Prezident Kitabxanasında “XX əsrin faciəsi-Xocalı soyqırımı” adlı geniş kitab sərgisi açılıb. Sərgidə Xocalı soyqırımına dair kitabxananın fondunda saxlanılan müxtəlif dillərdə kitab, jurnal və qəzet nüsxələri nümayiş etdirilir. Kitabxananın saytında yerləşdirilən və eyniadlı elektron toplunun “Elektron resurslar” bölməsində Xocalı soyqırımına həsr olunmuş 80 adda kitabın elektron versiyası, 310 adda kitabın və 3050 məqalənin elektron biblioqrafiyası, 1400 qəzet və jurnal məqaləsinin tam mətnləri istifadəçilərə təqdim edilir. 
Təqdim edilən materiallarda erməni faşizminin dinc azərbaycanlıları məruz qoyduğu dəhşətli soyqırımı aktının, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş bu amansız cinayətin tam mənzərəsi bir daha istifadəçilərin diqqətinə çatdırılır. Xalqımız əmindir ki, Xocalı soyqırımını törədən cinayətkarların beynəlxalq məhkəmə qarşısında cavab verəcəyi gün uzaqda deyil. Bu əminliyi Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük vətən müharibəsində qazandığı tarixi qələbə şərtləndirir.