Eldar Əmirov: Erməni yalanını ifşa etmək üçün daha çox kitab yazılmalıdır
Xəbər verdiyimiz ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Qarabağın etnosiyasi və mədəni tarixi” üçcildliyinin I cildinin təqdimatı keçirilib. Üçcildliyin I cildi “Qarabağ Qafqaz Albaniyası dövründə” adlanır. Tədqiqatın müəllifləri Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov və Ukrayna Milli Yaddaş İnstitutunun əməkdaşı Maksim Mayorovdur.
Eldar Əmirov AZƏRTAC-a müsahibəsində deyib: “Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə ərsəyə gətirilib. İki ilə yaxın müddətdə erməni və digər mənbələr, müxtəlif arxiv materialları tədqiqata cəlb edilib. Bilirsiniz ki, bu istiqamətdə rus dilində mənbə qıtlığı var. Doğrusu, mənbələrin əksəriyyəti erməni təbliğatının maraqlarına xidmət edir. Ona görə də qərara gəldik ki, Qarabağın tarixini qədim dövrlərə aid arxeoloji materiallardan başlayaraq Qarabağ müharibəsinədək əhatə edək. II cilddə Vn-XYin əsrlər, III cilddə isə XVIII-XXI əsrlərdə Qarabağın tarixi araşdırılacaq”.
E.Əmirov rus dilində yazılan əsərin Qarabağ həqiqətlərini daha geniş auditoriyaya çatdıracağını bildirib. O deyib: “Çalışdıq ki, erməni mənbələrini daha çox tədqiqata cəlb edək, Qarabağ haqqında ermənilərin ziddiyyətli fikirlərini, yalanlarını əcnəbi oxuculara elə onların öz mənbələri əsasında çatdıraq. Məlumdur ki, ermənilərin Qarabağın tarixi coğrafiyası, burada alban kilsəsinin fəaliyyəti ilə bağlı iddiaları var. Onlar iddia edirlər ki, Qarabağdakı alban kilsəsi heç vaxt müstəqil olmayıb, erməni kilsəsinin tərkibində olub. Lakin biz kitabda erməni dövlətinin tarixini verir və göstəririk ki, IV əsrdən bəri, ümumiyyətlə, mövcud olmayan erməni dövlətinin hər hansı alban kilsəsinə, yaxud alban mədəniyyətinə iddiası ola bilməz. O ki qaldı erməni kilsəsinə, bu, XV əsrədək - 1441-ci ilə qədər, ümumiyyətlə, Qafqaz ərazisində olmayıb. Bu kilsə Kiçik Asiya və digər ərazilərdə fəaliyyət göstərib və hər hansı sosial, siyasi, ideoloji dayağı olmayan erməni kilsəsi alban kilsəsinə təsir edə bilməzdi. Erməni dövləti olmadığı təqdirdə isə Qafqazda Qarabağın, Naxçıvan və Qərbi Azərbaycan torpaqlarının erməni dövlətinin tərkibində olması heç nəzəri cəhətdən də mümkün deyil. Görürsünüz ki, bu cür yalanlar, uydurmalar göz önündə olduğu halda ermənilər yenə də öz təbliğatını davam etdirirlər. Erməni yalanını ifşa etmək üçün bir kitab azdır, əcnəbi müəllifləri də dəvət etməliyik. Çünki Qarabağ həqiqətlərini daha geniş auditoriyaya çatdırmağa böyük ehtiyac var”.
AZƏRTAC.-2016.-22 iyul.