Prezident kitabxanasının "Azərbaycanlıların soyqırımı və deportasiyası" elektron resursu yenilənmişdir.

Azərbaycan, ingilis və rus dillərində hazırlanmış elektron resursda internet istifadəçilərinə tarixi Azərbaycan torpaqlarında ermənilərin özlərinə dövlət yaratmaq səyləri, "Erməni vilayəti"nin təşkili, ermənilərin İrandan və Türkiyədən köçürülüb gətirilməsi, 1905-1906-cı illər qırğınları, 1918-1920-ci illər soyqırımı, Bakı, Şamaxı, Quba, Qarabağ, İrəvan, Zəngəzur qırğınları, azərbaycanlıların Ermənistandan 1948-1953-cü və 1988- 1989-cu illərdə deportasiyaları, Dağlıq Qarabağda və ətraf rayonlarda ermənilərin törətdikləri qanlı əməllər və digər hadisələr barədə xronoloji ardıcıllıqla məlumat verilir (www.preslib.az).

Elektron resursun "Sənədlər" bölməsindəki materiallardan görünür ki, 1826-1828-ci illərdə Rusiya-İran, 1828-1829-cu illərdə Rusiya-Türkiyə müharibələrindən dərhal sonra İran və Türkiyədən köçürülən 130 minə yaxın erməni, əsasən, İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılmışdır. Bu müharibələr nəticəsində 359 Azərbaycan kəndi dağıdılmışdır.

Sovet hakimiyyəti qurmaq adı altında Bakıda hakimiyyəti ələ keçirən ermənilər, 1918-ci il martın 30-u, 31-i və aprelin 1-də bolşevik Rusiyasının hərbi yardımı ilə Bakıda soyqırım törədərək 15 min azərbaycanlını qətlə yetirmişlər. Həmin ilin mart-aprel-may aylarında ermənilər Şamaxıda, Qubada, Xaçmazda, Ağsuda, Kürdəmirdə, Göyçayda, Salyanda, Lənkəranda kütləvi qırğınlar törətmiş, 50 mindən artıq soydaşımızı amansızlıqla qətlə yetirmişlər. Qırğınlar İrəvan quberniyasının ərazisində, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Qars vilayətində daha amansız şəkildə törədilmişdir. Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə quberniyasında 272 (o cümlədən Zəngəzurda 115, Qarabağda 157), İrəvan quberniyasında 300, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-etnik torpaqlarından didərgin salınmışdır. 1919 və 1920-ci illərdə Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə martın 31-i milli matəm günü kimi qeyd olunmuşdur.

1948-1953-cü illərdə SSRİ hökumətinin qərarı ilə yüz mindən artıq azərbaycanlı indiki Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar.

Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli mövqeyindən istifadə edən erməni millətçiləri 1988-ci ildə Dağlıq Qarabağı Ermənistana birləşdirməyə cəhd göstərdilər. Ermənistan SSR Ali Soveti sessiyasının məxfi göstərişinə əsasən, 1988-ci il noyabrın 22-dən 28-dək olan müddətdə 22 rayonda soydaşlarımız yaşayan 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış məntəqəsi azərbaycanlılardan təmizlənmiş, nəticədə 200 mindən artıq azərbaycanlı, 18 min müsəlman kürd, min nəfərdən çox rusdilli əhali Azərbaycana pənah gətirmişdir. Həmin vaxt 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca müxtəlif dərəcəli bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur.

Ermənistan silahlı qüvvələri Azərbaycanın 12 rayonunu işğal etmiş (ərazisinin 20 faizi), 20 minə yaxın Azərbaycan vətəndaşını öldürmüş, 4 minə yaxın adam girov götürmüşdür ki, onların da əksəriyyətini uşaqlar, qadınlar və qocalar təşkil edir. Bir milyona yaxın azərbaycanlı erməni təcavüzü nəticəsində məcburi köçkünə və qaçqına çevrilmişdir. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı isə dünya tarixində bənzəri olmayan vəhşiliyin nümunəsidir.

Azərbaycanlıları tarixi-etnik torpaqlarından təmizlədikdən sonra rəsmi Ermənistan mənəvi soyqırım - türk mənşəli toponimləri ermənicələşdirmək aksiyasını da həyata keçirmişdir. Son vaxtlara qədər Ermənistanda mövcud olan türk mənşəli 664 toponim dəyişdirilmiş, soydaşlarımızın yaşadığı 254 kənd ölü zonaya çevrilərək yaşayış məntəqələrinin siyahısından silinmişdir.

1918-ci ildə imzalanan Batum müqaviləsinə əsasən təqribən 10 min kvadratkilometr ərazisi olan Ermənistan öz ərazisini 1988-ci ilədək təqribən 30 min kvadratkilometrə çatdırmışdır. Hazırda isə təqribən 16 min kvadratkilometr Azərbaycan ərazisini də işğal edərək öz nəzarəti altında saxlayır.

Bu gün təcavüzkar Ermənistan, havadarlarının köməyi ilə işğal etdiyi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində ikinci bir erməni dövləti qurmaq istəyir. Lakin Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, bugünkü Ermənistan dövləti əzəli Azərbaycan torpağında yaradılmışdır və Azərbaycan heç vaxt imkan verməyəcək ki, ərazisində ikinci erməni dövləti yaradılsın.

Elektron nəşrin yenilənmiş variantında kitabxananın əməkdaşları tərəfindən bu mövzuya aid Azərbaycan, ingilis və rus dillərində olan 50 adda kitabın elektron versiyası hazırlanaraq istifadəçilərə təqdim olunur.

AzərTAc

 


Azərbaycan.-2010.-31 mart.-N 66.-S.2.