Milli Kitabxana və Prezident Kitabxanasının nümunəsində

Xülasə: Məqalədə Azərbaycan Milli Kitabxanası və Prezident Kitabxanasının fəaliyyət nümunəsi əsasında yeni tipli kitabxana xidmətlərindən bəhs olunur. Müəllif multikultural cəmiyyətdə əhaliyə göstərilən qabaqcıl kitabxana-informasiya işinin özünəməxsus tərəflərini araşdırır.

Açar sözlər: multikultural cəmiyyət, innovasiyalar, müasir kitabxanalar

Prezident İlham Əliyevin “multikulturalizm Azərbaycanda həyat tərzidir” fikri Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın, onun çoxtərkibli, lakin Azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşmiş xalqının əsrlərdən bəri söykəndiyi ictimai-siyasi, etnik-mədəni dəyərlərin məcmusunu ifadə edir. Bu cür dəyərlər, onların müxtəlifliyi Azərbaycan cəmiyyətinin monolitliyini, adət- ənənələrə sadiqliyini, ictimai əxlaq normalarını, bilikvermə və təhsilalma imkanlarını, eləcə də elmi-texniki inkişafını şərtləndirir.

Artıq dünyanın böyük bir hissəsində multikulturallıqdan doğan qloballaş­ma, o cümlədən urbanizasiya, beynəlxalq miqrasiya, mədəniyyətlərarası dialoq, beynəlxalq elmi-mədəni inteqrasiya və s. günün tələbi səviyyəsinə qalxmışdır.

Bu mənada, əminliklə söyləmək olar ki, informasiya cəmiyyəti şəraitində multikultural dəyərlərdən çıxış edən müasir dünya vətəndaşı artıq transmilli vətəndaşa çevrilmək üzrədir. Çünki İnternetin bu qədər geniş yayıldığı, rəqəmsal bərabərsizliyin aradan qaldırıldığı, kommunikasiya vasitələrinin hədsiz dərəcədə çoxaldığı, bilik-məlumat kanallarının durmadan artdığı indiki dövrdə dünya ölkələri bir növ sərhədsizləşmişdir.

Kitabxanalar da öz növbəsində cəmiyyətdə gedən bu cür proseslərə biganə qalmır və minilliyin çağırışlarına cavab verə bilmək üçün innovativ fəaliyyət yürüdürlər. Belə fəaliyyət özündə 2 əsas məqsədi birləşdirir: Birincisi, mul- tikultural dəyərlər sistemində istifadəçinin informasiya tələbatını layiqincə yerinə yetirmək; İkincisi isə, mütəmadi olaraq yeni-innovativ texnologiyaları ənənəvi kitabxanaçılığa tətbiq etmək.

Birinci məqsədlə bağlı ilk növbədə onu qeyd etməliyik ki, bütün növ kitab­xanalar öz işində mədəni müxtəlifliyi istər beynəlxalq, istər milli, istərsə də yerli səviyyədə təşviq etməlidirlər. Azərbaycan kitabxanaları regionda bu istiqamətdə hər zaman öncüllər sırasında olmuşlar. Çünki yaşadığımız məkan həmişə çoxmillətliliyi və çoxkonfessiyalılığı ilə seçilmiş, burada irqi, dini, sosial tolerantlıq mühiti hökm sürmüşdür.

“Multikulturalizm” termin olaraq leksikonumuza yeni daxil olsa da, Azərbaycan kitabxanaları hələ Sovet illərində İttifaqın digər kitabxanaları kimi, məhz multikultural informasiya xidmətləri göstərirdilər. Çünki Sovet İttifaqın­da 110 xalqın nümayəndəsi yaşayır, təhsil alır, kitabxana xidmətlərindən bəhər- lənirdi. Bu isə onu deməyə əsas verir ki, müasir Azərbaycan kitabxanalarının multikultural fəaliyyətinin əsasında məhz sovet kitabxanaşünaslığı durur. Bu mənada, əminliklə söyləmək olar ki, Azərbaycan kitabxanaları o illərdə multi- kultural informasiya xidməti sahəsində kifayət qədər təcrübə toplaya bilmişlər. Lakin təhlillər göstərir ki, zaman keçdikcə “multikultural kitabxana xidməti” anlayışının mahiyyəti dəyişir və genişlənir.

Məsələn, IFLA-nın 1998-ci ildə hazırladığı “Multikultural cəmiyyətdə kitabxana xidmətləri üzrə Təlimat”da deyilir ki, multikultural kitabxana-informasiya xidməti bütün növ kitabxana istifadəçilərinin multikultural informasiya təminatını həyata keçirməkdir. Bu işdə marqinal qruplara, fiziki çatışmazlığı və məhdudiyyəti olan fərdlərə, etnik və immiqrant azlıqlara, qaçqın və evsizlərə, müvəqqəti yaşayış icazəsi olan insanlara, miqrant işçilərə, milli azlıqlara və s. xüsusi diqqət ayrılmalıdır. Məhz bu cür xidmət nəticəsində hərtərəfli informasiya təminatı həyata keçirilir, multikultural dialoq yaranır, kross-mədəni biliklər meydana gəlir və müxtəliflik daha yaxşı qavranılır.

Şəhər və kənd əhalisi arasında fərq qoymadan respublikanın bütün vətəndaşlarını bərabər səviyyədə informasiya ilə təmin etmək də multikultural kitabxana xidmətidir. Bugün bir neçə dildə danışan, müxtəlif platformalardan bəhrələnməklə bilik əldə edən, günü-gündən informasiya tələbatı artan, müxtəlif mədəniyyətləri özündə birləşdirən hər hansı bir fərdə, istənilən bir oxucuya xidmət göstərmək də multikultural kitabxana-informasiya xidmətinin bir hissəsidir.

Azərbaycan oxucusunun hazırlıq səviyyəsi kifayət qədər yüksək olduğu üçün əminliklə söyləmək olar ki, bugün iri kitabxanalarımızın göstərdiyi xidmətlər ən müasir şəkildə qurulmuş multikultural informasiya sistemidir.

Sevindirici haldır ki, ölkədə bu cür sistemləri, informasiya tendensiyalarını dərindən öyrənən və biliklər cəmiyyətinin qurulması işində yaxından iştirak edən kitabxanalarımız, o cümlədən Azərbaycan Milli Kitabxanası kimi qocaman kitab məbədi mövcuddur. Bu il 95 illik yubileyi qeyd olunan Azərbaycan Milli Kitabxanası uzun illərdən bəridir ki, geniş oxucu auditoriyasına kitabxana-biblioqrafiya xidmətlərini ən yüksək səviyyədə yerinə yetirir. Bununla yanaşı, Milli Kitabxana regional bölmələri, kitabxanaları vasitəsilə bütün respublikada informasiya bərabərliyinin təmin olunmasında yaxından iştirak edir və ölkədəki multikultural mühitin daim inkişaf etdirilməsinə xidmət göstərir. Azərbaycanda İnternetin, xüsusilə yüksəksürətli siqnalların bütün ölkə ərazisini əhatə etməsinə, kompüterləşmənin çox yüksək səviyyədə olmasına baxmayaraq, yerlərdə hələ də ənənəvi kitabxanaçılığı, ənənəvi mütaliəni özünə daha yaxın hesab edən, nisbətən yaşlı nəslin nümayəndəsi olan oxucular da az deyil. Milli Kitabxana son illərdə oxucularına yüksək texnoloji xidmətlər göstərməklə yanaşı, həm də bu cür auditoriya üçün lazımi informasiya xidmətlərini davam etdirir. Müasir kommunikasiya və informasiya təminatı prinsiplərindən çıxış etdikdə, belə çoxfunksiyalı, simbioz xidmətin özü də kitabxanaşünaslığın multikultural imkanlarını genişləndirmək məqsədi daşıyır. Bu məqsədi gerçəkləşdirmək və yeni tipli, başqa sözlə innovativ informasiya mərkəzi qismində çıxış edə bilmək üçün Milli kitabxana son illərdə öz maddi-texniki bazasını genişləndirmiş, dünyanın ən böyük və zəngin kitabxanalarının bir çoxunda tətbiq olunan VTLS-VİRTUA sistemi üzrə kitabxana proseslərini, o cümlədən oxucu sorğularının virtual rejimdə ödənilməsini, ödənilən arayışların tam şəkildə məlumat bazasında saxlanılmasını, onların təkrar istifadəyə verilməsini, kitabxanaya yeni daxil olan ədəbiyyat haqqında oxuculara operativ məlumatın çatdırılmasını, kitab verilişini və s. tam şəkildə avtomatlaşdırmışdır. Bu məqsədlə kitabxananın fondlarında və kitab verilişi məntəqələrində, oxu zallarında yeni kompüterlər və avadanlıqlar quraşdırılmışdır. Bu kompüterlər kitab verilişi sisteminin daha da sürətlənməsi üçün lazımi proqramlarla təmin olunmuşdur. Bununla yanaşı, Milli Kitabxanada olan kitab və digər materialların qanunsuz olaraq kitabxanadan kənara çıxarılmasının qarşısını almaq məqsədilə kitablara və digər materiallara RFID mikroçiplərin yapışdırılması üçün avadanlıq və kitabxananın çıxışında siqnalizator qapılar quraşdırılmışdır. Həmçinin, Milli Kitabxanada olan ənənəvi kataloqların retrokonversiyası həyata keçirilməyə başlamışdır. Bu məqsədlə kartoçkaların skan edilməsi üçün xüsusi skaner alınmışdır. Söylənilənlər belə deməyə əsas verir ki, bugün Milli Kitabxana elektron kitabxanaşünaslıq sahəsində tam yeni tipli, müasir kitabxana səviyyəsinə qalxmışdır.

Məlumdur ki, Milli Kitabxana hər il kitabxana işinin müxtəlif məsələlərinə dair xeyli miqdarda vəsaitlər də nəşr edir və kitabxanalara göndərir. Bunların arasında Milli Kitabxananın son 5 il ərzində nəşr etdirdiyi 40-dan artıq biblioqrafik və metodik materialların, “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırlanaraq çap olunmuş Ulu Öndər Heydər Əliyevə, görkəmli oftalmoloq alim Zərifə Əliyevaya, akademik Ramiz Mehdiyevə, görkəmli ədib Mir Cəlala, ictimai-siyasi xadim Əziz Əliyevə, yazıçı və ədəbiyyatşünas alimlər Yusif Vəzir Çəmənzəminliyə, Bülbülə, Xəlil Rza Ulutürkə, Qəzənfər Paşayevə, Molla Pənah Vaqifə və digərlərinə həsr olunmuş fundamental biblioqrafiyalar da var. Adıçəkilən bu kimi ənənəvi çap məhsullarının böyük əksəriyyəti elektron kitabxanaya daxil edilir və beləliklə, alternativ üsulla da oxucuların xidmətinə verilmiş olur. Əslində, bu cür hərtərəfli fəaliyyət Milli Kitabxananı həm də innovativ kitabxana quruculuğu sahəsində nümunəvi, model tipli mərkəzə çevirir.

Respublikamızda kitabxana işinin avtomatlaşdırılması sahəsində xüsusi yeri olan Prezident Kitabxanası öz profili, fəaliyyəti, xüsusi dəstxətilə seçilən, sürətlə inkişaf edən kitabxanadır. Bugün Kitabxanada minlərcə kitab və digər sənəd növləri, o cümlədən XVI-XIX əsrlərdə və XX əsrin əvvəllərində nəşr olunmuş müxtəlif dillərdə olan nadir ədəbiyyat nümunələri saxlanılır. Fondda iqtisadiyyata, siyasətə, xüsusən dövlət quruculuğuna, hüquqa, fəlsəfəyə, statistikaya, tarixə, ədəbiyyatşünaslığa və dilçiliyə dair ədəbiyyat üstünlük təşkil edir. Kitabxanada bu tip kitab-sənəd massivi ilə oxuculara ənənəvi kitabxana xidməti göstərilməklə yanaşı, fondun elektron nəşrlərlə komplektləşdirilməsi sahəsinə və müasir informasiya texnologiyalarının tətbiqinə də xüsusi önəm verilir.

Son illərdə Prezident Kitabxanasında mükəmməl lokal kompüter şəbəkəsi yaradılmış, İnternetə yüksəksürətli çıxış təmin edilmişdir. Portativ kompüterləri olan oxucular kitabxananın oxu zalından İnternetə simsiz əlaqə sistemi ilə də qoşulmaqla kitabxananın elektron kataloqunda və elektron kitabxanasında geniş axtarış imkanları əldə edirlər. Prezident kitabxanası müasir kitabxana olaraq fondun komplektləşməsindən tutmuş, kitab verilişinədək bütün kitabxana proseslərinin avtomatlaşdırılmasına nail olmuşdur. Yarandığı dövrdən Kitabxana aldığı bütün kitablar haqqında məlumatı və dövri nəşrlərdəki ən əhəmiyyətli materialların biblioqrafik təsvirlərini də elektron kataloqa daxil etməklə milli rəqəmsal yaddaşın formalaşdırılması işində yaxından iştirak edir.

Elektron kataloqla yanaşı, Prezident kitabxanası zəngin elektron kitabxanaya da malikdir. Kitabxananın yaratmış olduğu www.ebooks.az ünvanlı portala müraciət edən istifadəçilərin statistikası onu deməyə əsas verir ki, bugün Prezident kitabxanasına edilən elektron müraciətlər ənənəvi sorğuları dəfələrlə üstələyir. Belə olan təqdirdə, kitabxana fəaliyyətini məhz elektron kitabxanaşünaslıq istiqamətində təmərküzləşdirmək, belə demək mümkünsə, “istifadəçilərlə daha çox elektron dildə danışmaq” zərurəti meydana gəlir. Bu zərurətdən irəli gələn məsələləri həll etmək üçün, Prezident kitabxanası nəşr etmiş olduğu biblioqrafik göstəriciləri və məlumat bülletenlərini www.pres- lib.az saytı vasitəsilə rəqəmsal şəkildə oxuculara təqdim etməklə yanaşı, xüsusi elektron resurslar və elektron layihələr də hazırlayıb istifadəyə verir. Ümumiyyətlə, elektron sənəd-informasiya resurslarının yaradılması hazırda Prezident Kitabxanasının fəaliyyətinin əsas istiqamətlərindən biridir. Aktual mövzulara dair tammətnli elektron resurslar istifadəçilərin tələbatını daha da dolğun ödəmək məqsədi daşıyır. Belə e-resurslara "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri, bəyanatları", "İlham Əliyev və Azərbaycanın neft diplomatiyası", "Əsrin müqaviləsi", "Azərbaycanda Olimpiya hərəkatı", "Azərbaycan diasporu", "Bələdiyyə hakimiyyəti (sənədlər toplusu)", "Dağlıq Qarabağ münaqişəsi", 2004-2018-ci illəri əhatə edən "Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı", "Dövlət qulluğu (sənədlər toplusu)", "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı" mövzulu elektron məlumat bazalarını misal göstərmək olar.

Elektron layihələrə gəldikdə isə, Prezident Kitabxanasında yaradılan və müxtəlif prioritet mövzuları əhatə edən iri həcmli elektron bazalardan danışmaq olar. Bunlara "Heydər Əliyev. Elektron sənədlər toplusu", "İlham Əliyev. Elektron külliyyat", "Odlar Yurdu Azərbaycan", "XX əsrin faciəsi - Xocalı soyqırımı", "Azərbaycan. Dövlət rəmzləri və atributları", "Naxçıvan Muxtar Respublikası", "Təcavüz. 20 Yanvar. Bakı 1990", "Azərbaycan ekologiyası", "Müstəqil Azərbaycan", "İrəvan şəhəri", "Azərbaycan Xalq Cümhuriyyəti", "Erməni vandalizmi: Əsirlikdə olan Azərbaycan abidələri", "Erməni cina­yətləri: Soyqırım. Deportasiya. Terror", "Türk xalqlarının kitab abidələri. Elektron kitabxana", "Mehriban Əliyeva. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində", "Görkəmli dövlət və elm xadimi Əziz Əliyev", "Azərbaycan və İslam dünyası", "Azərbaycan-UNESCO əlaqələri", "Mir Cəlal", "Ramiz Mehdiyev. Elektron kitabxana" kimi e-layihələr aiddir.

Oxuculara bu qədər geniş elektron xidmətlər göstərməklə yanaşı, Prezident Kitabxanası öz fəaliyyətində II nəsil elektron kitabxanaşünaslıq prinsiplərini də rəhbər tutmağa başlamışdır. Məlumat üçün bildirək ki, I nəsil veb xidmətlərdən (Web 1.0) fərqli olaraq, Web 2.0 fəaliyyət prinsipinə görə oxucular da kitabxanadakı elektronlaşdırma işlərində iştirak etmək hüququ qazanırlar. Hələlik, Prezident Kitabxanası ölkədə yeganə kitabxanadır ki, veb portalı üzərindən müəlliflərə öz əsərlərinin elektron variantını Prezident Kitabxanasının “Elektron Kitablar” Verilənlər bazasında yerləşdirməyə imkan yaradır. Bunun üçün müəlliflərdən yalnız “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cü maddələrinə uyğun olaraq müəlliflik hüququ haqqında razılaşmanı imzalayıb, əsərin və razılaşmanın surətini elektron şəkildə serverə yükləmək tələb olunur.

Prezident Kitabxanasının elektron layihələr mövzusuna bir daha qayıdaraq qeyd etməliyik ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə bağlı imzalanmış Sərəncamın icrası məqsədilə təsdiq olunmuş Tədbirlər Planında “Azərbaycan multikulturalizmi” elektron kitabxanasının və veb saytının yaradılması müvafiq dövlət orqanları ilə birgə Prezident Kitabxanasına həvalə edilmişdir. Bu məqsədlə Prezident Kitabxanasında Azərbaycan, ingilis və rus dillərində Azərbaycan multikulturalizminin mahiyyətini və onun bütün aspektlərini tam dolğunluğu ilə əhatə edən veb sayt və elektron kitabxana yaradılaraq oxucuların istifadəsinə verilmişdir. Bu layihə vasitəsilə istifadəçilərə Azərbaycanda yaşayan bütün xalqları birləşdirən azərbaycançılıq ideologiyasının mahiyyəti, ölkəmizin etnik rəngarəngliyi, mədəni müxtəlifliyi, milli azlıqların təhsili, tolerantlıq ənənələri və s. barədə ətraflı məlumat verilmiş, onların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı sahəsində qəbul edilən qanunların, fərmanların, sərəncamların və digər sənədlərin mətnləri toplanmışdır. Layihə vasitəsilə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin milli - mənəvi dəyərlər, tolerantlıq və multikulturalizm barədə söylədikləri fikirlərdə toplu şəklində oxuculara çatdırılmışdır.

Azərbaycan multikulturalizminə dair Azərbaycan və digər dillərdə 100-dan çox kitabın elektron versiyası, multikulturalizmlə bağlı 1000-dən çox məqalənin tam mətni, multikulturalizmə dair müxtəlif dillərdə kitabların və 4000 məqalənin biblioqrafiyası da sözügedən bazaya əlavə edilmişdir. Bu layihə Prezident Kitabxanasının Azərbaycanda multikultural mütaliə və informasiya mühitinin inkişafına qiymətli töhfəsidir. Bütün bunlar onu deməyə əsas verir ki, bugün Prezident Kitabxanası Azərbaycanda müasir kitabxana işinin yeni və innovativ modelini formalaşdırır, oxuculara multikultural kitabxana- biblioqrafiya xidmətlərini ən yüksək səviyyədə yerinə yetirir.

Təsadüfi deyil ki, beynəlxalq kitabxana ictimaiyyəti, o cümlədən IFLA, Avropa Milli Kitabxanaları Konfransı (CENL) kimi nüfuzlu təşkilatlar da, həm Milli Kitabxanamızın, həm də Prezident Kitabxanasının regionda informasiya cəmiyyəti quruculuğu sahəsindəki fəaliyyətlərini çox yüksək qiymətləndirir. Düşünürük ki, həm bu qiymət, həm də qədirbilən Azərbaycan oxucusunun “Axundov kitabxanası” kimi tanıdığı milli mütaliə məbədinə olan əzəli ehtiramı, Milli Kitabxanamızın 95 illik yubileyinə ən böyük hədiyyədir.

Ədəbiyyat

2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 11 yanvar, 2016 // Dövlət və din.-2016.- mart-aprel, №02(43).- S.21.
Abdullayev, K. Azərbaycan multikulturalizmi bu gün: Portuqaliyadan İndoneziyayadək // Multikulturalizm.- - № 1.- S.37-43.
Cəfərov, C. Kitabxana-informasiya xidmətində elektron kataloq: monoqrafiya.- Bakı: Proqres, 2012.- 224 s.
Əhmədov, M. Müasir tipli kitabxana informasiya cəmiyyətinin atributudur // Azərbaycan.- 2006.- 20 avqust.- S. 3.
Əhmədov, M. Kitabxanalarımızda informasiya texnologiyalarının tətbiqi onları keyfiyyətcə yeni təsisata çevirəcəkdir // Xalq qəzeti.- 2007.- 14 mart.- S. 4.
Qurbanlı, M. Azərbaycan multikulturalizm modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur // Multikulturalizm.- 2016.- № 1.- S.44-47.
Mehdiyev, R. Azərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi // Azərbaycan.- 2007.- 9 noyabr.- S. 4.
“Multicultural Communities: Guidelines for Library Services”. 2nd edition, 1998 and 3rd edition, 2009.
Tahirov, K. M.F.Axundov adına Milli Kitabxana yeni əsrin başlanğıcında // Xalq qəzeti.- - 30 yanvar.- S. 6.
Tahirov, K. Milli Kitabxananın fəaliyyəti ötən il əsaslı şəkildə yenilənmişdir // Xalq qəzeti.- 2013.- 2 fevral.- S.9.
Модель инновативной библиотеки в

мультикультурном обществе

 (на примере Национальной и Президентской библиотек)

Резюме: Статья посвящена изучению вопроса формирования новых типов библиотек на примере Национальной и Президентской библиотек Азербайджана. Автор изучает своеобразные стороны передового библиотечно-информационного обслуживания в условиях мультикультурного общества.

Ключевые слова: мультикультурное общество, инновации, современные библиотеки

Innovative library model in the multicultural society

(on the example of the National and Presidential

libraries of the Republic of Azerbaijan)

Abstract: The article is devoted to the study of the creation of new types of libraries on the example of the National and Presidential libraries of Azerbaijan. The author studies the special aspects of advanced library and information services in the multicultural society.

Key words: multicultural society, innovations, modern libraries

KƏMALƏ SARICALİNSKAYA, 
Prezident Kitabxanasının elmi katibi, kamala.s@preslib.az

 


Bakı, 2018, buraxılış 10
Azərbaycan Milli Kitabxanasının Elmi Əsərləri