Mayın 6-da Prezident Kitabxanasında Milli Elmlər Akademiyasının (MEA) müxbir üzvü, Milli Məclisin deputatı, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun “Heydər Əliyev ideyalarının zəfər yürüşü” kitabının təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, elmi ictimaiyyətin nümayəndələri, kitabxananın əməkdaşları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanası direktorunun müavini Cəmilə Talıbzadə bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev yalnız Azərbaycanın deyil, dünya tarixində görkəmli yer tutmuş siyasi xadimlərdən biridir. Ulu öndər haqqında çoxsaylı kitabların yazıldığını qeyd edən direktor müavini vurğulamışdır ki, bu gün təqdimatına toplaşdığımız monoqrafiya bu mövzunun tükənməzliyini və ümummilli lider haqqında bundan sonra da yeni-yeni elmi əsərlərin yazılacağını deməyə əsas verir.

Tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov qeyd etmişdir ki, bu günlər xalqımız üçün olduqca əlamətdar tarixi hadisələrlə zəngindir. Müstəqil respublikamızın hər yerində, 60 milyonluq xalqımızın yaşadığı bütün ölkələrdə dahi azərbaycanlı, ulu öndərimiz Heydər Əliyevin doğum günü qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günü Azərbaycan elmi, akademiyamız üçün əlamətdar hadisədir. Milli Elmlər Akademiyasını Azərbaycanın elm məbədi, xalqımızın milli iftixarı kimi dəyərləndirən ulu öndər Heydər Əliyev elm adamına, onun Vətən üçün çox gərəkli olan əməyinə yüksək qiymət verirdi.

A.Həşimov vurğulamışdır ki, xalqımız üçün tükənməz mənəvi sərvət mənbəyi olan bu dahi şəxsiyyətin zəngin irsinin araşdırılmasına akademiyada xüsusi diqqət yetirilir. Akademiyanın Tarix İnstitutunda dahi şəxsiyyətin titanik fəaliyyətini araşdıran ayrıca “Əliyevşünaslıq” şöbəsi yaradılmışdır. İnstitutda Akademiyanın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə ikicildlik “Heydər Əliyev” fundamental tədqiqat əsəri üzərində iş uğurla davam edir.

Yaqub Mahmudovun “Heydər Əliyev ideyalarının zəfər yürüşü” monoqrafiyasının məziyyətlərindən danışan A.Həşimov qeyd etmişdir ki, bu qiymətli əsər ulu öndərə çoxsaylı elmi və elmi-publisistik məqalələr, kitablar, o cümlədən “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” monoqrafiyasını həsr etmiş alimin növbəti çox sanballı əsərdir. Dahi azərbaycanlını hələ tələbəlik illərindən yaxından tanıyan Y.Mahmudov bu monoqrafiyada Heydər Əliyevin nəsillərə örnək olan ömür yolunu və dövlətçilik fəaliyyətini dövrlərə, bölür, bu dövrlərin hər birini ayrı-ayrılıqda qiymətləndirir, onu dünyanın digər dahi şəxsiyyətləri ilə müqayisə edir və nəhayət, ulu öndərimizin dünyanın siyasi tarixində daha uca zirvəni fəth etdiyini göstərir.

AMEA-nın birinci vitse-prezidenti vurğulamışdır ki, bu əsərin digər böyük uğuru ulu öndərin layiqli davamçısı, yaşadığımız dövrün görkəmli dövlət xadimi Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinin burada işıqlandırılmasıdır. Müəllifin bu istiqamətdə apardığı axtarışlar böyük maraq doğurur. Fikrimizcə, təqdimat mərasiminə toplaşdığımız əsər görkəmli alimimiz Y. Mahmudovun və bütünlüklə Akademiya elminin Əliyevşünaslığa çox mühüm töhfəsidir.

“Heydər Əliyev ideyalarının zəfər yürüşü” fundamental araşdırmasının ərsəyə gəlməsində onun elmi redaktoru Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun, həmçinin kitabı çapa hazırlayan qrupun əməyi xüsusi qeyd olunmuşdur.

A.Həşimov bildirmişdir ki, ulu öndərə həsr olunmuş bu kitab bizim nəşri mədəniyyətimizdə, poliqrafiyamızda mühüm hadisədir. “Təhsil” Nəşriyyat-Poliqrafiya Birliyi bu dəfə də öz oxucularını nəfis və möhtəşəm tərtibatlı bir əsərlə sevindirməyə müvəffəq olmuşdur.

Daha sonra çıxış edən professor Adil Məmmədov, Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev və dosent Yeganə Gözəlova monoqrafiyanın elmi əhəmiyyətini yüksək qiymətləndirmiş, müəllifin bu kitabdan öncə Heydər Əliyevin irsini öyrənilməsi istiqamətində 150-dən çox əsər ərsəyə gətirdiyini xüsusi vurğulamışlar. Qeyd olunmuşdur ki, əsərdə ulu öndər Heydər Əliyevin xalqa bəxş olunan ömür yoluna “Azərbaycanın dövlətçilik tarixindən”, “Azərbaycan dövlətçiliyinin xilaskarı”, “Ötən minilliklərin tarixinə Heydər Əliyev baxışı və ya tariximizin dirçəliş konsepsiyası”, “Qurtuluş mübarizəsinin qalibi”, “Yeni Azərbaycan Partiyasının banisi, yeni Azərbaycanın qurucusu”, “Ata yurdumuzun Atatürkü” adlı bölmələr həsr olunmuşdur. Eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi böyük quruculuq və abadlıq işləri, xalqımızın parlaq gələcəyinə istiqamətlənmiş islahatlar proqramı və milli təəssübkeşlik fəaliyyəti kitabın “Heydər Əliyev-zaman və məkan anlayışlarından ucada duran azərbaycanlı dahi” və “Heydər Əliyev ideyalarının zəfər yürüşü” bölmələrində tədqiq edilmişdir.

Tədbirdə çıxış edən Yaqub Mahmudov monoqrafiya haqqında deyilən xoş sözlərə görə minnətdarlığını bildirmişdir. Ulu öndər Heydər Əliyevin hər bir azərbaycanlının həyatından keçən tarixi şəxsiyyət olduğunu vurğulayan müəllif qeyd etmişdir ki, ümummilli liderin irsinin daha dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində elmi araşdırmalarını bundan sonra da davam etdirəcəkdir.

 


AZƏRTAC.- 2011.- 6 may.