Martın 29-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Azərbaycan- Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, ictimai-siyasi xadimlər, şairlər, yazıçılar və media nümayəndələri iştirak ediblər.

Layihə haqqında məlumat verən kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, bu layihə Azərbaycan ilə Özbəkistan arasında ictimai-siyasi və mədəni əlaqələrin yüksək səviyyədə olmasının parlaq təzahürüdür. Bu cür təşəbbüslərin həyata keçirilməsi əməkdaşlığımızın tərəqqisinə böyük təkan verir. M.Əhmədov xüsusi vurğulayıb ki, Azərbaycan və özbək xalqları arasında tarixi köklərə malik dərin mədəni-ədəbi əlaqələr mövcuddur. Bu əlaqələr XX əsrin sonlarında hər iki respublikanın dövlət müstəqilliyinə yenidən qovuşmalarından sonra daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycanın haqq işinin müdafiəsində Özbəkistan dövləti hər zaman dəstəyini hiss etdirib. Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə xidmət edən çoxlu sayda layihə və tədbirlər həyata keçirilir. Təqdim edilən “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi də həmin silsilədəndir. Layihə çərçivəsində Azərbaycan ədəbiyyatının klassikləri, müasir şair və yazıçılarımızın əsərləri, eləcə də Azərbaycanın tarixi və ictimai-siyasi həyatından bəhs edən kitablar özbək dilinə tərcümə olunub. 24 adda müxtəlif mövzulara dair Azərbaycan, türk, özbək və rus dillərində nəşr edilən bu kitablarla yanaşı, bir neçə Azərbaycan filmi də dublyaj olunaraq özbəklərin istifadəsinə verilib. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər və perspektivlər haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycanın xarici siyasətində, ölkəmizin imicinin yüksəlməsində böyük rol oynayan bu cür təşəbbüslər mütəmadi həyata keçirilməlidir.

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinın direktoru Samir Abbasov məlumat verib ki, həyata keçirilən layihələr çərçivəsində Özbəkistanın müxtəlif mədəniyyət və təhsil ocaqlarında Azərbaycan guşələri və otaqları yaradılıb. Mərkəzin təşəbbüsü ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi, Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzi fəaliyyətə başlayıb. “Görkəmli şəxsiyyətlərin həyatı” silsiləsindən ümummilli lider Heydər Əliyevə həsr edilən, Viktor Adrianov və Hüseynbala Mirələmovun həmmüəllifi olduqları “Heydər Əliyev” kitabı özbək dilində çapdan çıxıb.

Milli mədəni irsimizin qardaş ölkədə tanıdılması, təbliği istiqamətində görülən işlər barədə də məlumat verən S.Abbasov bildirib ki, Azərbaycan kəlağayılarına həsr olunmuş tədbirlər yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan kino sənətinin təbliğinə də xüsusi diqqət yetirilib. Belə ki, “Bəxt üzüyü” və “Yol əhvalatı” kinokomediyaları, dörd cizgi filmi özbək dilinə dublyaj olunub. Özbəkistan mətbuatında Azərbaycanın təbliği və tanıdılması istiqamətində görülən işlərdən danışan S.Abbasov diqqətə çatdırıb ki, hər il bu ölkənin KİV-ində respublikamız haqqında “İlin ən yaxşı məqaləsi” müsabiqəsi elan edilir və ilin yekununda mərkəzdə müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilir.

Təqdim olunan kitablar və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən “Kitab layihələri” haqqında ətraflı məlumat verən S.Abbasov qeyd edib ki, ölkələrimiz arasında mədəni-ədəbi əlaqələrin dərinləşdirilməsi sahəsində aparılan elmi araşdırmalar səfirliyimiz tərəfindən daim dəstəklənir. Belə ki, ötən il özbək alimi, professor Saodat Muxammadovanın tərtibçisi olduğu “Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri” kitabı çapdan çıxıb. Nəşrin əsas üstün cəhəti Azərbaycan şairlərinin şeirlərinin özbək dilində, özbək şairlərinin şeirlərinin isə Azərbaycan dilində tərcümələrindən nümunələrin verilməsidir. Bundan əlavə, “Özbək-Azərbaycan, Azərbaycan-özbək” danışıq kitabçası, xalq yazıçısı Anarın seçilmiş əsərlərindən ibarət “Mən, sən, o və telefon” kitabı Daşkənddə çap edilib. Özbəkistanın xalq şairi Camal Kamalın tərcüməsində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş əsərin ayrı-ayrılıqda özbək dilinə tərcümə olunması ilə bağlı müvafiq razılıq əldə edilib. Artıq iki əsər - “Sirlər xəzinəsi” və “Leyli və Məcnun” özbək dilinə tərcümə olunub. Son üç ildə mərkəzin təşəbbüsü ilə “XX əsr Azərbaycan şeiriyyəti antologiyası”, “Azərbaycan mədəniyyəti qardaş Özbəkistanda”, “Azərbaycan yazıçılarının hekayələri”, “Müasir özbək və Azərbaycan poeziyasının xüsusiyyətləri”, Nizami Gəncəvinin “Maxzanu-ul asror” (“Sirlər xəzinəsi”), “Ozarbayjoning madaniy merosi: Kultumoe naslediye Azerbaydjana”, Məhəmməd Füzulinin “Kalb kovhari”, “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabları, Nizami Gəncəvinin “Xəmsə”si, müasir Azərbaycan şairlərinin şeirləri, tarix elmləri doktoru, professor Əli Həsənovun “Geosiyasət” monoqrafiyası, Yunus Oğuzun “Sultan Alp Arslan”, “Şah arvadı və cadugər” romanları, gənc yazar Pərvin Nurəliyevanın “Qar yağacaq” hekayələr kitabı özbək dilinə tərcümə edilərək çap olunub. Tanınmış özbək tarixçi-publisisti Şuxrat Salamovun “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar Fərqanədən Qarabağadək” və “Qarabağ: ideyalar müharibəsi” kitabları rus dilində çap olunub. Ş.Salamovun kitablarının ilk təqdimatı da Prezident Kitabxanasında keçirilib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Milli Məclisin deputatı Elman Nəsirov, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, yazıçı-publisist Yunus Oğuz, Ş.Salamov və digər çıxış edənlər ölkəmizin Özbəkistandakı səfirliyi tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən təşəbbüsləri yüksək qiymətləndiriblər. Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafından, xalqlarımız arasında mədəni əlaqələrin genişlənməsində belə layihələrin əhəmiyyətindən danışan natiqlər vurğulayıblar ki, təqdim edilən “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi ölkələrimiz arasında elmi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə layiqli töhfədir. Özbəkistanda qazanılmış bu gözəl təcrübə digər ölkələrdəki səfirliklərimiz üçün də yaxşı örnək olacaq.

Sonda “Daşnaklar Fərqanədən Qarabağadək” sənədli filmi nümayiş olunub.

 


Azərbaycan.-2017.-30 mart.-№ 64.-S.5.