Mayın 8-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş geniş foto və kitab sərgilərinin, tammətnli elektron resursların, sənədlər toplusunun təqdimatı təşkil edilib.

AZƏRTAC xəbər verir ki,  əvvəlcə kitabxananın direktoru Mayıl Əhmədov çıxış edərək, tədbir haqqında ümumi məlumat verib və Ulu Öndərin keçdiyi həyat yolundan, Azərbaycan dövlətinin qurulması və inkişafı uğrunda gördüyü işlərdən danışıb: “Müasir tariximizin bir qərinəlik dövrü dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi və dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması Heydər Əliyevin qətiyyətli siyasəti sayəsində mümkün olmuşdur. Ölkəmizin bugünkü ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrindəki nailiyyətlərin əsası onun dövlətimizin başçısı olduğu dövrdə qoyulub. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası öyrənmək, onu təbliğ etmək və qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli borcudur. Hazırda istər ölkə daxilində, istərsə də xarici ölkələrdə Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər və beynəlxalq konfranslar keçirilir. Heydər Əliyevin ömür yolu, dövlətçilik missiyası və zəngin irsi yenidən öyrənilir, təhlil və təbliğ edilir. Ümummilli Liderin tövsiyəsi ilə təşkil edilən Prezident Kitabxanası yarandığı vaxtdan etibarən onun həyat və fəaliyyətinin bütün sahələrinə aid materialların, zəngin irsinin toplanılması, sistemləşdirilməsi və onların elektron variantının hazırlanması istiqamətində sistemli iş aparır. Kitabxananın əməkdaşlarının hazırladıqları “Heydər Əliyev. Elektron sənədlər toplusu” Ulu Öndərin anadan olmasının 100 illiyi ərəfəsində həm məzmun, həm də dizayn baxımından tamamilə yenilənib. Geniş oxucu kütləsinin və tədqiqatçıların istifadəsi üçün nəzərdə tutulan həmin informasiya resursu, sənədlərin və materialların rəqəmsal formatda toplanılması və təqdim edilməsi baxımından ölkədə yaradılan ən mükəmməl informasiya sistemidir”.

Onun sözlərinə görə, “Heydər Əliyev. Elektron sənədlər toplusu” 8 fəsil və 42 bölmədən ibarətdir. “Ümummilli Lider” fəslinin “Bioqrafiya” bölməsində Heydər Əliyevin həyat və fəaliyyətinin mühüm məqamları öz əksini tapır. “Xronologiya” bölməsində 1923-1969, 1969-1982, 1982-1987, 1990-1993 və 1993-2003-cü illərdə Heydər Əliyevin gündəlik həyatının mühüm mərhələləri 412 səhifədə xronoloji ardıcıllıqla işıqlandırılır. Elektron resursun “Sənədlər” fəsli “Nitqlər”, “Çıxışlar”, “Söhbətlər”, “Müsahibələr”, “Bəyanatlar”, “Təbriklər” bölmələri üzrə qruplaşdırılıb. Bu fəsildə yerləşdirilən materialların ümumi həcmi 7 min səhifədən artıqdır. “Xarici siyasət fəaliyyəti” fəslinin “Xronologiya” bölməsində Heydər Əliyevin Prezident olduğu illərdə 36 dövlətə 132 səfərinin materiallarının təhlili göstərir ki, bu səfərlərin 32-si dövlət və rəsmi səfər xarakteri daşımışdır. Ümummilli Lider Türkiyəyə 24, Rusiyaya 22, ABŞ-a 9 dəfə səfər edib. 5 dəfə BMT-də, 20 dəfə MDB-də, 5 dəfə Türk Dövlətləri Təşkilatında keçirilən tədbirlərdə iştirak edib. NATO, AŞPA, ATƏT, GÜAM, İKT kimi regional təşkilatların tribunalarından dəfələrlə Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması məqsədilə Ermənistan prezidentləri ilə 21 görüş keçirib. Bu fəslin “Rəsmi sənədlərin biblioqrafiyası” bölməsində Heydər Əliyevin imzaladığı 5863 qanun, fərman və sərəncamın biblioqrafik təsvirləri illər üzrə toplanılıb təqdim edilir. Təhlillər göstərir ki, Heydər Əliyev müəllifi olduğu “Neft strategiyası”nı reallaşdırmaq üçün müxtəlif səviyyələrdə 46 görüş keçirib, bu mövzuda 85 dəfə nitqlər söyləyib və çıxışlar edib, 4 bəyanat və 8 dəfə müxtəlif KİV-lərə müsahibə verib.

Diqqətə çatdırılıb ki, “Elektron kitabxana” fəslində 1997-2013-cü illərdə çap edilən və Ümummilli Liderin çıxışlarının, nitqlərinin, bəyanatlarının, məktublarının, müsahibələrinin, söhbətlərinin, müraciətlərinin mətnləri daxil edilmiş “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 46 cildinin elektron versiyaları, Kitabxananın fonduna daxil olan Heydər Əliyev haqqında yazılan 400-dən artıq kitabın və 1100-dən artıq seçilmiş məqalənin elektron versiyaları öz əksini tapır.

Kitabxananın əməkdaşlarının Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə hazırladıqları “Heydər Əliyev-100” adlı statik Elektron biblioqrafik göstərici resursun “Biblioqrafiya” fəslində yerləşdirilib. Göstəricidə Heydər Əliyev haqqında müxtəlif dillərdə yazılan kitabların və dövri mətbuatda dərc edilmiş məqalələrin, müdafiə olunmuş dissertasiyaların avtoreferatlarının biblioqrafik təsvirləri, Azərbaycan və rus dillərində kitab müəlliflərinin köməkçi adlar göstəricisi də təqdim edilir. Göstəricidə 10 minə yaxın biblioqrafik təsvir verilir. Elektron resursun “Fotoqalereya” fəslinin “Fotoalbom” bölməsində Ümummilli Lider Heydər Əliyevin ömrünün bütün dövrlərinin mühüm məqamlarını özündə əks etdirən fotolar xronoloji ardıcıllıqla təqdim edilir. “Fotosənəd” bölməsində isə dahi şəxsiyyətə məxsus şəxsi sənədlərin bir qisminin surətləri yerləşdirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın inkişafı naminə Ümummilli Lider Heydər Əliyevin gördüyü misilsiz işlərdən danışıb: “Azərbaycanın inkişaf edərək dirçəlməsində və onun müstəqil və suveren ölkə kimi nüfuz qazanmasında Ulu Öndərin misilsiz xidmətləri var. Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması, çoxəsrlik tarixi ənənələrin və ümumiyyətlə Azərbaycan xalqının azadlıq və müstəqillik yolunda milli-mənəvi mirasının yaşadılmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Burada təqdim olunan Ümummilli Liderə aid hazırlanmış tammətnli elektron resursların önəmi ondadır ki, bundan müxtəlif qurumların, dövlət orqanları və təşkilatların bəhrələnmək imkanları olacaq. Ulu Öndər Heydər Əliyev müasir, müstəqil Azərbaycanın tarixində misilsiz, müstəsna rol oynamış şəxsiyyətdir. Ulu Öndər hər cəhətdən zamanını qabaqlayan liderlərdən idi. Heydər Əliyevin dahiliyi onda idi ki, o, bir çoxlarının vaxtında dərk edə bilmədiyi, anlaya bilmədiyi mətləbləri, hədəfləri öz uzaqgörənliyi sayəsində zamanında həll edə bilib. Bunun da sayəsində biz bu gün müasir, inkişaf etmiş, güclü bir dövlətdə yaşayırıq".

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova deyib: "Ümummilli Liderin irsi o qədər geniş və böyükdür ki, onun öyrənilməsi və araşdırılması üçün böyük İnstitutlar lazımdır. Ulu Öndər haqqında hansısa araşdırma aparmaq, məqalə yazmaq və layihə üzərində işləmək böyük bir məsuliyyət tələb edir. Bu özlüyündə bir günün işi deyil, bunun hazırlanmasına illər lazımdır. Bu gün fəxr edirik ki, Ümummilli Lider Heydər Əliyev kimi rəhbərimiz olub və o, özünün üstün şəxsiyyəti, hər hərəkəti ilə daim bizə örnəkdir. Bu gün də Ulu Öndərin layiqli davamçısı İlham Əliyev onun vəsiyyətlərini, ideyalarını layiqincə həyata keçirir. Biz xoşbəxt xalqıq ki, belə bir dövlətdə yaşayırıq və belə bir zəngin tariximiz var”.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub, həmçinin Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş geniş foto və kitab sərgilərinə baxış keçirilib.

 

İki sahil.-2023.-9 may.-№79.-S.4.