Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) İ.G.Tyulin adına Elmi Kitabxanasına 100-dən çox müxtəlif kitab hədiyyə edib. Kitablar arasında “Görkəmli insanların həyatı” seriyasında nəşr edilmiş “Heydər Əliyev” və “İlham Əliyev” kitabları, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Demokratiya yolunda: irs haqqında düşünərkən”, “Azərbaycan: qloballaşma dövrünün tələbləri”, “Gorus-2010: absurd teatrı mövsümü” kitabları, Azərbaycanca-rusca lüğətlər, Azərbaycan tarixinə, mədəniyyətinə dair dəyərli nəşrlər var.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının elmi katibi Kəmalə Sarıcalinskaya kitabları təqdim edərək bildirib ki, yüksək texnologiyalar dövründə mənəvi əlaqələri qoruyub saxlamağa, xalqları daha da yaxınlaşdırmağa imkan verən başlıca vasitələrdən biri də kitabdır. Azərbaycan-Rusiya humanitar əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan K.Sarıcalinskaya Rusiyanın aparıcı təhsil ocağının kitabxanası ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. O qeyd edib ki, Prezident Kitabxanası Rusiyanın B.Yeltsin adına Prezident Kitabxanası, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası ilə sıx əməkdaşlıq edir. Hazırda əldə edilmiş razılaşmaya əsasən, MDBMİ Elmi Kitabxanası Prezident Kitabxanasına elmi araşdırmalar üçün faydalı olacaq bir çox nəşrlər hədiyyə etməyi planlaşdırır.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev qeyd edib ki, MDBMİ azərbaycanlılar üçün doğma təhsil ocağıdır. Azərbaycan Prezidenti İlham Əliyev bu institutda təhsil alıb və hazırda dünya siyasətçiləri arasında xüsusi yeri, sanbalı olan şəxsiyyətlərdən biridir. Səfirliyin müşaviri iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində humanitar əlaqələrin rolunu xüsusi vurğulayıb.

MDBMİ-nin İ.G.Tyulin adına Elmi Kitabxanasının direktoru Marina Reşetnikova kitabxananın fondunu daha da zənginləşdirəcək hədiyyəyə görə təşəkkürünü bildirərək qeyd edib ki, bu kitablar beynəlxalq münasibətlər, siyasi elmlər, beynəlxalq iqtisadiyyat sahələrində biliklərə yiyələnən tələbələr üçün maraqlı və faydalı olacaq. M.Reşetnikova deyib: “Biz də öz tərəfimizdən Azərbaycanla hərtərəfli əməkdaşlığa hazırıq. Azərbaycan Prezidenti İlham Əliyev bizim institutun məzunudur və həm də namizədlik dissertasiyasını MDBMİ-də müdafiə edib. Həmin dissertasiyanın rəqəmsal surətini Prezident Kitabxanasına təqdim edirik və əminik ki, Azərbaycanın gənc nəsli üçün bu hədiyyəmiz çox maraqlı olacaq”. Elmi Kitabxananın direktoru Azərbaycan ilə əməkdaşlığın, informasiya mübadiləsinin daha da genişləndiriləcəyinə, müxtəlif mövzularda kitab sərgilərinin təşkil ediləcəyinə əminlik ifadə edib.

Daha sonra azərbaycanlı qonaqlar MDBMİ-nin Tarix Muzeyi ilə tanış olublar. Muzeydə ümummilli lider Heydər Əliyevin ali təhsil ocağına bəxş etdiyi Bakının mənzərə rəsmi, Azərbaycan Prezidenti İlham Əliyevin tələbə bileti, habelə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın MDBMİ-nin 70 illik yubileyi münasibətilə instituta hədiyyə etdiyi gümüş piyalə xüsusi maraq doğurub.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri Moskva

 


AZƏRTAC.- 2016.- 4 mart.