Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli yazıçı, dövlət və ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 illiyi münasibətilə hazırlanan “Nəriman Nərimanov” adlı elektron layihə istifadəyə verilib.

Prezident Kitabxanasından AZƏRTAC-a bildirilib ki, əməkdaşların Azərbaycan və rus dillərində hazırladıqları bu elektron layihə görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 14 fevral tarixli Sərəncamına əsasən hazırlanan tədbirlər planı çərçivəsində ərsəyə gətirilib.


Yeddi bölmədən ibarət elektron layihənin “Bioqrafiya” adlanan birinci bölməsində Nəriman Nərimanovun pedaqoq, həkim, yazıçı, dramaturq, publisist, maarifçi və dövlət xadimi kimi ömür yolu işıqlandırılır.

Elektron layihənin “Xronologiya” bölməsində Nəriman Nərimanovun həyat və fəaliyyətinin, onun ailə üzvlərinin, xüsusilə oğlu Nəcəf Nərimanovun həyatlarının mühüm məqamları xronoloji ardıcıllıqla əks etdirilir. Bu bölmədə, həmçinin Nəriman Nərimanovun adının əbədiləşdirilməsi sahəsində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi tədbirlər oxucuların diqqətinə çatdırılır.

“Xatirəsinin əbədiləşdirilməsi” bölməsində Nəriman Nərimanovun adını daşıyan müəssisələr, yaşayış məntəqələri, inzibati vahidlər, küçə və meydanlar, mədəniyyət ocaqları, ucaldılan abidələr, ev-muzeyləri, haqqında çəkilən filmlər, yubileylərinin keçirilməsinə dair sərəncamlar haqqında məlumatlar istifadəçilərə xronoloji ardıcıllıqla təqdim edilir

Elektron layihənin “E-Kitablar” bölməsində Azərbaycan, rus və türk dillərində Nəriman Nərimanovun öz əsərlərinin və haqqında yazılan kitabların elektron versiyaları yerləşdirilib. 50- yə yaxın kitabın elektron versiyasını əks etdirən bu bölmə Nəriman Nərimanov haqqında tədqiqat aparan şəxslər, xüsusən də gənc tədqiqatçılar üçün rahat əlçatan bir bazadır.

“Biblioqrafiya” adlı bölmənin “Əsərləri” adlanan yarımbölməsində Prezident Kitabxanasının fonduna daxil olan Nəriman Nərimanovun Azərbaycan və rus dillərində əsərlərinin biblioqrafik təsviri verilib. Bu bölmənin “Haqqında” adlanan yarımbölməsi də özlüyündə “Kitablar” və “Məqalələr” adlanan altbölmələrə bölünür. “Kitablar” altbölməsində Nəriman Nərimanovun həyat və fəaliyyətindən bəhs edən Azərbaycan, rus, ingilis və digər dillərdə 120-yə yaxın kitabların biblioqrafik təsvirləri öz əksini tapır. “Məqalələr” altbölməsində isə Azərbaycan və rus dillərində 350-yə yaxın, rus dilində isə 40-a yaxın məqalənin biblioqrafik təsviri verilir.

Elektron layihənin “Fotoalbom” adlı sonuncu bölməsində Nəriman Nərimanovun və onun ailə üzvlərinin müxtəlif zamanlarda çəkilmiş fotoları, şəxsi sənədlərinin fotosurətləri, abidələrinin və ev-muzeylərindəki eksponatların fotoları xronoloji ardıcıllıqla yerləşdirilib.

Tədqiqatçıların və geniş oxucu kütləsinin istifadəsi üçün hazırlanan “Nəriman Nərimanov” elektron layihəsi http://narimannarimanov.preslib.az subdomenində yerələşdirilib və müntəzəm yenilənilir.

 


AZƏRTAC.- 2020.- 2 iyul.