UNESKO ilə məhsuldar əməkdaşlığın nəticəsi olaraq Azərbaycanda iki sahə - İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Zəngin və qədim mədəniyyətimizin digər mühüm elementləri sırasında musiqi xəzinəmizin inciləri - muğam və aşıq sənəti, həmçinin bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir.

Mehriban ƏLİYEVA Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Bir neçə gündür ki, Azərbaycan paytaxtında UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir. Bu fakt bir tərəfdən qarşılıqlı inam və etimada söykənən Azərbaycan - UNESKO əməkdaşlığının qərar tutduğu səviyyədən xəbər verirsə, digər tərəfdən də gündən-günə inkişaf edən Bakının bütün beynəlxalq təşkilatların mötəbər tədbirlərinə evsahibliyi etməsinin növbəti təzahürü kimi qiymətləndirilir.

Xatırladaq ki, Azərbaycan Respublikasının BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı - UNESKO-ya üzv qəbul olunmasından 27 il ötür. Azərbaycan Respublikası UNESKO-ya 1992-ci il iyunun 3-də üzv qəbul olunmuşdur. Azərbaycanın UNESKO ilə əlaqələrinin genişləndirilməsi isə, 1993-cü ilin ikinci yarısından, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra başlanmışdır. UNESKO ilə Azərbaycan Respublikası arasındakı əlaqələr 2004-cü ildə Mehriban xanım Əliyevanın UNESKO-nun xoşməramlı səfiri seçilməsindən sonra daha sürətlə inkişaf etməyə başlamışdır. Onun səyləri nəticəsində ölkəmizin maddi və qeyri-maddi mədəni irs nümunələri UNESKO-nun müvafiq siyahılarında yer almışdır.

İki il qabaq - Azərbaycan - UNESKO əlaqələrinin 25 illiyi ilə əlaqədar olaraq Prezident kitabxanasında “Azərbaycan - UNESKO əlaqələri” adlı elektron layihə hazırlanmışdır. İnternet istifadəçilərinə təqdim edilən bu layihə 2 versiyada - Azərbaycan və ingilis dillərindədir. İstifadəçilər layihədə UNESKO haqqında və Azərbaycan - UNESKO əlaqələrinə dair ətraflı məlumat ala bilirlər. Layihə vasitəsilə istifadəçilərə bu mövzuda 100-dək kitabın elektron variantını özündə əks etdirən elektron kitabxana da təqdim edilir. Elektron layihəni Prezident kitabxanasının kitabxana işinin avtomatlaşdırılması və elektron resurslar şöbəsi hazırlamışdır.

Açılış mərasimi iyunun 30-da keçirilmiş sonuncu tədbirə gəlincə isə, qeyd etməliyik ki, bu sessiya möhtəşəm əməkdaşlıq ənənələri əsasında keçirilir. Belə ki, 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla evsahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir həmin qurumun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına evsahibliyi etmək hüququ əldə edib. Gənc müstəqil dövlətimiz üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

Prezident İlham Əliyev iyunun 30-dan iyulun 10-dək davam edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq sərəncam imzalayıb. Bununla da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi təşkil olunub.

Yeri gəlmişkən, iyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UNESKO-nun Baş direktoru xanım Odre Azulenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də tərəflər arasındakı əməkdaşlığın keçmişi və gələcək perspektivləri müzakirə edilib. Xanım Odre Azule Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfəni yüksək qiymətləndirib. Qonaq ölkəmizdə mədəni və tarixi irsin həm qorunması, həm də təbliği istiqamətində görülən işlərin əhəmiyyətini qeyd edib. O, Azərbaycanın Elm Muzeyinin təsis edilməsi təşəbbüsünə UNESKO-nun dəstək verdiyini bildrib. Prezident İlham Əliyev isə bildirib ki, ölkəmizdə mədəni və təbii irsin qorunması gündəlikdə duran ən önəmli məsələlərdən biridir.

Bilavasitə komitənin Bakı sessiyasına qayıdaraq qeyd edək ki, açılış mərasimində çıxış edən Birinci vitse-prezident Mehriban Əliyeva xatırladıb ki, biz iyunun əvvəlində Azərbaycanın UNESKO-dakı üzvlüyünün 27-ci ildönümünü qeyd etdik. Bu illər ərzində biz mədəniyyət, təhsil, elm, kommunikasiya, gənclər və idman kimi bir çox sahələrdə uğurlu əməkdaşlıq qura bildik: “Bu gün biz fəal təmsilçilik və verdiyimiz töhfələrlə UNESKO-nun proqramlarında iştirak edirik. Dünyanın mədəni irsinin qorunması Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Eyni zamanda, bizim tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır”.

Birinci vitse-prezident qeyd edib ki, ölkəmizin UNESKO-nun dəyərlərinə və ideallarına bağlılığı onun milli hüdudlarından kənarda da öz təzahürünü tapır: “Son 10 il ərzində dünya mədəni irsin qorunması sahəsində apardığımız fəaliyyətin coğrafiyası geniş olmuşdur. Bununla belə, müharibələr və hərbi münaqişələr bəşəriyyətin mədəni irsinə hər zaman ciddi təhdid olmuşdur. Hərbi təcavüz nəticəsində, eləcə də beynəlxalq hüququ və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizini, o cümlədən Dağlıq Qarabağı və yeddi ətraf regionu bu gün də işğal altında saxlamaqda davam edir. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Yüzlərlə tarixi və memarlıq abidəsi, muzeylər, məscidlər və digər dini məbədlər dağıdılıb, yaxud ciddi dağıntıya məruz qalıb. Bu səbəbdən Azərbaycan mədəniyyət mülkiyyətinin qorunmasına aid müvafiq beynəlxalq konvensiyaların səmərəli icrasında çox maraqlıdır. Düşünürəm ki, bu sahədə görüləcək işlər hələ də çoxdur və UNESKO bu baxımdan mühüm rol oynamalıdır”.

UNESKO-nun Baş direktoru Odre AZULE də öz çıxışında mühüm və maraqlı məqamlara toxunaraq demişdir ki, biz yeni minillikdə, belə möhtəşəm sarayda - memar Zaha Hadidin dizaynına, onun üslubuna uyğun yaradılmış bir sarayda ... həm Birləşmiş Ştatları, Çini, İranı, Rusiyanı, Burkina-Fasonu, həm də Böyük Britaniya və bütün digər dünya dövlətlərini narahat edən məsələləri müzakirə edirik. Bu, onu göstərir ki, məhz mədəni irsə gəldikdə bütün dünya ölkələri bu məsələləri birgə müzakirə edir. Bu gün biz müzakirə edəcəyimiz məsələlərin siyahısını hazırlamışıq. Bu, kifayət qədər böyük bir siyahıdır. Biz bu gün bir məqsədlə toplaşmışıq ki, universal dəyərə malik olan sahələr haqqında söhbət aparaq. Son zamanlar biz Rio muzeyində, həmçinin Parisdəki Notr-Dam kilsəsində dağıdıcı yanğınların şahidi olduq. Bu hadisələr baş verdikdən sonra biz görürük ki, dünya mədəni irsi nə qədər həssas vəziyyətlərlə üzləşir. UNESKO ilk cərgələrdə gedərək beynəlxalq həmrəyliyin təzahürüdür. Biz bu gün sülh istəyirik, istəyirik sülh qurulsun”.

Biz isə fəxr edirik ki, hər il 10-15 dəfə mötəbər beynəlxalq təşkilatların mühüm tədbirlərinə evsahibliyi edən Azərbaycan paytaxtından dünya ictimaiyyətinə sülh, əmin-amanlıq çağırışları səsləndirilir. Çünki bizim xalqımız da, dövlətimiz də məhz xanım Odre Azule ilə eyni mövqedədir: “Biz bu gün sülh istəyirik, istəyirik sülh qurulsun”.

İttifaq MİRZƏBƏYLİ

 


Xalq qəzeti. - 2019.- 3 iyul. - № 141. - S. 1-2.