Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyi ilə bağlı silsilə tədbirlər davam edir
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illik yubileyinin geniş qeyd olunmasına dair imzaladığı Sərəncama əsasən, silsilə tədbirlər davam edir. Dünən Prezident Kitabxanasında baş tutan növbəti tədbirdə "Naxçıvan Muxtar Respublikası - 85" adlı internet resursun təqdimat mərasimi keçirilib. Bu barədə məlumat verən Kitabxananın direktoru Mayıl Əhmədov deyib ki, "Ümumi məlumat", "Tarix", "İdarəetmə sistemi", "İqtisadiyyat", "Elm və təhsil", "Mədəniyyət", "Resurslar" adlı 7 bölmədən ibarət olan bu resurs internet istifadəçilərinə Muxtar Respublika haqqında çox dolğun və operativ məlumat vermək məqsədini daşıyır. İnternet resursun bütün bölmələri mütəmadi olaraq yenilənir. Onun ingilis dilində olan versiyası isə hazırlıq mərhələsindədir: "Bədxah qonşularımızın Azərbaycanın müxtəlif ərazilərinə, о cümlədən, Naxçıvana olan iddialarını nəzərə alaraq, Prezident Kitabxanasının əməkdaşları bu diyarın qədim tarixinə dair müxtəlif mənbələrdə olan məlumatların, sənədlərin toplanmasına xüsusi əhəmiyyət veriblər. İnternet resursun "Tarix" adlı bölməsində toplanmış və bir neçə fəsildə sistemləşdirilərək istifadəçilərə təqdim edilmiş səhifələrində Naxçıvanın həm qədim dövrlərinə dair tarixi, həm Muxtar Respublikanın yaradılmasına gətirib çıxaran hadisələr barədə, həm də müasir dövrə dair çox maraqlı sənədlər var".
M.Əhmədov, həmçinin, qeyd edib ki, internet resursda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Naxçıvan MR-ə səfərlərinin xronologiyası tərtib olunub. Onların keçirdikləri müxtəlif görüşlərdə və tədbirlərdəki çıxışlarının tam mətni yerləşdirilib.
Sonra çıxış edən digər qonaqlar Naxçıvan Muxtar Respublikasının tarixi, keçdiyi inkişaf yolu, inkişaf istiqamətləri və mövcud durumu haqqında ətraflı məlumat veriblər. Tarixçi Vəli Əliyev Naxçıvanın ən qədim yaşayış məskənlərindən biri olduğunu söyləyərək əlavə edib ki, bəşəriyyət tarixinin keçdiyi mədəni, tarixi yolu daha dərindən öyrənmək, izləmək üçün Naxçıvana getmək, oradakı sirli, ecazkar tarixi abidələri öz gözünlə görmək lazımdır: "Naxçıvan dedikdə, təkcə həmin coğrafi məkan yada düşmür. Naxçıvan dedikdə bütün dünya, ibtidai insanın yaranması prosesi, bəşəriyyət tarixi, bugünkü sivilizasiyaların inkişaf tarixi göz önündə canlanır. Naxçıvan sirri açılmamış bir aləmdir".
Milli Məclisin Aqrar məsələlər komitəsinin sədri Eldar İbrahimov isə 10 il öncə Muxtar Respublikanın 75 illik yubileyinin də dövlət səviyyəsində qeyd olunduğunu vurğulayaraq qeyd edib ki, bu ənənə ulu öndər Heydər Əliyevdən qalıb. O, daha sonra Naxçıvanın tarixən çox böyük ziyalılar, elm adamları, siyasi xadimlər, mədəniyyət xadimləri yetişdirdiyini söyləyib və əlavə edib ki, ən başlıcası, Muxtar Respublika Azərbaycana böyük öndərimiz, Ümummilli liderimiz Heydər Əliyevi bəxş edib: "Heydər Əliyevin Naxçıvana diqqət və qayğısı daim ən yüksək səviyyədə olub. Mən tam cəsarətlə demək istəyirəm ki, əgər 1990-92-ci illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı, bu gün işğal olunmuş ərazilərimizin siyahısında Muxtar Respublika da olardı. О, prezidentlik dövrlərində də mütəmadi olaraq Naxçıvana səfər edir, görülən işlərlə, burada müşahidə olunan böyük inkişafla yerində tanış olurdu. Ulu öndərin bu siyasəti, bu addımları, bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün Naxçıvandakı yüksək inkişaf, görülən abadlıq və quruculuq işləri göz qabağındadır".
Azərbaycan Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov qeyd edib ki, Naxçıvan Azərbaycanın etnoqrafik coğrafiyasının tərkib hissəsidir. Ona görə də Naxçıvana xüsusi diqqət yetirmək lazımdır: "Naxçıvan çox böyük şəxsiyyətlər yetişdirib. Onların hamısının adlarını sadalamaq mümkün deyil. Bu şəxsiyyətlər Azərbaycan mədəniyyətinin, iqtisadiyyatının, həyatın bütün sahələrinin inkişafında, dövlətçiliyimizin möhkəmlənməsində təkrarolunmaz xidmət göstəriblər".
Daha sonra Naxçıvanın inkişafından danışan natiq Muxtar Respublikanın inkişafını postmodernist inkişaf adlandırıb. Onun sözlərinə görə, Naxçıvan hazırda öz tarixi dəyərlərini qoruyaraq, keçmişin üzərində müasir dəyərləri hifz edərək inkişaf edir.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Kərim Kərimov isə ulu öndər Heydər Əliyevin Muxtar Respublikaya rəhbərlik etdiyi dövrlərdə görülən işlərdən bəhs edib: "Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlməsi, 1990-93-cü illərdə burada yaşayıb fəaliyyət göstərməsi bu bölgəni erməni təcavüzündən xilas etdi. Sovet İttifaqının dağılmasından sonra Naxçıvan MR-in Ermənistanın təcavüzündən müdafiə edilməsində, son dərəcə çətin vəziyyətdə bölgənin idarə olunmasında Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti, müstəsna əhəmiyyət kəsb edən qərarların qəbul edilməsi tariximizin ən parlaq səhifələrindəndir".
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə bu tədbirin təqdir olunduğunu söyləyərək belə işlərin davamlı olmasının vacibliyini önə çəkib. O, daha sonra deyib ki, Ümummilli lider Heydər Əliyev öz siyasi fəaliyyətində, dövlət idarəçiliyində Naxçıvana, onun təhlükəsizliyinin təmin olunması, inkişafına böyük önəm verib: "O, hətta Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən daha yuxarı vəzifəyə gedəndə iki məsələnin önəmini xüsusi vurğulamışdı: Dağlıq Qarabağ və Naxçıvanın təhlükəsizliyi və qorunması məsələləri. Heydər Əliyevin hakimiyyəti dövründə Ermənistan, çox arzu etməsinə baxmayaraq, bu iki regionun işğalını gerçəkləşdirə bilməmişdi. O, Ermənistanın Naxçıvana iddialarının, bu xülyalarının üstündən xətt çəkmişdi. Bu gün də Prezident İlham Əliyev Muxtar Respublikanın inkişafına böyük diqqət göstərir. Bu gün Naxçıvanda görülən işlərə dünyanın heç bir yerində rast gəlmək mümkün deyil. Orada çox böyük sürətli inkişaf müşahidə olunmaqdadır. Bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərinin rəhbərləri özləri bu faktı təsdiqləyirlər. Onlar Muxtar Respublikaya səfərlərdən yüksək əhval-ruhiyyə ilə qayıdırlar və oradakı inkişafa, intizama heyran qaldıqlarını vurğulayırlar".
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov isə Naxçıvan MR-in tarixi haqqında geniş məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın ən qədim yaşayış məskənlərindən bir olan Naxçıvanda arxeoloji qazıntılar zamanı ilk insan məskənləri aşkarlanıb. Naxçıvan eyni zamanda dünyanın ən qədim mədəniyyət mərkəzlərindən də biridir. Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşıb. "Naxçıvan" sözünün mənşəyini alimlər müxtəlif cür izah edirlər. Nuh peyğəmbərin qəbri də Naxçıvan şəhərindədir. O, son zamanlar Naxçıvanın tarixinin araşdırılması ilə bağlı böyük işlər görüldüyünü vurğulayaraq, bu tədbirlərin davamlı olacağına ümidvar olduğunu bildirib.
Millət vəkili Fəttah Heydərov da ilk olaraq bu tədbirin əhəmiyyətindən danışıb. O, daha sonra bəyan edib ki, Naxçıvan müstəqil Azərbaycan dövlətinin ayrılmaz tərkib hissəsidir. Hazırda Azərbaycanın hər bir rayonunda gedən, hər bir qəsəbəsində görülən quruculuq işləri Naxçıvanda da uğurla aparılır: "Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün uğurla davam etdirilir və biz bu siyasətin məntiqi nəticələrini izləməkdəyik. Və bu siyasətin davam etməsini hər birimiz istəyirik".
Sonda çıxış edən Naxçıvan MR-in Azərbaycandakı daimi nümayəndəsinin müavini Həsən Hacıyev bu tədbirə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, tədbir iştirakçıları Prezident Kitabxanasının fondunda saxlanılan Naxçıvana dair kitabların sərgisində də iştirak ediblər. "Naxçıvan Muxtariyyəti tarixi sənədlərdə" adlı kolleksiyada arxiv sənədləri, Naxçıvana aid tarixi sənədlər sərgilənib.
Aqşin Şahinoğlu
Yeni Azərbaycan.- 2009.- 23 aprel .- S. 5.