Kitabxananın fəaliyyətinin əsas istiqamətləri - Kitablar və digər sənəd növləri üzrə fondlar formalaşdıraraq informasiya ehtiyatları yaratmaq, onları mühafizə etmək, həmin fondları özündə əks etdirən mükəmməl ənənəvi və elektron kataloq-kartoteka və biblioqrafik vəsaitlər sistemini tətbiq etmək, onu daim inkişaf etdirməklə bu fondları oxucuların hərtərəfli istifadəsinə verməkdən ibarətdir.
Fondumuz - Kitabxananın fondunda XVI - XIX əsrlərdə və XX əsrin əvvəllərində nəşr olunmuş müxtəlif dillərdə olan nadir ədəbiyyat nümunələri saxlanılır. Fondda iqtisadiyyata, siyasətə, dövlət quruculuğuna, hüquqa, fəlsəfəyə, statistikaya, tarixə, ədəbiyyatşünaslığa və dilçiliyə dair ədəbiyyat üstünlük təşkil edir. Kitabxananın dövri mətbuat fonduna respublikamızda və digər ölkələrdə çap edilən 250 adda jurnal, qəzet və digər dövri nəşrlər daxil olur. Hazırda Kitabxanada fondun elektron nəşrlərlə komplektləşdirilməsi sahəsinə xüsusi diqqət yetirilir.
Kitabxana proseslərinin avtomatlaşdırılması sistemi - Kitabxanada müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verilir. Kitabxanada lokal kompüter şəbəkəsi yaradılmış, İnternetə çıxış təmin edilmişdir. Portativ kompüterləri olan oxucular kitabxananın oxu zalından İnternetə simsiz əlaqə sistemi ilə də qoşula bilərlər. Kitabxanada İRBİS Kitabxana Avtomatlaşdırılma Sisteminin son versiyasının (İRBİS 64) tam komplekti tətbiq edilmişdir. Bu sistem fondun komplektləşməsindən tutmuş, kitab verilişinədək bütün kitabxana proseslərinin avtomatlaşdırılmasını təmin edir. Sistem həm də oxuculara Kitabxanada hazırlanmış tammətnli verilənlər bazasından istifadə etməyə imkan verir. Bundan əlavə, hər bir İnternet istifadəçisi Kitabxananın Web səhifəsi vasitəsi ilə onun Elektron kataloqundan və digər elektron resurslarından istifadə edə bilər.
Soraq - biblioqrafiya aparatı və biblioqrafik xidmət - Kitabxanada Azərbaycan, rus və digər dillərdə olan ədəbiyyatı əks etdirən əlifba və sistemli kataloq tərtib edilmişdir. 2003-cü ildən etibarən Kitabxananın aldığı bütün kitablar haqqında məlumat Elektron kataloqa (EK) daxil edilir. 2004-cü ildən isə fonda daxil olan dövri nəşrlərdəki ən əhəmiyyətli materialların biblioqrafik təsvirləri də EK-nın tərkibindəki ayrı bir verilənlər bazasına daxil edilir. Kitabxanada müxtəlif təyinatlı biblioqrafik vəsaitlər də tərtib və nəşr edilir. EK-dan və biblioqrafik vəsaitlərin elektron variantlarından həm də Kitabxananın Web səhifəsi ilə də istifadə etmək olar. Kitabxana öz istifadəçilərinə tam həcmdə soraq-biblioqrafiya və biblioqrafik informasiya xidməti göstərir. Xüsusi oxucu qruplarına elektron poçt (E-mail) vasitəsilə də biblioqrafik informasiya xidməti göstərilir.
Kitabxanada ənənəvi kitabxana-biblioqrafiya xidmətləri ilə yanaşı, İnternetdən istifadə, müxtəlif təqdimatlar və mətbuat konfranslarının keçirilməsi, skaner, surətçıxarma, laminasiya və s. əlavə xidmətlərdən də istifadə etmək olar.
İncəsənət ədəbiyyatı zalı. İncəsənətin bütün sahələri üzrə 50 000 nüsxədən artıq ədəbiyyat, eləcə də klavir, not və patefon valları toplanmış bu geniş və rahat zal respublikamızda incəsənətin bütün sahələrini əhatə edən ən zəngin kitab fondlarından biridir. Burada həmçinin rəssamlıq, musiqi və teatr tarixinə aid nadir kitablar da saxlanılır.
Böyük oxu zalı. 56 oxucu yeri olan Böyük oxu zalının interyeri qədim Şərq memarlığı üslubunda yenidən bərpa olunmuşdur. Kitabxana proseslərinin avtomatlaşdırılması sisteminə uyğun olaraq, elektron vasitələrlə tam təchiz edilmiş zalda oxuculara müasir tələblərə cavab verən xidmət göstərilir.
Konfrans zalı. Prezident, dövlət idarəçiliyi və ölkəşünaslığa dair ədəbiyyatın biblioqrafiyası şöbəsi nəzdində fəaliyyət göstərən 100 yerlik Konfrans zalı müxtəlif tədbirlər - kitab təqdimatları, mətbuat konfransları, sərgilər, ədəbi-bədii görüşlər, oxucu konfransları keçirilməsi üçün nəzərdə tutulmuşdur.
Elektron resurslar zalı. Kitabxanada 14 oxucu yeri olan ən müasir elektron-informasiya avadanlıqları ilə təchiz edilmiş Elektron resurslar zalı fəaliyyət göstərir. Oxucular bu zalda kitabxanada yaradılmış bütün elektron resurslardan istifadə edə bilərlər. Zalda oxuculara hərtərəfli məlumat-biblioqrafiya xidməti ilə yanaşı, həm də müxtəlif texniki xidmətlər (surətçıxarma, skaner, laminasiya və s.) də göstərilir.
Nadir ədəbiyyat zalı (fondu). Fondda XVI-XIX əsrlərdə və XX əsrin əvvəllərində nəşr olunmuş rus, ingilis, alman, fransız, polyak, italyan, eston, isveç və s. dillərdə olan zəngin ədəbiyyat nümunələri toplanmışdır. Fondda həmçinin qotika şriftilə çap olunmuş qədim alman kitabları toplusu, “Kral Musiqi Akademiyasının təqdimatında Böyük Opera toplusu” (1703, 1734, 1739, fransız dilində), “Rusiya İmperiyasının adlı-sanlı tacirlər təbəqəsi” - 4 dildə (Həqiqi mülki müşavir H.Z.Tağıyevə təqdim olunmuş fəxri nüsxə), Baron de Bayın “Tatarlara: Dərbənddən Yelizavetpola” (fransız dilində), “Mirzə Şəfinin nəğmələri” - toplayanı F.Bodenştedt (1865, Berlin, alman dilində), “İki türk komediyası: M.F.Axundov. Sərgüzəşti-vəziri-xani-Lənkəran, Mürafiə vəkillərinin hekayəti” - tərtib edən Alfons Salyer (1888, Paris, fransız dilində) və s. nadir kitab nüsxələri də saxlanılır.
Şöbələr:
- Prezident, dövlət idarəçiliyi və ölkəşünasliġa dair ədəbiyyatın biblioqrafiyası
- Kitabxana fondu
- İnformasiya-biblioqrafiya və kitabxana xidməti
- Kitabxana işinin avtomatlaşdırılması və elektron resurslar
- Komplektləşdirmə, kitabişləmə və elektron kataloq
Bölmələr:
- İncəsənət ədəbiyyatı fondu
- Dövri mətbuat fondu
- Nadir ədəbiyyat fondu
- İnformasiya-biblioqrafiya xidməti
- Abonement
- Elektron informasiya nəşrləri
- Elektron nəşrlərin tərcüməsi



