Görüşlər

Avqustun 20-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mayıl Əhmədov qeyd etmişdir ki, İrəvan xanlığının tarixi Azərbaycan xalqının min illər boyu yaratdığı maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsidir.
Kitabxananın direktoru bildirmişdir ki, hazırda Almaniyada yaşayan Əmir Əli Sərdari İrəvani İrəvan xanı Hüseynəli xanın nəslinin nümayəndəsidir. İrəvanın bir şəhər kimi çiçəklənməsi məhz Hüseynəli xan və onun övladlarının hakimiyyəti dövrlərinə təsadüf edir. Bu gün İrəvanda yaşı 250 ildən artıq olan yeganə tarixi-memarlıq abidəsi Göy məscid kompleksidir. Həmin kompleks məhz Hüseynəli xanın dövründə 1760-1765-ci illərdə inşa edilmişdir.
Əmir Əli çıxış edərək İrəvan şəhərini qurub yaradanların Azərbaycan türkləri olduqlarını qeyd etmiş, Hüseynəli xan nəslinin şəcərəsi haqqında, onların məskunlaşdıqları yerlər haqqında geniş məlumat vermiş, nəsillər arasında əlaqələrin vacibliyini vurğulamışdır.

2019-cu il iyunun 25-də Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru Amerxan Raximjanovun başçılıq etdiyi nümayəndə heyəti Prezident Kitabxanasında olmuşdur. Kitabxananın direktoru Mayıl Əhmədov görülən işlər barəsində qonaqlara ətraflı məlumat vermiş, bu cür görüşlərin kitabxanalar arasında əməkdaşlığın genişləndirilməsində və təcrübə mübadiləsinin həyata keçirilməsində böyük əhəmiyyəti olduğunu vurğulamışdır. Nümayəndə heyətinin rəhbəri A.Raximjanov başçılıq etdiyi kollektivin gördüyü işlər haqqında ətraflı məlumat vermişdir. Hər iki kitabxana arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi barəsində ümumi razılığa gəlinmişdir.

2019-cu ilin may ayının 6-da Belarus Respublikası Prezident Kitabxanasının əməkdaşları – Belarus Prezident Kitabxanasının Belarus Respublkasının Prezidentinin İqamətgahındakı filialın müdiri Tatyana Lıçaqina və fondla iş sektorunun müdiri Nataliya Mizavtsova Prezident Kitabxanasında olmuşlar. Qonaqlarla kitabxananın aparıcı mütəxəssisləri arasında işgüzar görüş keçirildi. Görüşdə hər iki Prezident Kitabxanasının fəaliyyət istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparıldı, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin faydalı olacağı vurğulandı. Qonaqlar Prezident Kitabxanasının fondları və oxu zalları ilə tanış oldular. Görüşün sonunda xatirə hədiyyələri təqdim edildi.

2018-ci ilin dekabr ayının 12-də Qazaxıstan Respublikasının Birinci Prezidentinin - Elbası Kitabxanasının sosial-humanitar və təhsil layihələri xidmətinin rəhbəri Kunslu Serikovna İsinova və həmin xidmətin aparıcı eksperti Akbota Kamoyovna Xamitova Prezident Kitabxanasında oldular. Konfrans zalında qonaqlarla kitabxananın aparıcı mütəxəssislərinin görüşü zamanı hər iki Prezident Kitabxanasının fəaliyyət istiqamətləri barədə ətraflı informasiya mübadiləsi aparıldı, müzakirələrdə yeni layihələrin hazırlanması zamanı qarşılıqlı təcrübədən yararlanmağın faydalı olacağı vurğulandı.
Qonaqlar Kitabxananın fondları və oxu zalları ilə tanış oldular. Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim edildi.

19 mart 2018-ci il tarixində İFLA-nın keçmiş prezidenti, tanınmış Kanada kitabxanaçısı xanım İnqrid Parent Prezident Kitabxanasında olmuşdur.
Görüş zamanı xanım Parent Azərbaycan və Kanada kitabxanaları arasında əlaqələr qurulması, əməkdaşlığın təşkil edilməsi zərurətini qeyd etmiş və ölkəsinə qayıtdıqdan sonra bu istiqamətdə fəaliyyət göstərəcəyini bildirmişdir. Daha sonra qonaq Xatirə kitabına öz təəssüratını və kollektivə arzularını yazmışdır. Görüşün sonunda Kitabxananın direktoru Mayıl Əhmədov kanadalı qonağa Azərbaycanın tarixi və mədəniyyəti barədə kitabları hədiyyə etmişdir.

Fevralın 28-də məşhur ingilis tədqiqatçısı və yazarı Qrem Vilson Prezident Kitabxanasının qonağı olmuşdur.
Kitabxananın direktoru Mayıl Əhmədov kitabxananın əməkdaşları tərəfindən yaradılan “Azərbaycan Xalq Cümhuriyyəti” və “Azərbaycan. Dövlət rəmzləri və atributları” elektron nəşrlərinin ingilis dilində versiyalarını qonağın diqqətinə çatdırmışdır. Q.Vilson Prezident Kitabxanası ilə əməkdaşlıqdan məmnun olduğunu bildirmiş və kitabxanada görülən işləri yüksək qiymətləndirmişdir.

14 aprel 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sputnik-ə müsahibəsi barədə nəşr edilmiş albom-soraqça Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev tərəfindən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədova təqdim olunub. Albom-soraqça Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi müsahibənin nəticələrinə əsasən hazırlanmışdır. Görüşdə Əziz Əliyev albom və orada toplanmış materiallardan söz açıb.

18 yanvar 2017-ci ildə məşhur fransız yazıçısı Jerar Kardon Azərbaycana səfəri çərçivəsində Prezident Kitabxanası ilə tanış olmuşdur. Azərbaycan qadınına həsr olunmuş roman üzərində işlədiyini bildirən yazıçı kitabxananın fondunda görkəmli dövlət, mədəniyyət və elm xadimləri olan Azərbaycan qadınlarına aid kitablarla maraqlanmış, kitabxananın nadir, incəsənət və xarici ədəbiyyat fondları ilə tanış olmuşdur. Kitabxana ilə tanışlıqdan məmnun qaldığını bildirən Jerar Kardon Kitabxananın Xatirə kitabına öz ürək sözlərini yazmışdır.

18 oktyabr 2016-cı ildə Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Prezident Kitabxanasında olmuşdur. Kitabxananın kollektivini dövlət müstəqilliyimizin 25-ci ildönümü münasibətilə təbrik edən qonaq kitabxananı gəzmiş, burada yaradılmış elektron resurslarla ətraflı tanış olmuşdur. Görüşün sonunda Əhməd Samiyə Mədəniyyət Mərkəzinin kitabxanasında istifadə etmək üçün Azərbaycanın tarixinə, mədəniyyətinə, musiqisinə dair nəşrlər hədiyyə verilmişdir.

2016-cı ilin iyul ayının 12-də OCLC (Online Computer Library Center -Onlayn Kompyuter Kitabxana Mərkəzi) nümayəndələri Sezen Tan, Sinan Tan və Catherine Fureti Prezident Kitabxanasında olmuşlar. Görüşdə OCLC çərçivəsində dünya kitabxanalrının qlobal fəaliyyətləri haqqında söhbət açılmış, Worldcat sisteminə - Dünya kataloquna qoşulmaq məqsədilə əməkdaşlıq imkanları müzakirə edilmişdir.

2015-ci ilin may ayının 15-də Türkiyənin Mədəniyyət Nazirliyinin Kitabxanalar və yayımlar baş idarəsinin material təchizatı müdiri Ender Güngör Prezident Kitabxanasında olmuşdur. Görüş zamanı Prezident Kitabxanasının Turkiyədə nəşr olunan kitabların və dövri nəşrlərin alınması üçün əməkdaşlıq haqqında danışıqlar aparılmışdır. Qonaq kitabxananın fəaliyyəti ilə tanış olmuş və kitablar hədiyyə etmişdir.

6 aprel 2015-ci ildə Azərbaycanda səfərdə olan Mərakeş Milli Kitabxanasının direktoru Driss Khrouz Prezident Kitabxanası ilə tanış olmuşdur. Kitabxananın kollektivi ilə görüşdə Driss Khrouz Mərakeş Milli Kitabxanası barədə ətraflı məlumat vermiş, Milli Kitabxanada fondun rəqəmsal formata keçirilməsi və informasiya texnologiyalarının tətbiqindən danışmışdır.