AzərTAc xəbər verir ki, aprelin 22-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, əməkdar elm xadimi, yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 100 illiyi ilə əlaqədar xatirə günü keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə yubilyarın həyat və yaradıcılığı ilə əlaqədar kitabxana əməkdaşlarının hazırladıqları “Mir Cəlal Paşayev-100” sərgisi ilə tanış olmuşlar.

Bakı Dövlət Universitetinin Mir Cəlal Paşayev adına Azərbaycan klassik ədəbiyyatı kafedrası ilə birgə keçirilən tədbiri Kitabxananın direktoru Mayıl Əhmədov açaraq bildirmişdir ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlalın anadan olmasının 100 illik yubileyi YUNESKO tərəfindən bütün dünyada qeyd olunur. Bu münasibətlə kitabxana kollektivinin hazırladığı “Mir Cəlal Paşayev-100” adlı elektron biblioqrafik göstərici haqqında məlumat verən natiq diqqətə çatdırmışdır ki, görkəmli alim haqqında ilk biblioqrafiya 1968-ci ildə ədibin 60 illik yubileyi ilə əlaqədar Azərbaycan Elmlər Akademiyasının əsaslı kitabxanasında, ikinci bibilioqrafiya isə 90 illiyi münasibətilə M.F.Axundov adına Dövlət kitabxanasında hazırlanmışdır. Birinci biblioqrafiyada 944, ikincidə 238 istinad vardırsa, indiki göstəricidə 1950 istinad vardır.

Göstəricinin bu tip məlumat nəşrlərinin strukturuna uyğun tərtib edildiyini vurğulayan M.Əhmədov bildirmişdir ki, burada Mir Cəlalın həyatı və fəaliyyəti, əsərləri, monoqrafiyaları, məqalələri, haqqındakı digər materialları, tərcümələri, redaktə etdiyi işlər tam əhatə olunmuşdur. Göstəricidən istifadəni asanlaşdırmaq üçün müəllifin əsərlərinin və onun haqqında yazıların adları əlifba sırası ilə tərtib edilmişdir. Göstəricinin üstün cəhətlərindən biri də onun elektron versiyasının da hazırlanmasıdır. Yəni istənilən oxucu kitabxanaya gəlmədən internet səhifəsində bu göstəricidən istifadə edə bilər. Elektron göstəricinin başqa bir üstün məziyyəti də onun mütəmadi dəyişmək imkanının olmasındadır.

Tədbirdə yubilyarın tələbələri, filologiya elmləri doktorları, BDU-nun professorları Qara Namazov, Təhsin Mütəllimov, Cəlal Abdullayev, İfrat xanım Əliyeva, Cəlil Nağıyev, Tofiq Hüseynoğlu Mir Cəlal Paşayevin müəllim, yazıçı və ədəbiyyatşünas alim kimi fəaliyyətini eyni dərəcədə yüksək dəyərləndirmişlər. Vurğulanmışdır ki, ölkəmizdə üç istiqamətdə fəaliyyət göstərən başqa şəxslərdə olmuşdur. Lakin onların heç biri Mir Cəlal kimi həmin istiqamətləri eyni səviyyəyə qaldıra bilməmişdir. Maraqlıdır ki, 1928-ci ildə müəllim kimi fəaliyyətə başlayan yubilyar məhz həmin ildə özünün “Dünya romantizmi” mövzusunda yazdığı geniş elmi məqaləsini və ilk şeirlərini dərc etdirmişdir. Mir Cəlal həmin vaxtdan ömrünün sonunadək bu üç istiqamətdə böyük məsuliyyətlə fəaliyyət göstərmişdir. Təsadüfi deyildir ki, ədəbiyyatşünaslar bu gün də onun namizədlik dissertasiyasını-“Füzuli sənətkarlığı” monoqrafiyasnı füzulişünaslığa açar hesab edirlər. Onlar “Bir gəncin manifesti” romanını klassik nəsrimizin gözəl nümunəsi sayır, nasirin hekayə yaradıcılığını müdrikliyinə və lakonikliyinə görə təkcə Rusiyada deyil, dünyada hekayə janrının böyük ustadı Anton Çexovla müqaisə edirlər. Tədbirdə yubilyarla ciyin-ciyinə işləmiş tələbələri Mir Cəlalın yüksək insani keyfiyyətlərindən, onlara sonsuz diqqət və qayğısından ətraflı söz açmış, onunla bağlı şirin, nümunəvi, ibrətamiz xatirələrini danışmışlar.

Professor Cəlil Nağıyevin “Mir Cəlalın yaradıcılığı hələ lazımınca öyrənilməmişdir, müasir baxış bucağından onun əsərlərinin yenidən təhlilə böyük ehtiyac var” fikri tədbir iştirakçıarı tərəfindən razılıqla qarşılanmışdır. Professorun bu fikrinə münasibət bildirən xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev demişdir ki, doğrudan da Mir Cəlal yaradıcılığından bəhs edən bəzi əsərlər sovet dövründə yazıldığından onlar istər mövzu, istərsə də məna baxımından ətraflı, obyektiv təhlilini tapmamışdır. Axırda Hafiz Paşayev atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.

 


AZƏRTAC.- 2008.- 22 aprel.