Tariximizin elə səhifələri var ki, illər, əsrlər ötsə də həmin səhifələr heç vaxt unudulmur, yaddan çıxmır və nəsillərdən nəsillərə ötürülür. Tariximizə əbədi həkk olunan belə səhifələrdən biri də 1990-cı il yanvarın 20-nə keçən gecə yazıldı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına və təcavüzünə qarşı etiraz edən, Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycanın suveren hüquqlarının bərpa edilməsini tələb edən, xalqımıza qarşı mərkəzi hakimiyyət orqanlarının ayrı-seçkilik siyasətinə etiraz səsini ucaldan və bu məqsədlə küçələrə çıxan əliyalın, dinc əhalinin iradəsini qırmaq üçün totalitar sovet rejimi Qanlı Yanvar qırğınını törətdi.

Xalqımızın tarixinə həm şanlı, həm də qanlı səhifə kimi yazılan 20 Yanvar faciəsinin yaddaşlardan silinməməsi və tariximizin bu səhifəsindən ibrət götürülməsi üçün Prezident Kitabxanasının əməkdaşları 2010-cu ildə faciənin 20-ci ildönümünə həsr olunmuş Azərbaycan, ingilis və rus dillərində “Təcavüz: Bakı. 20 Yanvar 1990” adlı tammətnli elektron nəşr hazırlamış və həmin nəşr mütəmadi olaraq yenilənir.

AZƏRTAC xəbər verir ki, yanvarın 18-də Prezident Kitabxanasında “Təcavüz: Bakı. 20 Yanvar 1990” elektron nəşrinin yenilənmiş versiyasına baxış keçirilib. Kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, ayrıca domendə yerləşdirilən həmin elektron resurs ölkəmizdə bu mövzunu kompleks şəkildə əhatə edən yeganə mənbədir.

Bildirilib ki, istər ölkə daxilində, istərsə də xarici ölkələrdə keçirilən anım tədbirlərində http://aggression.preslib.az elektron nəşrinin materiallarından geniş istifadə edilir. Azərbaycan, ingilis və rus dillərində 20 kitabın elektron versiyası, 180-ə yaxın seçmə məqalələrin tam mətni, 700-dən artıq məqalənin və müxtəlif dillərdə 100-ə yaxın kitabın biblioqrafik təsviri elektron nəşrə daxil edilib. Təkcə 2010-2015-ci illərdə “Təcavüz: Bakı. 20 Yanvar 1990” elektron nəşrinə ölkə daxilindən və xarici ölkələrdən 5 mindən artıq istifadəçi müraciət edib. Elektron nəşrin “Rəsmi sənədlər”, “Müraciətlər, bəyanatlar, tədbirlər” və “Elektron resurslar” fəsilləri il ərzində müntəzəm olaraq yenilənib.

Kitabxananın əməkdaşları çıxışlarında Qanlı Yanvar faciəsinin tariximizə həm də qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb və belə səhifələrin virtual aləmdə təbliğinin gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna rol oynadığını qeyd ediblər.

Tədbirin sonunda tanınmış fotoqraf Mirnaib Həsənoğlunun fövqəladə vəziyyət rejimində çəkdiyi nadir şəkillər əsasında kitabxana əməkdaşlarının hazırladıqları "Fotoarxiv" nümayiş etdirilib.

http://azertag.az/xeber/Prezident Kitabxanasinda Tecavuz Baki 20 Yanvar 1990 elektron_nesrinin_ yenilenmis_versiyasina_ baxis_kechirilib-919476


AZƏRTAC.-2016.-18 yanvar.