Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin tarixinin araşdırılması istiqamətində son dövrdə ciddi addımlar davam etdirilir. Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın (Nazim Mustafayev) “İrəvan şəhəri” adlı kitabı çap olunub. Kitab Prezident Kitabxanasının “İrəvan şəhəri” layihəsinin yenilənmiş versiyası əsasında, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin dəstəyi ilə ərsəyə gəlmişdir. Bu kitabın ilkin və yığcam variantı 2015-ci ildə Ankaradakı “Berkan Yayınevi” nəşriyyatında “İrevan şehri. Türk-İslam varlığı nasıl yok edildi” adı ilə nəşr edilmişdi. 10 fəsil və 22 bölmədən, 292 səhifədən ibarət olan kitabda Azərbaycanın qədim siyasi və mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin tarixi keçmişi, ermənilərin İrəvan şəhərində və onun ətrafında məskunlasşmaları prosesi, şəhərin əhalisinin etnik tərkibi, memarlıq abidələri və onların aqibəti, sənətkarlıq nümunələri, İrəvan teatrı, ədəbi mühiti, mətbuatı, elm, mədəniyyət və dövlət xadimləri barədə ətraflı məlumat verilir.  Kitab tarixçilər, tədqiqatçılar, tələbələr, analitiklər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.