Prezident Kitabxanasında “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsinin təqdimatı olub. Qurumdan SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Kitabxananın direktoru Mayıl Əhmədov qeyd edib ki, bu gün təqdim olunan “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi məhz Azərbaycanla Özbəkistan arasında ictimai-siyasi və mədəni əlaqələrin yüksək səviyyədə olmasının bariz təzahürüdür.

Mayıl Əhmədov bildirib ki, bugünkü tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri, Milli Məclisin Özbəkistan parlamenti ilə dostluq qrupunun üzvləri, ictimai-siyasi xadimlər, şairlər, yazıçılar, media nümayəndələri iştirak edirlər. Bu cür tədbirlərin keçirilməsi hər iki ölkə arasında əlaqələrin daha da inkişafına yeni təkan verir.

Mayıl Əhmədov xüsusilə vurğulayıb ki, Azərbaycan və özbək xalqları arasında tarixi köklərə malik dərin mədəni-ədəbi əlaqələr mövcuddur. Bu əlaqələr XX əsrin sonlarında hər iki respublikanın dövlət müstəqilliyinə yenidən qovuşmalarından sonra daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu gün Azərbaycanın haqq işinin müdafiə edilməsində Özbəkistan dövləti həmişə bizim yanımızdadır.

Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi dövlətlərimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edən çoxsaylı layihə və tədbirlər həyata keçirir. Təqdim edilən “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi həmin silsilədən olan tədbirlərdən biridir.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycanla Özbəkistan arasında münasibətlərin daha da inkişaf etdirilməsi sahəsində görülən işlər və perspektivlər haqqına ətraflı məlumat vermiş, bu cür layihələrin davamlı olaraq həyata keçiriləcəyini bildirmişdir.

Daha sonra Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinın direktoru Samir Abbasov məlumat verib ki, həyata keçirilən layihələr çərçivəsində Özbəkistanın müxtəlif mədəniyyət və təhsil ocaqlarında Azərbaycan guşələri və otaqları yaradılıb. Azərbaycan Mədəniyyət Mərkəzinın təşəbbüsü ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi, Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlayıb.

“Görkəmli şəxsiyyətlərin həyatı” silsiləsindən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə həsr edilmiş Viktor Adrianov və Hüseynbala Mirələmovun müəllifləri olduqları “Heydər Əliyev” kitabı özbək dilində çap edilib.

S.Abbasov Azərbaycan milli mədəni irsinin qardaş ölkədə tanıdılması, təbliği istiqamətində görülən işlər barədə məlumat verərək bildirmişdir ki, Azərbaycan kəlağayılarına həsr olunmuş tədbirlər yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan kino sənətinin təbliğinə də xüsusi diqqət yetirilimiş, "Bəxt üzüyü" və "Yol əhvalatı" kinokomediyaları, 4 cizgi filmi özbək dilinə dublyaj olunub.
Özbəkistan mətbuatında Azərbaycanın təbliği və tanıdılması istiqamətində görülən işlər barədə danışan Samir Abbasov bildirmişdir ki, hər il Özbəkistan KİV-də Azərbaycan haqqında “İlin ən yaxşı məqaləsi” müsabiqəsi elan edilir və ilin yekununda Mədəniyyət Mərkəzində müsabiqənin qaliblərin mükafatlandırılması mərasimi keçirilir.

Təqdim olunan kitablar və Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən “Kitab layihələri” haqında ətraflı məlumat verərək S. Abbasov qeyd etmişdir ki, Azərbaycan və Özbəkistan arasında mədəni- ədəbi əlaqələrin dərinləşdirilməsi sahəsində aparılan elmi araşdırmalar səfirliyimiz tərəfindən daim dəstəklənir. 2016-cı ildə özbək alimi, professor Saodat Muxammadovanın tərtibçisi olduğu “Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri” adlı kitabı çap olunub. Kitabın əsas üstün cəhəti Azərbaycan şairlərinin şerlərinin özbək dilində, özbək şairlərinin şerlərinin isə Azərbaycan dilində tərcümələrindən nümunələrin verilməsidir. Bundan əlavə, “Özbək-Azərbaycan, Azərbaycan-özbək” danışıq kitabçası, Xalq yazıçısı Anarın seçilmiş əsərlərindən ibarət "Mən, sən, o və telefon" adlı kitabı Daşkənddə çap edilmişdir. Özbəkistanın xalq şairi Camal Kamalın tərcüməsində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan 5 əsərin ayrı-ayrılıqda özbək dilinə tərcümə olunması ilə bağlı müvafiq razılıq əldə olunmuş və artıq 2 əsər - "Sirlər xəzinəsi" və "Leyli və Məcnun" özbək dilinə tərcümə edilmişdir. Son üç il ərzində Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “XX əsr Azərbaycan şeiriyyəti antologiyası", "Azərbaycan mədəniyyəti qardaş Özbəkistanda", "Azərbaycan yazıçılarının hekayələri”, "Müasir özbək və Azərbaycan poeziyasının xüsusiyyətləri”, Nizami Gəncəvinin “Maxzanu-ulasror” (“Sirlər xəzinəsi)”, "Ozarbayjoningmadaniymerosi: КультурноенаследиеАзербайджана", Məhəmməd Füzulinin "Kalbkovhari", "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri" kitabları, Nizami Gəncəvinin "Xəmsə"si, Müasir Azərbaycan şairlərinin şeirləri, tarix elmləri doktoru, professor Əli Həsənovun "Geosiyasət" monoqrafiyası, Yunus Oğuzun “Sultan Alp Arslan”, “Şah arvadı və cadugər” romanları, gənc yazar Pərvin Nurəliyevanın “Qar yağacaq” hekayələr kitabı özbək dilinə tərcümə edilərək çap edilmişdir. Tanınmış özbək tarixçi-publisisti Şuxrat Salamovun "Туркестан и Южный Кавказ XIX-XX вв. Дашнакиот Ферганыдо Карабаха" və "Карабах - войнаидей" kitabları rus dilində çap olunmuşdur. Şuxrat Salamovun kitablarının ilk təqdimatı da məhz Prezident Kitabxanasında keçirilib.

Tədbirdə Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin deputatlarından Səyavuş Novruzov, Elman Nəsirli, Elmira Axundova, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, yazıçı-publisist Yunus Oğuz, filologiya elmləri doktoru Ramiz Əskər, özbək tarixçisi Şuxrat Salamov və digərləri çıxış edərək Özbəkistandakı səfirliyimizin bu istiqamətdə gördüyü işlərin digər səfirliklərimiz üçün örnək ola biləcəyini vurğulamış, ikitərəfli əlaqələrin daha genişləndirilməsi istiqamətində öz təkliflərini səsləndiriblər.

Sonda “Daşnaklar Fərqanədən Qarabağadək” sənədli filmi nümayiş etdirilib.

 


SİA.-2017.-29 mart.