20 Yanvar - xalqın iradəsinin sınaqdan çıxdığı gün
Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.
Heydər Əliyev
Ümummilli lider
Müasir tariximizin heç zaman unudulmayacaq şəkildə qətiyyət, əzm, iradə nümayiş etdirdiyimiz günlərindən olan 20 Yanvar faciəsindən 30 il ötür. Xalqımız hələ də həmin günləri xatırlamaqla beynəlxalq aləmə nümayiş etdirir ki, biz Vətən və dövlət üçün canımızı, qanımızı əsirgəməmişik və əsirgəməyəcəyik. Torpaqlarının 20 faizi işğal altında olan ölkənin vətəndaşlarının bu prinsipiallığı tamamilə təbiidir. Çünki həm 20 Yanvar qırğınının günahkarları, həm də Azərbaycan ərazilərinin xeyli hissəsini qəsb etmiş Ermənistanın himayədarları bilməlidirlər ki, bu xalq öz azadlığını, ərazi bütövlüyünü və ləyaqətini qorumaq üçün zəruri olan bütün addımları atmağa qadirdir. Biz 2016-cı ilin aprelində həmin keyfiyyətlərimizi bədxahlarımıza nümayiş etdirmişik.
Ölkə əhalisinin hər bir fərdinin, bütün elm, təhsil, istehsalat müəssisələrinin, yaradıcı birliklərin 20 Yanvar faciəsinə münasibət bildirməsi, hərənin öz ürək sözlərini, mövqeyini, münasibətini ortaya qoyması da tamamilə təbiidir. Ancaq 20 Yanvar faciəsi elə bir tarixi faktdır ki, o barədə danışarkən qətiyyən özfəaliyyətə, faktların həqiqətdən kənarlaşdırılmasına yol vermək olmaz. Əslində, indi kiminsə elə təhriflərə yol verməsi mümkün də deyil. Çünki Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası 20 Yanvar faciəsinin bütün detallarını tarixi faktlara və sənədlərə istinadən elə şəkildə sistemləşdirib və dəqiq materiallar ərsəyə gətirib ki, daha həmin mövzuda yazan heç kəs səhvə yol verə bilməz.
Prezident kitabxanasının 20 Yanvar faciəsinə həsr edilmiş, Azərbaycan, ingilis və rus dillərində tərtib olunmuş “Təcavüz. Bakı, 20 Yanvar 1990” adlı elektron nəşrinə (http: // aggression.preslib.az ) müraciət edən hər kəs həmin tarixi hadisə ilə bağlı istədiyi faktı görə bilər. Nəşrdə “Azərbaycana qarşı cinayət”, “Rəsmi sənədlər”, “Müraciətlər, bəyanatlar, tədbirlər”, “Elektron resurslar” və “Fotoarxiv” bölmələri vardır. “Azərbaycana qarşı cinayət” bölməsinin özü də dörd hissədən -- “20 Yanvar - qan yaddaşımız”, “Faciənin analitik təhlili”, “Xronologiya - 20 Yanvara aparan yol” və “20 Yanvar şəhidləri” adlı dörd fəsildən ibarətdir.
20 Yanvar faciəsi mövzusunda elmi, tarixi, siyasi və ya publisistik material hazırlayanlar üçün əsaslı və əhatəli mənbə olan bu nəşrin “Faciənin analitik təhlili” fəslində məhz bizim bugünkü yazının hazırlanmasına kömək edəcək kifayət qədər material vardır. Məsələn, akademik Ramiz Mehdiyevin 2000-ci ildə işıq üzü görmüş “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri” adlı kitabında göstərilir ki, 20 Yanvar faciəsi adi bir hərbi müdaxilə, insanların gözünü qorxutmaq üçün atılan addım yox, sadəcə xalqımıza qarşı törədilmiş soyqırımı aktlarından biridir.
“Faciənin analitik təhlili”-- deyəndə, söhbət nədən və nələrdən gedir? Əlbəttə, çox böyük həqiqətlərdən. Məsələn, qeyd edilir ki, Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət idi. Bu cür cinayətlərin təhqiqi, onların səbəblərinin, nəticələrinin üzə çıxarılması, təşkilatçılarının adlarının aşkarlanması məsələsində vaxt amili yoxdur və bunlar vəhşilik, soyqırımı əməllərinin təkrarlanmaması üçün xəbərdarlıq olmalıdır.
Akademik yazır ki, Azərbaycan paytaxtına yeridilmiş hərbi kontingentin hərəkətlərində Nürnberq prosesində pislənmiş bütün əlamətlər vardır. Məhz buna görə də 20 Yanvar faciəsinin bütün müqəssirləri öz əməlləri üçün ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Sovet hərbi hissələrinin Azərbaycana təcavüzü, mülki əhalinin kütləvi surətdə vəhşicəsinə gülləbaran edilməsi təkcə tamamilə çürümüş sovet rejiminin dağılmasının əlaməti deyil, həm də azərbaycanlıları öz əzəli və tarixi məskənlərindən sıxışdırıb çıxarmaq barədə köhnə, hələ çarizmin vəsiyyət etdiyi məqsədyönlü siyasətin, SSRİ rəhbərliyinin beynəlmiləlçilik adı ilə cidd- cəhdlə gizlətdiyi və pərdələdiyi siyasətin həyata keçirilməsinin sübutu idi.
Qara Yanvarın törədilməsinin səbəbləri barədə açılan söhbətdə qeyd edilir ki, burada bir neçə mühüm amil var idi. Birinci dini amildir. SSRİ rəhbərləri bundan yaxalarını kənara çəkməyə nə qədər çalışsalar da, dünya ictimaiyyətini aldada bilmədilər. Ərazi iddialarında erməniləri Mixail Qorbaçovun dəstəkləməsinin başlıca səbəblərindən biri azərbaycanlıların məhz İslama etiqad etməsidir. Elə bədnam Zori Balayan da özünün müsahibə və məqalələrində bundan danışmış, Bakı qırğını ərəfəsində Mixail Qorbaçov da Azərbaycanda İslam dövləti yaradılmasına cəhd göstərilməsi barədə fitnəkar bəyanatla çıxış etmişdi.
Xatırladılır ki, ikinci mühüm məsələ Qafqaz amilidir. Bu, Moskvanın Azərbaycana ədalətsiz, mənfi münasibətinin formalaşmasında daha mühüm olub, Rusiyanın regionda tarixi mənafeləri ilə bağlıdır. Bir vaxtlar imperatriçə II Yekaterina I Pyotrun qəsbkarlıq siyasətini davam etdirərək, Rusiyanın cənuba doğru irəliləməsi və cənub dənizlərinə çıxması məqsədilə Qafqazda pravoslav Gürcüstan ilə yanaşı, siyasi baxımdan Rusiyaya istiqamətlənmiş daha bir xristian dövləti yaratmaq planını irəli sürmüşdü.
Qeyd edilir ki, 20 Yanvar faciəsini şərtləndirən üçüncü amilin mahiyyəti sovet dövləti rəhbərlərinin siyasətində və təfəkkür tərzində türklərə olan nifrətdən ibarətdir. Yəni milli amildir. Bunun dərin tarixi kökləri var və o, ən əvvəl iki imperiyanın - Osmanlı və Rusiya imperiyalarının çoxəsrlik qarşıdurması ilə bağlıdır. Elə sovet rejimi də azərbaycanlılarla türklərin etnik yaxınlığından həmişə ehtiyat etmişdir. Məhz buna görə 20-ci və 30-cu illərdə Azərbaycanın bir sıra görkəmli xadimləri pantürkizmdə təqsirləndirilmiş və repressiya qurbanı olmuşlar. İki xalq arasında bütün ünsiyyət və əlaqələri kəsmək üçün hər şey edilirdi. Hətta bu məqsədlə azərbaycanlıların da, türklərin də istifadə etdikləri latın əlifbası 30-cu illərin axırlarında kiril qrafikası ilə əvəz olunmuşdu.
SSRİ dövründə ən fitnəkar ermənilərdən olan Zori Balayan yenidənqurma illərində SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahında çıxış edərkən demişdi: “Azərbaycan elə bir əməliyyat meydanıdır ki, Türkiyə buradan ölkənin cənub sərhədlərinə zərbə endirməyə hazırlaşır”. Odur ki, Bakıda 1990-cı ilin yanvarında törədilən faciə SSRİ rəhbərliyinin türkdilli respublikalar barəsində siyasətinin bir çox örtülü, gizli tərəflərini üzə çıxarmışdı.
Qanlı Yanvarın geosiyasi aspektinə gəlincə isə, Prezident kitabxanasının mütəxəssisləri qeyd edirlər ki, bu məsələ barədə danışarkən, o vaxtlar Qərb dövlətlərinin Azərbaycandakı ictimai-siyasi hadisələr barəsində tutduqları mövqeni də nəzərdən qaçırmaq olmaz. Belə ki, Qərbin mövqeyi Azərbaycanın xeyrinə deyildi. Azərbaycanda baş verən hadisələr haqqında Qərbdə yanlış təsəvvür yaranmasında SSRİ-nin mərkəzi mətbuatı çox mənfi rol oynamışdı. Kremlin nəzarətində olan sovet mətbuatı erməni kilsəsinin və “Daşnaksutyun” partiyası ideoloqlarının təhriki ilə ictimai şüura açıq-aşkar ideoloji təsir göstərir, ermənilərin separatçılığını sovet hakimiyyəti illərində guya, Azərbaycan hökuməti tərəfindən törədilən sıxışdırmalara, təhqirlərə və ayrı- seçkiliyə qarşı məcburi etiraz hərəkəti kimi qələmə verirdi.
20 Yanvar hadisələri ilə Dağlıq Qarabağ problemi arasındakı əlaqələrə gəlincə isə, qeyd edilməlidir ki, Azərbaycan xalqı 1987-ci ilin axırlarında süni surətdə yaradılan həmin problemi elə ilk günlərdən respublikanın ərazi bütövlüyünə qarşı yönəldilmiş cəhd kimi, vətəndaşların Konstitusiya hüquqlarının pozulması kimi qarşılamışdı. Mixail Qorbaçovun atdığı addımlar, o cümlədən qanlı Bakı qırğını sübut edir ki, bütün bu sərsəmliyin öz məntiqi vardır. Dağlıq Qarabağ münaqişəsi müfəssəl şəkildə hazırlanmış əməliyyatdır. “Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında” Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 1988-ci ilin martında qəbul etdiyi xüsusi qərar SSRİ-nin tarixində görünməmiş bir şey idi və elə bunun özü də mərkəzlə Ermənistan rəhbərliyi arasında sövdələşmə olduğuna danılmaz sübutdur. Əslində, həmin qərar Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün sosial-iqtisadi bünövrə qoymuşdu.
Bir sözlə, 20 Yanvar hadisələri qətiyyən sovet rəhbərliyinin qələmə verdiyi uydurma “əsaslara” görə deyil, məhz qeyd etdiyimiz bu amillər üzündən, bilərəkdən, düşünülmüş plan əsasında reallaşdırılmışdı. Amma Azərbaycan xalqı həmin planların hamısını alt-üst edərək, öz azadlığına, suverenliyinə nail oldu və müasir dünyanın ən qüdrətli dövlətlərindən birini yaratdı.
Hazırladı:
İttifaq Mirzəbəyli
Xalq qəzeti. - 2020.- 12 yanvar. - № 5. - S. 3.