AzərTAc xəbər verir ki, iyulun 5-də nüfuzlu tarixçi alim, qədim dövr Azərbaycan tarixi üzrə görkəmli mütəxəssis Solmaz Qaşqayın şəxsi kitabxanasının Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına verilməsinə həsr olunmuş mərasim keçirilmişdir.

Tədbirdə kitabxananın direktoru Mayıl Əhmədov bildirmişdir ki, tarix elmləri doktoru Solmaz Mirtağı qızı Qaşqay öz dəst-xətti olan, qədim dövr tarixi üzrə sanballı əsərlər yazan görkəmli alimlərdən olmuşdur. Ömrünü Azərbaycan ərazisində yaranmış qədim dövlətlərin tarixini öyrənməyə həsr edən S.Qaşqay nəinki ölkəmizdə, həmçinin Yaxın Şərq tarixini araşdıran nüfuzlu xarici tədqiqatçılar arasında da sayılıb-seçilmişdir.

S.Qaşqay qədim dövr kitabələrini, mixi yazılarını oxuya bilən nadir tədqiqatçılardan biri idi. Əsərləri keçmiş SSRİ məkanında və bir sıra xarici ölkələrdə dərc olunmuş alim özündən sonra zəngin irs qoymuşdur. Onun eramızdan əvvəl birinci minilliyin əvvəllərində Azərbaycan ərazisində yaranmış Manna dövlətinin siyasi və iqtisadi tarixinə həsr olunmuş “İz istorii Manneyskovo tsarstva” (Bakı, 1977), “Manna dövləti” (Bakı, 1993), “Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə” (Bakı, 2006), “Ön Asiyada miqrasiya proseslərinə dair” (Bakı, 2009) əsərləri bu gün tədqiqatçıların stolüstü kitablarına çevrilmişdir. İnternet səhifələrində S.Qaşqayın əsərlərinin elektron versiyaları yerləşdirilmişdir.

M.Əhmədov demişdir ki, Prezident Kitabxanasına təqdim edilən kitablar qədim tariximizin qaranlıq səhifələrinə işıq salan bir çox əsərlərin müəllifi olmuş S.Qaşqayın uzun illər ərzində zəngin şəxsi kitabxanasının formalaşmasının sübutudur. Qədim dünya, Yaxın Şərq, Qafqaz Albaniyası, arxeologiya, etnoqrafiya, qədim dillər və başqa sahələrə aid kitablar alimin kitabxanasının əsasını təşkil edir.

Kitabxananın direktoru tanınmış alimin şəxsi kitabxanasından seçilmiş böyük bir kitab kolleksiyasının onun ailəsi tərəfindən Prezident Kitabxanasına təqdim edilməsini təqdirəlayiq hadisə kimi qiymətləndirmişdir. 300-dək nadir nüsxədən ibarət həmin kolleksiyanın Prezident Kitabxanasının oxucuları üçün çox qiymətli hədiyyə olduğu vurğulanmışdır.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin məsul əməkdaşı Eldar Əmirov dünyanın bir çox ölkəsində məşhur alimlərin şəxsi kitabxanalarının xüsusi fondlara və kitabxanalara verilməsi təcrübəsindən danışmış, Solmaz Qaşqayın şəxsi kitabxanasının Prezident Kitabxanasına təhvil verilməsini ölkəmizdə əvvəllər mövcud ənənənin yenidən dirçəldilməsi, kitabxananın fondunun zənginləşdirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirmişdir.

Azərbaycan alimlərinin dünyada tanıdılmasında elektron kitabxanaların yaradılmasının əhəmiyyətini qeyd edən E.Əmirov bu işin Prezident Kitabxanasında uğurla həyata keçirildiyini vurğulamışdır.

Tədbirdə Xəzər Universitetinin dosenti Roza Arazova, Sankt-Peterburqdan gəlmiş arxeoloq, Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun əməkdaşı Nataliya Skakun və başqaları Solmaz Qaşqayın yüksək insani keyfiyyətlərindən, tarix elminə verdiyi töhfələrdən danışmışlar.

Alimin bacısı, coğrafiya elmləri doktoru Rəna Qaşqay S.Qaşqayın ailəsi və yaxınları adından çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir. O, S.Qaşqayın sağlığında dəfələrlə Prezident Kitabxanasında olduğunu və orada yaradılan şəraitdən məmnunluğunu ifadə etdiyini vurğulamışdır. R.Qaşqay görkəmli alimlərin şəxsi arxivlərinin kitabxanaların fondlarına verilməsinin Azərbaycanda ənənə halını almasını arzulamışdır.

Sonda S.Qaşqayın elmi fəaliyyəti barədə slaydlar nümayiş etdirilmiş, alimin Prezident Kitabxanasına təqdim olunan kitablarına baxış keçirilmişdir.

 


AZƏRTAC.- 2012.- 5 iyul.