Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin yaranmasının 60 illiyinə həsr olunmuş “Sənəd və informasiya menecmenti üzrə kadr hazırlığı: üstünlükləri, perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev elm və təhsilin inkişafına daim önəm verib. Ümummilli Lider kitabxana-informasiya sahəsinə də böyük diqqət göstərib: “Ulu öndər Heydər Əliyev hələ sovet dövründə respublikamıza rəhbərlik etdiyi illərdə kitabxana işini yüksək dəyərləndirib. Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva kitabxana-informasiya sahəsinin inkişafına xüsusi əhəmiyyət verir”, - deyə rektor bildirib.

Rektor Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin tarixi, formalaşması, bu günü və perspektivlərindən bəhs edib. Qeyd olunub ki, 1947-1948-ci tədris ilində BDU-nun Filologiya fakültəsinin tərkibində şöbə kimi fəaliyyətə başlayan kitabxanaçılıq ixtisası 1962-ci ildən müstəqil fakültə kimi fəaliyyət göstərir.

E.Babayev vurğulayıb ki, bu gün kitabxana-informasiya fəaliyyəti sahəsində çalışanların qarşısında duran mühüm vəzifələrdən biri də işğaldan azad edilmiş torpaqlarımızda dağıdılmış kitabxana infrastrukturunun bərpasında iştirak etməkdir.

 

Konfransın plenar iclasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkiyə Respublikasının Kastamonu Universitetinin İnformasiya və məlumatların idarəolounması fakültəsinin dekanı, professor Hasan Kəsəroğlu, Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor İbrahim Yoldaşov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teshabayeva, Əlcəzair Xalq Demokratik Respublikasının vətəndaşı, tədqiqatçı kitabxanaşünas Lemounes Nour El Houda Djoumana çıxış edərək sənəd və informasiya menecmenti, kitabxana-informasiya fəaliyyəti sahəsindəki prioritet məsələlərdən bəhs ediblər.

 

Plenar iclasda BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov “Kitabxanaçılıq-informasiya fakültəsi: ənənədən müasirliyə” mövzusunda məruzə edib.

Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Ələmdar Cabbarlı çıxış edərək təhsilin inkişafı ilə bağlı fikirlərini bildirib.

Sonra Kitabxanaçılıq-informasiya fakültəsinin 60 illiyi münasibətilə əməkdaşlara BDU rektorluğunun və Həmkarlar İttifaqı Komitəsinin təltifləri təqdim olunub.

Sabah başa çatacaq konfransda ümumilikdə 40-a yaxın məruzənin dinlənilməsi nəzərdə tutulub.

 

AZƏRTAC
2022, 8 dekabr