Müasir tipli kitabxana informasiya cəmiyyətinin atributudur
Dünyanın əksər ölkələrində cəmiyyətə göstərilən kitabxana xidmətinin, sənəd-informasiya təminatının təşkili səviyyəsi milli prioritetə malik məsələ kimi qiymətləndirilir və bu sahənin inkişafına həm rəsmi orqanlar, həm işgüzar dairələr, həm də qeyri-hökumət təşkilatları tərəfindən böyük diqqət və qayğı göstərilir. Dünyanın inkişaf etmiş ölkələrində kitabxanalara həm də vətəndaşların informasiyaya azad müyəssərlik hüququnun reallaşdırıldığı bir məkan kimi də xüsusi önəm verilir. Belə bir yanaşma tərzi dünyanın BMT, YUNESKO və İFLA kimi ən nüfuzlu qurumlarının siyasətində və sənədlərində öz əksini tapmışdır.
Kitabxana siyasəti dövlətin həm iqtisadi, həm təhsil, həm mədəniyyət, həm də informasiya siyasətinin üst-üstə düşdüyü sahədir. Cəmiyyətin sənəd-informasiya tələbatının ödənilməsi funksiyasını həyata keçirən bir təsisat kimi kitabxanalar vətəndaş cəmiyyətinin formalaşmasında zəruri vasitə rolunu oynayır. Kitabxanaların informasiya resurslarının zaman və məkan məhdudiyyəti yoxdur. Digər tərəfdən, kitabxanalar mövcud sənədlərin saxlanc yeri olmaqla yanaşı, müasir texnologiyalar sayəsində informasiya dünyasına açılan qapı rolunu oynayır.
Hələ XX əsrin 90-cı illərinin əvvəllərindən informasiya cəmiyyətinin formalaşması konsepsiyası meydana çıxsa da, yalnız 2003-cü ilin dekabrında BMT və YUNESKO-nun Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti üçüncü minilliyin əsas vəzifəsini - informasiya cəmiyyəti qurulması vəzifəsini bəşəriyyətin inkişafının mühüm şərti kimi vurğuladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin sammitdə çıxış edərək ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının gündəlik həyatımızın tərkib hissəsinə çevrildiyini, mütəxəssislərimizin informasiya və kompüter texnologiyaları üzrə müxtəlif layihələri həyata keçirdiklərini bildirmişdir. Bu gün informasiya və kommunikasiya texnologiyaları ictimai-siyasi, sosial-iqtisadi, mədəni sahələri əhatə edərək cəmiyyətin inkişafına güclü təsir göstərən əsas amillərdən birinə çevrilmişdir. Hazırda informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin zehni və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının, sosial-iqtisadi problemlərin həllinin, yoxsulluğun aradan qaldırılmasının əsas göstəricilərindən hesab olunur.
Son illərdə ölkəmizdə cəmiyyətin sənəd-informasiya tələbatını, o cümlədən ədəbiyyata olan tələbatını daha dolğun şəkildə ödənilməsi və bu işdə informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində bir sıra ciddi addımlar atılmışdır. Dövlət başçısı "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", həmçinin Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən yaxşı nümunələrini təbliğ etmək məqsədilə "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamlar imzalayaraq yenidən çap edilən kitabların bütün kütləvi və orta tədris müəssisələrindəki kitabxanalara verilməsini, bu kitabların mətnlərinin elektron daşıyıcılar və internet vasitələri ilə yayılmasını təmin etmək, latın qrafikasında "Azərbaycan ədəbiyyatının virtual kitabxanası'"nın yaradılması haqqında tapşırıqlar vermişdir. "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı" (2005-2007-ci illər) kimi mühüm əhəmiyyətli direktiv sənəd təsdiq edilmişdir. Proqramda dünya təhsil sisteminə inteqrasiya olunmaq, ölkə əhalisini informasiyalaşdırılmış cəmiyyətə hazırlamaq məqsədilə kompüter texnikası əsasında qurulan yeni informasiya texnologiyalarının mənimsənilməsi və onun bütün imkanlarından istifadə olunması üçün elektron dərsliklərin, elektron kitabxanaların, rəqəmli tədris resurslarının işlənilib hazırlanması və tətbiqi nəzərdə tutulmuşdur.
Dövlət başçısının başqa bir sərəncamı ilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı" ("Elektron Azərbaycan") təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin informasiya texnologiyalarından səmərəli istifadə etmək, elm, təhsil, mədəniyyət müəssisələrinin yaxın gələcəkdə tamamilə kompüterləşdirilməsi ilə bağlı yuxarıda qeyd edilən göstərişlərinə uyğun olaraq respublikamızda təşkil edilmiş müasir tipli mədəniyyət və informasiya mərkəzlərindən biri də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitabxanasıdır. Bu mədəniyyət ocağı kitabxanaları müqəddəs bir yer, mənəviyyat, bilik və zəka mənbəyi hesab edən ümummilli liderimiz Heydər Əliyevin tapşırığı ilə 2003-cü ildə yaradılmışdır.
Bakının maraqlı tarixi keçmişə malik olan Mərkəzi Şəhər Kitabxanasının "Fəvvarələr bağı"nda yerləşən gözəl binası 2001-ci ildə baş vermis zəlzələ zamanı ciddi zədələnmiş, uçulub-dağılmaq təhlükəsi qarşısında qalmışdı. Memarlıq abidəsi olan bu mədəniyyət ocağını xilas etmək, qoruyub saxlamaq və gələcək nəsillərə də xidmət göstərməsini təmin etmək üçün təcili tədbir görmək zərurəti yaranmışdı. Məhz həmin vaxt milli-mədəni irsimizin əvəzsiz qayğıkeşi və təbliğatçısı Heydər Əliyev kitabxananın taleyi ilə maraqlanmış və onun gələcək fəaliyyəti ilə bağlı müvafiq göstəriş vermişdi. Ulu öndər tapşırığına əsasən bu kitabxananın və keçmiş Siyasi Maarif Evi Kitabxanasının bazasında Prezident Kitabxanasının yaradılması qərara alınmış və bununla bağlı Nazirlər Kabineti xüsusi qərar qəbul etmişdi. Həmin qərara əsasən, Mərkəzi Şəhər Kitabxanasının binası Mədəniyyət Nazirliyinin balansından çıxarılıb Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansına verildi. Binanın əvvəlki görkəmi saxlanılmaqla qısa müddətdə yüksək keyfiyyətli təmir-bərpa işləri aparıldı, mövcud kitab fondunu qoruyub saxlamaq və ondan istifadə üçün müasir normalara cavab verən lazımi şərait yaradıldı. Kitabxananın binası müasir Şərq memarlığı üslubunda və tikinti texnologiyasının son nailiyyətləri əsasında təmir olunmuş, bütün zalları və iş otaqları xüsusi təyinatlı yeni mebel və avadanlıqlarla təmin edilmişdir. Kitabxana respublika əhəmiyyətli kitabxanalardan və Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsindən dəvət olunmuş yüksəkixtisaslı kitabxanaçı- biblioqraf kadrlarla komplektləşdirilmişdir. Beləliklə də Azərbaycanın neçə-neçə maddi-mədəniyyət abidəsinə, elm və tədris ocağına yeni həyat bəxş edən ümummilli liderimiz Heydər Əliyevin qayğısı və göstərişi nəticəsində müasir tələblərə cavab verən gözəl bir mədəniyyət ocağı yenidən xalqın istifadəsinə qaytarıldı. İndi bu kitabxana nəinki Azərbaycan oxucularına, həm də Bakı şəhərinə gələn xarici qonaqlara təqdim edilməyə layiq gözəl bir mədəniyyət mərkəzinə çevrilmişdir.
Kitabxananın kollektivi qarşısında Azərbaycan Respublikası Prezidenti İcra Aparatının, mərkəzi və yerli icra orqanlarının əməkdaşlarının, həmçinin iqtisadiyyatın, mədəniyyətin müxtəlif sahələrində çalışan mütəxəssislərin, yaradıcı ziyalıların istifadəsi üçün mükəmməl sənəd fondu və biblioqrafik ehtiyatlar yaratmaq, müasir kitabxana-informasiya texnologiyasını tətbiq etməklə kitabxana proseslərini avtomatlaşdırmaq kimi çox mühüm vəzifələr qoyulmuşdur. Kitabxana Azərbaycan dövlətçiliyinə, milli ideologiyaya, azərbaycanşünaslığa dair ədəbiyyatı toplamaqla yanaşı, ümummilli lider Heydər Əliyev irsinə dair ədəbiyyatın toplanıb saxlanmasında və təbliğində də mühüm rol oynayır.
Hazırda kitabxanada hər cür texniki avadanlıqla təchiz edilmiş müxtəlif elm sahələri üzrə ixtisaslaşmış 4 oxu zalı, 15 yerlik elektron resurslar zalı, 100 yerlik konfrans zalı var. Bu zallarda müxtəlif mədəni-kütləvi tədbirlər - görüşlər, ədəbi-bədii gecələr, kitab və rəsm sərgiləri, konfranslar, təqdimatlar keçirmək ucun hər cür şərait yaradılmışdır.
Kitabxana təşkil edilərkən onun tam texniki-təchizatı və təmiri ilə yanaşı, həm də müasir tələblərə cavab verən mədəniyyət və informasiya mərkəzi kimi fəaliyyət göstərməsi məqsədilə xeyli müzakirələr aparılmış, digər ölkələrin analoji strukturları - prezident kitabxanaları ilə əlaqə yaradılmış, onların iş təcrübələri öyrənilmişdir. Yaradılmış xüsusi mütəxəssis qrupu tərəfindən müasir dövrdə MDB ölkələrinin kitabxanalarında tətbiq edilən kitabxana-biblioqrafiya proseslərinin kompleks avtomatlaşdırılması sistemləri müqayisəli təhlil edilmiş, kitabxanamız üçün daha uyğun olan "İRBİS- 64 - Kitabxanaların Avtomatlaşdırılma Sistemi" tətbiq edilmişdir. Bu sistemin köməyi ilə qısa müddətdə respublikada ilk dəfə olaraq kitabxana avtomatlaşdırılma sisteminin imkanlarından tam şəkildə istifadə etməklə fundamental elektron kitabxana yaradılmasına başlanılmış və oxuculara məsafədən xidmət texnologiyası tətbiq edilmişdir.
Tətbiq edilmiş sistem vasitəsilə 2003-cü ildən etibarən kitabxanaya daxil olan bütün ədəbiyyat elektron kataloqa daxil edilir. Bu isə oxuculara həm kitabxananın özündə lokal şəbəkə vasitəsi ilə, həm də kitabxanaya gəlmədən də Web səhifəmiz vasitəsilə onun fondu ilə tanış olmaq imkanı yaradır. Bu sistem oxucuların müxtəlif aspektli sorğularını hərtərəfli təmin etmək üçün geniş axtarış imkanına malikdir. Onun köməyi ilə əməkdaşlarımız tərəfindən analitik təhlil, elmi-tədqiqat, ictimai-siyasi fəaliyyətlə məşğul olan oxucu qruplarına kömək etmək məqsədilə 11 adda tammətnli elektron nəşr, 7 adda (cəmi 18 nömrə) elektron-biblioqrafik nəşr hazırlanmışdır. Bunlardan əlavə, ən qədim zamanlardan başlayaraq bu günədək xalqımızın keçdiyi tarixi yolu əhatə edən ölkəşünaslığa dair "Odlar Yurdu Azərbaycan" adlı mükəmməl tammətnli elektron nəşrlər toplusu hazırlanaraq oxucuların istifadəsinə verilmişdir.
Istifadəçilərin böyük marağına səbəb olan və müxtəlif aspektli axtarışa xidmət edən bu tammətnli elektron nəşrlər barədə daha ətraflı məlumat vermək istəyirəm. Bu nəşrlərdən biri xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-2003-cü illəri əhatə edən prezidentliyi dövründə bütün nitqlərinin, məruzələrinin, çıxışlarının və müsahibələrinin tam mətnlərinin elektron variantıdır. Əhatə etdiyi informasiya baxımından çox zəngin mənbələrdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ilin oktyabr ayından etibarən etdiyi bütün nitqlərinin, məruzələrinin, çıxışlarının və müsahibələrinin tammətnli elektron nəşridir. "İlham Əliyev və Azərbaycanın neft diplomatiyası", "Əsrin müqaviləsi-10 il", adlanan tammətnli elektron nəşrlərdə ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən Azərbaycanın yeni neft strategiyasına, indiyədək imzalanmış neft müqavilələrinə, Azərbaycan neftinin dünya bazarlarına nəqli ilə bağlı keçirilən rəsmi görüşlərə, təntənəli mərasimlərə, ixrac boru kəmərlərinə, neft və qaz sərgilərinə, Dövlət Neft Fonduna dair zəngin materiallar toplanmışdır. "Xoşməramlı səfir" adlanan tammətnli elektron nəşrdə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyətinə dair materiallar toplanmışdır. Xalqımızın başına gətirilən faciələrin xronikası "Əsrin faciəsi - Xocalı soyqırımı" və "Dağlıq Qarabağ münaqişəsi" adlanan tammətnli nəşrlərdə əhatə olunmuşdur. "Azərbaycan diasporu" adlanan tammətnli elektron nəşrdə diasporumuzun yaranma tarixçəsinə, dünya azərbaycanlılarının forumlarına, həmrəylik gününə, diaspor təşkilatlarına dair rəsmi materiallar və məqalələr öz əksini tapmışdır. Yerli özünüidarə orqanı olan bələdiyyələrə dair rəsmi sənəd və materiallar "Bələdiyyə hakimiyyəti" adlanan tammətnli elektron nəşrdə toplanmışdır.
Kitabxanamızda bir neçə adda elektron biblioqrafik göstəriciləri də tərtib edilir. Belə göstəricilərdən "Azərbaycan Respublikasının Prezidenti: gündəlik fəaliyyətin xronikası" (rüblük), "Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları" (rüblük), "Azərbaycan Respublikasının qanunları" (rüblük), "Yeni kitablar" (rüblük) adlı nəşrləri göstərmək olar. Eyni zamanda, əməkdaşlarımız tərəfindən Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə dair fondumuzda olan yüksək elmi dəyərə, aktuallığa malik fundamental kitabların tam mətnlərinin electron versiyası hazırlanaraq kitabxananın Web səhifəsində yerləşdirilir.
Artıq xeyli müddətdir ki, respublikada ilk dəfə olaraq kitabxanamızda sənədlərin elektron çatdırılması kimi mütərəqqi xidmət növü tətbiq edilir. Bu xidmət əsasında kitabxananın dövri mətbuat və biblioqrafiya-informasiya bölmələrinin əməkdaşları tərəfindən ölkəmizdə və xaricdə çap olunan dövri nəşrlərdən Prezidentin İcra Aparatının müvafiq strukturlarının və şöbələrinin profilinə uyğun materiallar seçilərək onların elektron versiyası yaradılır və tələbatçıların elektron ünvanlarına göndərilir. Bu məqsədlə 4 prioritet mövzu üzrə mütəmadi olaraq məlumat bülletenləri tərtib edilir. Biblioqrafik-informasiya xidmətinin bu yeni və operativ üsulunun digər icra orqanlarının əməkdaşlarına və xüsusi tədqiqatçı qruplarına da göstərilməsi nəzərdə tutulur. Ölkəmizdə zehni mülkiyyət obyektlərinə sivil münasibət ənənələrinin formalaşdığı bir dövrdə kollektivimiz elektron resursların və kitabların elektron variantının yaradılması prosesində müəllif hüquqlarının qorunması kimi çox ciddi vəzifəyə tam riayət edir.
Cari ilin iyun ayının 27-də kitabxana ictimaiyyəti üçün çox əlamətdar bir hadisə baş vermiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kitabxanamızda olmuşdur. Dövlət başçısı kitabxanada saxlanılan nadir ədəbiyyat nümunələri ilə tanış olmuş, avtomatlaşdırma sisteminin funksiyaları, zəngin axtarış imkanları ilə yaxından tanış olmuş, əməkdaşlar tərəfindən yaradılmış tammətnli elektron nəşrlərə, biblioqrafik göstəricilərə baxmış, bir sıra tammətnli elektron nəşrlərin, o cümlədən "Dağlıq Qarabağ münaqişəsi", "Əsrin faciəsi - Xocalı soyqırımı" və "Odlar Yurdu Azərbaycan"ın ingilis və rus dillərində tərcümə variantlarının hazırlanmasını, ölkəmizin tarixini, ictimai-siyasi və mədəni həyatını əks etdirən kitabların elektron versiyalarının yaradılması işinin daha da sürətləndirilməsini tapşırmışdır. Bütün kitabxana prosesləri ilə maraqlanan dövlət başçısı kitabxana fondunun elektron nəşrlərlə daha da zənginləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı da dəyərli tövsiyələrini vermişdir. Ölkə başçısı kitabxananın yerləşdiyi əraziyə də xüsusi diqqət yetirmiş, onun ətrafının abadlaşdırılması, inzibati binasının tarixi görkəminin qorunması və müasir üslubda işıqlandırılması ilə bağlı müvafiq qurumlara göstərişlər vermişdir.
Əlbəttə, bu, dövlət başçısının kitabxana sahəsinə, onun informasiya cəmiyyətində tutduğu mövqeyə çox böyük önəm verdiyini göstərir. Prezidentin kitabxanalara olan bu diqqəti, kitabxana işçiləri üzərinə çox böyük məsuliyyət qoyur. Dövlət başçısının İşlər İdarəsinin kitabxanası ilə bağlı göstərişləri respublikamızın bütün kitabxanaları üçün fəaliyyət proqramı olmalıdır. Tabeçiliyindən asılı olmayaraq bütün strukturlarda fəaliyyət göstərən kitabxanalar Prezidentin məramına uyğun olaraq inkişaf etmiş ölkələrdə olduğu kimi, hər cür müasir avadanlıqla təchiz edilməli, hərtərəfli qayğı ilə əhatə olunmalı və tabe olduğu sahənin əsil sənəd-informasiya xidməti mərkəzinə çevrilməlidir.
Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, dünyanın bir çox ölkələrində dövlət başçılarının öz ölkələrində fəaliyyət göstərən, qədim və zəngin kitabxanalarda keçirilən müxtəlif tədbirlərdə iştirak etmək ənənəsi mövcuddur. Lakin dövlət başçısının bilavasitə kitabxana işi ilə bağlı hər hansı bir kitabxanada olması, onun fəaliyyəti ilə diqqətlə maraqlanması nadir hadisədir. Yaxın tarixdə belə bir hadisə Rusiyada da olmuşdur. Üç il əvvəl Vladimir Putin Rusiya Dövlət Kitabxanasına getmiş, onun işi ilə maraqlanmış və meydana çıxan problemlərə dair konkret tapşırıqlar vermişdir. Onun bu tapşırıqları Rusiyada kitabxana işinin inkişafına çox böyük təkan verdi.
Prezidentin İşlər İdarəsinin Kitabxanasının MDB məkanında fəaliyyət göstərən analoji sahə kitabxanaları ilə əlaqələri də gündən-günə genişlənir. Rusiya Prezidenti Administrasiyasının Kitabxanası, Rusiya Dövlət Dumasının Kitabxanası, Belorus Respublikasının Prezident Kitabxanası ilə mübadilə əlaqələrimiz mövcuddur. Əməkdaşlarımız kitabxana proseslərinin avtomatlaşdırılması, elektron resurslarının yaradılması, müasir informasiya texnologiyalarının tətbiq edilməsi və digər mövzularda keçirilən beynəlxalq və regional seminar və konfranslarda fəal iştirak edirlər. Kitabxanamıza xarici ölkələrdən də tez-tez mütəxəssislər gəlirlər. Onlar kitabxanamızda görülən işləri yüksək qiymətləndirir, müasir standartlara cavab verdiyini qeyd edir, bizimlə əməkdaşlıq etmək arzusunda olduqlarını bildirirlər.
Dövlət başçısının kitabxanamıza gəlişi, burada görülmüş işlərə verdiyi qiymət belə bir qənaətə gəlməyə əsas verir ki, respublikamızda kitabxana işinin keyfiyyətcə yeni mərhələyə qaldırılması prioritet məsələdir. Fikrimi 30 dekabr 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ədəbiyyat və incəsənət xadimlərinin bir qrupuna yüksək dövlət mükafatları və fəxri adlar təqdim edərkən dediyi sözlərlə tamamlamaq istəyirəm: "Bizim mədəniyyət ocaqlarımız yüksək səviyyədə olmalıdır. Bütün bu sahəyə diqqət gərək yüksək olsun. İndi dövlətin, hökumətin nəyə imkanı çatırsa, bunu edirik. Bu işdə özəl t əşkilatlar da iştirak etməlidirlər. Bu, bizim ümumi işimizdir."
Mayıl Əhmədov,
Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin
Kitabxanasının direktoru
Azərbaycan.- 2006.-20 avqust .-№186.-S.3.