Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin onlayn yay düşərgəsi çərçivəsində təşkil olunan seminarlar işini uğurla davam etdirir.

YAP Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, iyulun 29-da düşərgədə Milli Məclisin deputatlarının iştirakı ilə partiyanın gənc fəallarına “İrəvan - qədim Azərbaycan şəhəri” mövzusunda seminar keçirilib.

Videokonfrans formatında keçirilən seminarda çıxış edən Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov yay düşərgəsinin iştirakçıları olan gənclərə proqram üzrə mövzunu və mühazirəçiləri təqdim edib.

Sonra çıxış edən Prezident Kitabxanasının şöbə müdiri, tarixçi alim Nazim Mustafa bildirib ki, İrəvan qədimdən inkişaf etmiş Azərbaycan şəhəri olub. Burada tarixən yalnız Azərbaycan türkləri yaşayıblar. Ermənilər şəhərə geniş surətdə 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən köçürülüblər. Bununla da ermənilər XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərindək çar Rusiyasının, 1918-ci ildən Sovet Rusiyasının himayəsi altında və onlara arxalanaraq Azərbaycanın digər torpaqlarında olduğu kimi, İrəvan şəhərində də məskunlaşdırılıb. Nəticədə şəhərin yerli əhalisi olan Azərbaycan türkləri zaman- zaman deportasiya ediliblər. 1988-ci ildə Dağlıq Qarabağ ətrafında baş verən hadisələr keçmiş SSRİ məkanında böyük siyasi gərginlik yaradıb və bununla bağlı məsələ SSRİ Ali Sovetinin Rəyasət Heyətində də müzakirə olunub. Bu zaman Azərbaycanı sevməyən Mixail Qorbaçov belə tarixi həqiqətləri az da olsa, dilə gətirib, indi Ermənistan adlanan Qərbi Azərbaycanda, onun paytaxtı İrəvanda azərbaycanlıların əhəmiyyətli dərəcə çoxluq təşkil etdiyini söyləmək məcburiyyətində qalıb.

N.Mustafa qeyd edib ki, tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində 1988-ci ilədək 250 minə yaxın azərbaycanlı yaşayıb. Sovet hakimiyyəti illərində burada sırf azərbaycanlıların məskunlaşdığı 190 yaşayış məntəqəsi, ermənilərlə qarışıq yaşadıqları 94 ərazi mövcud olub. Ermənistanın altı şəhərində də azərbaycanlılarla ermənilər birlikdə yaşayıblar. 1988- ci ilədək Ermənistanda 521, 1991-ci ilin aprelində isə Levon Ter-Petrosyanın fərmanı ilə 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilib. Ermənilər hətta dağların, çayların, qayalıqlar, bulaqların da adını dəyişdiriblər. 1935-ci ildə çap olunmuş xəritədə də bu məqamlar əksini tapıb. Xəritədən göründüyü kimi, tarixən həmin ərazilərdə ermənilərə aid bir toponim də yoxdur. Daha sonra çıxış edən Milli Məclisin deputatı Əziz Ələkbərli deyib ki, ermənilər bu coğrafiyada yaşayan insanlar deyillər. Əgər ermənilərə dövlət yaratmaq hüququ Sibirdə verilsə idi, onda erməni tarixşünaslar sübut etməyə çalışacaqdılar ki, orada yaşayan ilk insan erməni olub. Bu, erməni psixologiyasına xasdır. Əslində, erməni tarixçilərlə polemikaya girməyin mənası da yoxdur. Çünki erməni tarixi başdan-ayağa saxtadır. Ermənilər özləri də yaxşı bilirlər ki, bu coğrafiyaya onların heç bir aidiyyəti yoxdur. Onlar gəlib oturduqları coğrafiyanın özlərinə qədərki bütün tarixinə, mədəniyyətinə sahiblənir, onlaradək mövcud olmuş xalqları isə tarixdən silməyə çalışırlar.

Çıxışlarda, həmçinin qeyd edilib ki, Azərbaycan dövləti tərəfindən də bununla bağlı bir sıra işlər görülür, tədqiqatlar aparılır, həqiqətlər üzə çıxarılır. İrəvanın Azərbaycana məxsus olmasından və ermənilərin uzun illərdir bunu gizlətməyə çalışmasından bəhs edilən kitablar yazılır, filmlər çəkilir, layihələr həyata keçirilir.

Sonda onlayn düşərgədə iştirak edən gənclərin sualları cavablandırılıb.

 


Yeni Azərbaycan.- 2020.- 30 iyul.- № 129.- S. 6.