Prezident Kitabxanasının “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” elektron nəşrinin rus versiyası istifadəyə verilib
Ötən il dünya ermənilərinin uydurma “soyqırımı”nın 100 illiyini qeyd etdikləri ərəfədə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasında “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı yeni elektron nəşr hazırlanaraq istifadəçilərin ixtiyarına verilib. Kitabxana əməkdaşlarının Azərbaycan və ingilis dillərində hazırladıqları həmin elektron nəşrin təqdimatı zamanı təklif edilmişdi ki, keçmiş Sovet İttifaqı ərazisində yaşayan xalqların həm işğal edilmiş Azərbaycan ərazilərində, həm də tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində erməni vandallarının tarixi-memarlıq abidələrimizə, qəbiristanlıqlara qarşı həyata keçirdikləri vandallıq aktları barədə ətraflı məlumat əldə etmələri üçün elektron nəşrin rus dilində də versiyası hazırlansın. Hazırda Kitabxananın əməkdaşları bu işi başa çatdıraraq elektron nəşrin rus dilində versiyasını http://www.armenianvandalism.az domeni vasitəsilə istifadəçilərə təqdim edib.
Hər üç dildə istifadəçilərin ixtiyarına verilən bu elektron nəşrdə işğal altında qalan ərazil ərimizdəki və Ermənistan ərazisində qalan 800-dək abidənin 200-dən çoxunun işğaldan əvvəlki və işğaldan sonrakı durumunu əks etdirən fotoşəkillər, eləcə də həmin abidələrin xarakteristikası təqdim edilib. Bu abidələr ölkə əhəmiyyətli və yerli əhəmiyyətli kateqoriyalar üzrə - memarlıq abidələri, arxeoloji abidələr, tarix-memarlıq qoruqları, monumental və xatirə abidələri kimi təsnifləşdirilib. Elektron nəşrin “Fotoittiham” fəslində erməni vandalizminin əyani görüntlərini özündə əks etdirən 160-dan artıq şəkil yerləşdirilib.
Prezident Kitabxanasında istər müasir Azərbaycan və Ermənistan ərazilərində, habelə Türkiyə ərazisində ermənilərin törətdikləri kütləvi qırğınların, həyata keçirdikləri soyqırımlarının, deportasiyaların və etnik təmizləmələrin, terror aktlarının miqyasını dünya ictimaiyyətinə çatdırmaq üçün sistemli şəkildə iş aparılır. Kitabxananın mütəmadi olaraq yenilənən “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” və eləcə də “Vətən tarixi” seriyasından daha əvvəl istifadəyə verilmiş “Erməni cinayətləri: Soyqırımı. Deportasiya. Terror” adlı elektron nəşrləri ermənilərin əsl simalarının dünya ictimaiyyətinin nəzərinə çatdırılmasında mühüm virtual məlumat bazası rolunu oynayır. İstifadəyə verildiyi vaxtdan keçən müddət ərzində adları çəkilən elektron nəşrlərin hər birinə 10 minə yaxın istifadəçi müraciət edib.
AZƏRTAC.-2016.-21 aprel.