Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın anadan olmasının 55 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Konfrans zalında “Mehriban Əliyeva - 55” sərgisi təşkil edilib. Sərgidə Mehriban Əliyevanın həm Birinci vitse-prezident, həm Heydər Əliyev Fondunun prezidenti, həm Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, həm UNESCO və İSESCO-nun xoşməramlı səfiri, həm də Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi çoxşaxəli fəaliyyətini özündə əks etdirən müxtəlif dillərdə kitablar, haqqında məqalələr dərc edilən jurnallar, foto-albomlar nümayiş etdirilir.

Sərgidə nümayiş etdirilən kitablar arasında Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın təbiətini, mədəniyyətini, incəsənətini özündə dolğun şəkildə əks etdirən və nəfis tərtibatda çap edilən kitablar xüsusilə diqqəti cəlb edir.

Birinci xanım Mehriban Əliyevanın ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği, maddi və qeyri-maddi irsimizin qorunması sahəsində, xeyriyyəçilik və humanist addımların atılması istiqamətində gördü işlərin miqyası böyükdür. Onun çoxşaxəli fəaliyyəti Avropa və Asiya qitəsi, eləcə də Azərbaycanın qonşu ölkələri də daxil olmaqla, geniş bir coğrafiyanı əhatə edir və bu coğrafiya gündən-günə genişlənir.

Bütün bunları nəzərə alaraq, 2016-cı ildə Prezident Kitabxanasında “Mehriban Əliyeva. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində” elektron nəşrini hazırlayaraq istifadəçilərin ixtiyarına verilib. Elektron nəşrdə Mehriban Əliyevanın fəaliyyət istiqamətlərini özündə əks etdirən bölmələrlə yanaşı, birinci xanımın qısa bioqrafiyası, ona həm ölkəmizdə, həm də xarici dövlətlər və mötəbər beynəlxalq təşkilatlar tərəfindən verilən mükafatların, orden və medalların, fəxri adların və təltiflərin xronologiyası təqdim olunur. Xeyirxahlıq, humanizm, sosial ədalət prinsiplərinə sadiqlik, yüksək mədəni dəyərlərə söykənən çoxşaxəli fəaliyyət Mehriban Əliyevanın birinci xanım kimi portretinin əsas cizgiləridir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan elektron nəşr https://mehribanaliyeva.preslib.az/ domeni vasitəsilə istifadəçilərə təqdim olunur. Minlərlə materialın tam mətnini əhatə edən bu elektron nəşr mütəmadi olaraq yenilənir.

“Mehriban Əliyeva. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində” elektron nəşri kitabxana istifadəçilərinin daha çox müraciət etdikləri elektron resurslardan biridir.

 


Xalq qəzeti.- 2019.- 28 avqust.- № 187.- S.7.