə ixtisaslaşmış kitab mağazalarının geniş şəbəkəsi mövcud idi. Mən hələ Kitab Evini, Kitab Pasajını demirəm. Ümumiyyətlə isə Bakı şəhərində 100-dən çox kitab mağazası fəaliyyət göstərirdi.
İki ay əvvəl Bakıda keçirilən Birinci Beynəlxalq Rus kitabı Festivalının qonaqlarını qəbul edərkən Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva kitab mağazaları şəbəkəsinin təşkil edilməsi ilə bağlı Heydər Əliyev Fondunun xüsusi layihəsi olduğunu bildirdi. Kitab satışının mövcud vəziyyətini nəzərə alaraq bu layihənin böyük əhəmiyyətini və vaxtında qaldırılan çox nəcib təşəbbüs olduğunu xüsusi qeyd etmək istəyirəm. Kitab satışı müəssisələri milli-mədəni irsin təbliği mərkəzi kimi, bəşəri-intellektual sərvətlərin inteqrasiyasına xidmət edir, insanların mənəvi-estetik və informasiya tələbatının ödənilməsində xüsusi rol oynayırlar. Geniş kitab satışı şəbəkəsinin formalaşması eyni zamanda kitabxanalarımızın fondunun daha da zənginləşməsi üçün əsas mənbədir.

Kitabxananızın hər cür şəraiti olan oxu zalları, Konfrans zalı var. Bu zallarda müxtəlif mədəni-kütləvi tədbirlər, kitab təqdimatları keçirmək olarmı?
Bu zallar elə həmin məqsədlər üçün nəzərdə tutulub. Kitabxanamızda oxucuların istifadəsinə mane olmadan istənilən mədəni-kütləvi tədbir - konfrans, görüş, sərgi, təqdimat keçirməyə şərait var. Yeni kitabların təqdimatının Kitabxanamızda olmasını isə daha çox arzulayırıq. Ancaq son vaxtlar kitab təqdimatlarının restoranlarda, mehmanxanalarda, şadlıq evlərində keçirilməsinin ənənə halı alması mənə çox qəribə gəlir. Fikrimcə, yeni kitabın oxuculara mədəniyyət ocağında - kitabxanada təqdim edilməsi daha məqsədəuyğundur. Təqdimat mərasiminə kitabın mövzusuna uyğun sahənin mütəxəssisləri dəvət edilməli, onların rəyi eşidilməli və təqdim edilən kitabın bir neçə nüsxəsi kitabxanalara hədiyyə verilməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sizin kitabxanada olması onun kitabxana işi sahəsinə xüsusi əhəmiyyət verməsini göstərir.
Bəli. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu spesifik sahəyə böyük önəm verir. Həqiqətən də, Dövlətimizin başçısının 2004-cü ildə Naxçıvanda olduğu zaman Dövlət Universitetində yaradılmış elektron kitabxana ilə maraqlanması, bu ilin iyun ayında bizim kitabxana ilə ətraflı tanış olması, elə bu yaxınlarda Minskdə rəsmi səfərdə olarkən Belarus Milli Kitabxanasının ilk Prezident qonağı olması bu önəmin göstəricisidir. Prezidentin son 2 ildə 3 dəfə kitabxanalarda olması faktı onun bu sahəyə xüsusi diqqət və qayğısının təzahürüdür.
Əlbəttə, Prezidentin kitabxana sahəsinə bu qədər əhəmiyyət verməsi hər bir kitabxanaçıda böyük qürur hissi oyadır, onu daha həvəslə, məsuliyyətlə işləməyə sövq edir. Dövlət başçısının İşlər İdarəsinin Kitabxanasında - ölkənin ən modern mədəniyyət və informasiya mərkəzində olduğu zaman verdiyi tapşırıqlar və tövsiyələr bütün kitabxana işi sahəsi üçün yeni fəaliyyət proqramıdır. Bu tapşırıq və tövsiyələrə uyğun olaraq dövlətin mədəniyyət və informasiya siyasətinin çox vacib sahəsi olan kitabxanalarda artıq köklü dəyişikliklər edilməkdədir.

Məlumdur ki, informasiya cəmiyyətinin inkişafında, bilik cəmiyyətinin formalaşmasında müasir kitabxanaların rolu əvəzsizdir. Hər bir vətəndaşın istənilən vaxt, istədiyi informasiyanı almaq imkanının olması informasiya cəmiyyətinin vacib şərtidir. Bu şərtə müasir informasiya texnologiyaları ilə təmin edilmiş modern kitabxanalar şəbəkəsi yaratmaqla əməl etmək mümkündür. Belə şəbəkənin yaradılması həm vaxt, həm də xeyli vəsait tələb edir. Qısa zaman kəsiyində zəngin kitabxana və ya elektron resurslar bankı yaratmaq asan iş deyil. Məhz buna görə də Dövlət başçısı iki il əvvəl mədəniyyət ocaqlarının müasir səviyyəyə çatdırılması işində özəl təşkilatların da yaxından iştirak etmələrinə ehtiyac olduğunu vurğulamışdır. Özəl təşkilatlar kitabxana binalarının təmir edilməsində, onların yeni avadanlıqla və müasir texniki vasitələrlə təchiz edilməsində, proqram təminatı məhsullarının alınmasında və kitab fondunun yeni nəşrlərlə komplektləşdirilməsi işində yaxından iştirak edə bilərlər.

Əminik ki, bu gün ölkəmizdə sosial-iqtisadi sahədə islahatların uğurla həyata keçirilməsi, informasiya texnologiyalarının tətbiqi sahəsində görülən mühüm işlər, mədəniyyət ocaqlarına dövlət qayğısının gündən-günə artması yaxın gələcəkdə kitabxanalarımızın böyük əksəriyyətini müasir standartlar səviyyəsinə gətirib çıxaracaqdır.

Müsahibəni apardı:
Esmira FUAD

 

 


Respublika.- 2006.- 2 dekabr.-№ 270.- S. 3-4.