Bəşər tarixinin yaddaşına yüzlərlə müharibələr, səlib yürüşləri, qırğınlar, soyqırımları haqqında məlumatlar həkk olunub. Dinc əhaliyə qarşı qırğınlar törədənlər isə hər zaman lənətləniblər və bir çox hallarda cəzalandırlıblar. İkinci Dünya müharibəsindən sonra insanlığa qarşı soyqırımı cinayəti törədənlərə qarşı beynəlxalq tribunallar yaradılıb və təqsirkarlara müəyyən cəzalar kəsilib. Nürnberq və Tokio (1945), Yuqoslaviya (1993), Ruanda (1994), Şərqi Timor (2000), Sierra Leone (2002), Livan (2007) və s. məhkəmələr məhz bu məqsədlərlə yaradılmışdır. 1992-ci il fevralın 26-da Ermənistan ordusu tərəfindən törədilən Xocalı soyqırımı da xarakter etibarı ilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarı ilə Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Hazırda dünyanın 17 ölkəsi parlament səviyyəsində, ABŞ-ın 22 ştatı qanunvericilik orqanı səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı və s. qurumlar Xocalı soyqırımını rəsmən tanımışdır.

Lakin Xocalı soyqırımını törədən cəlladlar 30 ildir ki, azadlıqda gəzirlər. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşlarının Azərbaycan, ingilis və rus dillərində istifadəçilərə təqdim etdikləri “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı elektron nəşrin materialları bir növ ittiham aktıdır və əlaqədar beynəlxalq təşkilatları, ayrı-ayrı dövlətləri Xocalı cəlladlarını insanlıq naminə cəzalandırmağa və bu bəşəri cinayətə hüquqi qiymət verməyə səsləyir.

Prezident Kitabxanasından AZƏRTAC-a bildirilib ki, elektron nəşrə daxil olan materiallar 9 bölmədə qruplaşdırılmışdır. “Xocalı soyqırımı” adlanan bölmədə Dağlıq Qarabağ münaqişəsinin qısa tarixçəsi, Xocalı soyqırımının miqyası haqqında istintaq materialları, zərərçəkənlərin ifadələri, tibbi ekspertiza rəyləri və s. materiallar toplanılmışdır. “Xocalı şəhidləri” bölməsində şəhidlərin siyahısı ayrı-ayrı kateqoriyalar üzrə istifadəçilərə təqdim edilir. “Rəsmi materiallar” bölməsində Xocalı soyqırımının tanıdılması istiqamətində dövlət səviyyəsində atılan addımlar, qəbul edilən qərarlar, beynəlxalq təşkilatlara müraciətlər, Xocalı faciəsinin beynəlxalq hüquq normaları baxımından soyqırımı kimi tövsif edilməsi haqqında rəsmi sənədlər toplanılmışdır. “Xocalı soyqırımının əks-sədası” bölməsində isə bu günədək Xocalı soyqırımı ilə bağlı yerli və xarici mətbuatda dərc olunan, elektron kütləvi informasiya vasitələrində əksini tapan seçmə materiallar yerləşdirilmişdir. Bu bölmədə həmçinin Heydər Əliyev Fondunun Azərbaycan tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlər, müxtəlif dillərdə çap etdirdiyi nəşrlər haqqında məlumatlar toplanılmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin mayından etibarən “Xocalıya ədalət” devizi altında beynəlxalq kampaniya çərçivəsində həyata keçirilən tədbirlər haqqında materiallar xronoloji ardıcıllıqla toplanaraq ayrıca bölmə şəklində istifadəçilərin diqqətinə çatdırılır. “Xocalı soyqırımının tanınması” bölməsində ayrı-ayrı beynəlxalq təşkilatlarda və dövlətlərin qanunvericilik orqanlarında, müəyyən inzibati qurumlar tərəfindən qəbul edilən sənədlər və müraciətlər, onlar haqqında məlumatlar istifadəçilərin diqqətinə çatdırılır. “E-Resursalr” bölməsində müxtəlif dillərdə Xocalı soyqırımından bəhs edən 100-ə yaxın kitabın elektron versiyası və bu faciə barəsində yaradılan saytların siyahısı təqdim edilir. Elektron nəşrin “Biblioqrafiya” bölməsində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımları və kütləvi qırğınlar haqqında ətraflı məlumat verən 424 kitabın və 4100 məqalənin biblioqrafik təsviri verilmişdir.

İstifadəçilər təqdim edilən “Fotoittiham” bölməsi özlərini dünyaya “mədəni xalq” kimi təqdim etməyə çalışan erməni barbarlarının əsl simasını ortaya qoyur. “Fotoittiham”da öz əksini tapan 80-dən artıq şəkil “Reuters” agentliyinin fotomüxbirləri Fredierik Lengeynin və Xalid Əsgərovun, rusiyalı jurnalist Viktoriya İvlevanın, AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun, reportyor Çingiz Mustafayevin hadisə yerlərindən çəkdikləri foto və video materiallar əsasında hazırlanıb. Bu bölmədə nümayiş etdirilən tükürpədici şəkillər hər bir istifadəçidə ermənilərin dünyanın ən qəddar və vəhşi qəbiləsi olması təəssüratını yaratmağa xidmət edir.

https://khojaly.preslib.az/ domenində yerləşdirilən “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı tammətnli elektron nəşr mütəmadi olaraq yenilənilir.

 

 

AZƏRTAC.-2022.-24 fevral.