Azərbaycan Prezident Kitabxanasında “İrəvan şəhəri” əsərinin əsasında hazırlanmış iravan.preslib.az veb-saytının təqdimatı keçirilib. APA-nın məlumatına görə, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, “İrəvan şəhəri” elektron resursu məhz Azərbaycanın qədim elm və mədəniyyət, həmçinin dini mərkəzlərindən biri olan İrəvan şəhərinə həsr olunub.

O bildirib ki, saytda İrəvan şəhərində azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin erməni vandalları tərəfindən yer üzündən necə silindiyi və yaxud başqa xalqlara məxsus tarixi-memarlıq abidəsi kimi necə qələmə verildiyi ayrı-ayrı faktlarla göstərilir. M. Əhmədov deyib ki, "İrəvan şəhəri" elektron resursunun yaxın gələcəkdə ingilis dilinə tərcümə edilərək elektron versiyasının hazırlanması da nəzərdə tutulur.

Layihənin elmi məsləhətçisi, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov isə qeyd edib ki, müharibə şəraitində olan Azərbaycanda informasiya sahəsində geniş işlər görülməlidir, informasiya resurslarında tarixi həqiqətlərin yayılmasına çalışılmalıdır: “Biz itirilən torpaqların tarixini yaşatmalıyıq. Sovet İttifaqı dövründə Azərbaycanın tarixi torpaqları ilə bağlı yazılar dərc olunmurdu və bu boşluqlar müstəqillik dövründə yetərincə doldurulmalıdır. Biz Dərbəndə, Təbrizə, Tiflisə iddia etmirik, lakin o yerlər tarixən Azərbaycan mədəniyyətinin mərkəzlərindən olub”.

Y.Mahmudovun sözlərinə görə, Rusiyadan, Avropadan toplanan minlərlə sənədlərlə sübut olunur ki, ermənilər Qafqazda aborigen deyil: “İrəvan bölgəsində bizim rəssamlıq, poeziya, xalçaçılıq, sənətkarlıq və ən əsası, dövlətçilik tariximiz var”. 
Prezident Kitabxanasının şöbə müdiri, "İrəvan şəhəri" əsərinin müəllifi Nazim Mustafa bildirib ki, əsərin əsasında hazırlanmış veb-saytda materiallar 31 bölmədə qruplaşdırılıb. Saytda İrəvanın Azərbaycanın qədim elm və mədəniyyət mərkəzlərindən biri olduğunu nümayiş etdirən materiallar var. 

Mübariz Aslanov 
 


APA.-2013.-17 may.