“Azərbaycan-Rusiya: ümumi tarixin səhifələri” - Milli Kitabxanada növbəti konfrans belə adlanır
Oktyabrın 26-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Azərbaycan-Rusiya: ümumi tarixin səhifələri” mövzusunda hazırlanmış kitab kolleksiyasının təqdimatına həsr olunmuş virtual telekonfrans keçirilib. Tədbir Rusiyanın Sankt- Peterburqdakı B.Yeltsin adına Prezident Kitabxanası, Azərbaycan Milli Kitabxanası və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası ilə birlikdə reallaşıb.
AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən konfransı Rusiyanın B.Yeltsin adına Prezident Kitabxanasının informasiya resursları üzrə direktoru Jbbko Elena giriş sözü ilə açaraq tədbirin təşkilini yüksək qiymətləndirib.
Sonra Rusiya Prezident Kitabxanasının baş direktorunun müavini Borozdina Yaroslava , M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov mövzu üzrə geniş məlumat verərək, telekonfransın əhəmiyyətindən danışıblar.
Tədbirdə Rusiya Prezident Kitabxanasının informasiya resurslarının formalaşması və emalı bölməsinin birinci dərəcəli biblioqrafı Dmitriy Kosenko “Prezident Kitabxanasında Azərbaycan tarixi ilə bağlı materialların toplanması” mövzusunda, Azərbaycan Prezident Kitabxanasının nadir fond və kitab fondunun əməkdaşları Anastasiya Kosayeva və Jalə Qurbani “Prezident Kitabxanasının fondunda Rusiyanın tarixinə dair materiallar” mövzusunda məruzələrlə çıxış ediblər.
Azərbaycan Milli Kitabxanasının nadir kitablar və kitabxana muzeyi şöbəsinin müdiri Gülsəidə Abdullayevanın “Rusiya-Azərbaycan: ümumi tarixin səhifələri” mövzusunda məruzəsi dinlənilib.
Sonra maraq doğuran suallar hər üç kitabxananın rəhbərliyi tərəfindən cavablandırılıb.
Tədbirdə hər üç kitabxananın mütəxəssisləri tərəfindən nadir kitabları əhatə edən elektron məlumat bazalarının təqdimatı olub.
Telekonfransın sonunda tədbir iştirakçıları arasında mövzu üzrə qarşılıqlı fikri mübadiləsi aparılıb.
Flora Şükürova
AZƏRTAC.- 2018.- 26 oktyabr.