Azərbaycan xalqına mənsub elə qadın simalar var ki, onlar heç vaxt unudulmur, xatirələri həmişə yad edilir və əziz tutulur. Belə qadın şəxsiyyətlərdən biri də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevadır.

Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan elektron resurs (https://zarifaaliyeva.preslib.az/) istifadəçilərin ixtiyarına verilib.

Elektron resursda Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti geniş şəkildə istifadəçilərə təqdim edilir. Resursda materiallar 8 bölmədə qruplaşdırılıb.

“Bioqrafiya” bölməsində Zərifə xanım Əliyeva və onun ailə üzvləri barədə qısa məlumat verilib, həmçinin Zərifə xanımın elmi və ictimai sahədə fəaliyyətinin mühüm məqamları öz əksini tapıb.

“Xronologiya” bölməsində isə bir alim kimi onun keçdiyi həyat yolu, oftalmologiya sahəsində əldə etdiyi uğurlar təqdim olunub.

“Xatirəsinin əbədiləşdirilməsi” bölməsində ölkə daxilində və xaricdə Zərifə xanım Əliyevanın xatirəsinə ucaldılan abidələr, adının verildiyi təsisatlar, parklar, küçələr haqqında məlumatlar əksini tapıb.

Elektron resursda həmçinin “E-Kitablar”, “E-Məqalələr”, “Biblioqrafiya”, “Rəsmi sənədlər” və “Fotoqalereya” bölmələri yer alıb. Elektron resursun materialları müntəzəm olaraq yenilənir.

 

Mədəniyyət. - 2023.- 26 aprel. - № 31. - S. 2.