Azərbaycan təhsilə və elmə böyük töhfə vermiş alim və mütəfəkkirlər diyarıdır. Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələni əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazımbəy, Yusif Məmmədəliyev kim yüzlərlə nəhəng alim və filosoflar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.

“Azərbaycan Respublikasında “Bilik Günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən, ölkənin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır və həmin gün "Bilik günü" kimi qeyd edilir. 2004-cü ilə qədər isə tədris müəssisələrində dərslər sentyabrın 1-də başlanırdı.

"Bilik Günü"nün təntənəli keçirilməsi xalqımız tərəfindən Azərbaycan dövlətinin təhsilə böyük önəm verdiyinin nümunəsi, vətəndaşlara, gənc nəslin bilikli, savadlı, dünyagörüşlü yetişməsinə qayğısı kimi qəbul edilir. Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, "Bilik Günü" bütün ölkə məktəblərində hər il böyük təntənə ilə qeyd edilmişdir. "Bilik Günü” məktəbə ilk dəfə qədəm qoyan uşaqların yaddaşına ömürlük həkk olur. Həmin gün anasının arxasınca ağlayan, məktəbə getməyə etiraz edən uşaqların göz yaşları tez bir zamanda müəllimlərin mehriban qayğısı nəticəsində sevinclə əvəz olunur. Uşaqlar sinif müəlliminin qayğısını gördükcə, sinif dostları ilə ünsiyyət qurduqca hər şey yaddan çıxır. Məktəbin vəzifəsi balaca uşaqlarda dünyanı dərk etməyi aşılamaq, onlara ilk hərf, ilk nağıl, ilk hesablama bacarıqlarını verməklə, dünyagörüşünü, Ana vətənə sevgini formalaşdırmaq və nəhayətdə təhsil müddətini başa vuraraq bilikli və ləyaqətli vətəndaş yetişdirməkdən ibarətdir. Ulu öndər Heydər Əliyev demişdir: “Mən müəllimdən yüksək vəzifə tanımıram”. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrət Əli isə müəllimə belə dəyər vermişdir: “Mənə bir hərf öyrədənin köləsi olaram”.

Hazırda məktəblərimizdə öz sənətini sevən, müasir təlim-tərbiyə metodlarına yiyələnmiş, şagirdlərə sevgi və qayğı ilə yanaşan, onlara yüksək bilik verməyi bacaran, şagirdlərdə Vətən sevgisi, Vətəni qorumaq, torpaqları düşmənlərdən azad etməyə hazır olmaq hissləri aşılamağı bacaran müəllimlər çoxdur.

Son illər məktəblərin maddi-texniki bazasının zənginləşdirilməsi, müasir İKT avadanlıqları ilə təchizatı dövlətin daim diqqətindədir. Ağıllı lövhələr, kompüterlər və digər qurğuların müəllim və şagirdlərin istifadəsinə verilməsi təqdirəlayiqdir. Ölkə Prezidenti İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın yeni tikilmiş və təmir olunmuş məktəblərin açılışında şəxsən iştirak etmələri, öz tapşırıqlarını təhsil ictimaiyyətinə çatdırmaları təhsilin keyfiyyətinin artırılmasında mühüm rol oynayır.

Heydər Əliyev Fondu tərəfindən keçirilən təhsil layihələri artıq bir ənənə halını almışdır. Uşaq evləri, xüsusi tip təhsil müəssisələrinə Mehriban xanımın qayğısı əvəzolunmazdır. Uzun illər təmirə ehtiyacı olan bir çox ucqar kənd məktəblərinin təmiri, tikintisi, təchizatı problemlərini Heydər Əliyev Fondu həll edir.

Son illər Azərbaycanda 3000-dən çox yeni məktəb və məktəbəqədər təhsil müəssisəsi tikilmiş və yaxud əsaslı təmir edilmişdir. Ucqar kənd məktəblərinin coğrafi şəraiti nəzərə alınaraq çoxlu sayda modul tipli məktəblər inşa olunmuşdur. Dünyanın ən ağır iqtisadi vəziyyətdə olması, pandemiya şəraitində təhsilə olan dövlət qayğısı Prezident İlham Əliyevin xalqa və təhsilə olan böyük qayğısının nəticəsidir. Bu il təkcə Bakı şəhərində 14 məktəb tikiləcək və ya təmir olunacaqdır. “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2020-ci il tarixli Sərəncamına əsasən respublika ərazisində modul tipli daha 26 məktəb inşa ediləcəkdir.

Pandemiya ilə əlaqədar bu il məktəblərdə “Bilik Günü” fərqli qaydada qeyd ediləcəkdir. Əsas olan təhsilə və pedaqoji kollektivlərə dövlət qayğısının gündən-günə daha da artması, təhsil ocaqlarımızda xalqımıza, Vətənimizə layiqli övladların yetişdirilməsidir.