Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Şuşa” adlı elektron layihə istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, layihə Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşanın Ermənistan ordusunun işğalından azad olunmasının ildönümü – Zəfər Günü münasibətilə hazırlanıb. Mətnləri Azərbaycan, ingilis və rus dillərində olan layihə 6 fəsildən, 23 alt bölmədən ibarətdir.

“Tarix” adlanan birinci fəslin “Ümumi məlumat” bölməsində Şuşa şəhərinin salınmasından günümüzədək şəhərin həyatının ən mühüm məqamları öz əksini tapır. “Xanlıqlar dövrü” adlanan bölmədə şəhərin salınması tarixi, idarəçilik sistemi, xanlığın qurucusu Pənahəli xanın və onun varisi İbrahimxəlil xanın dövründə görülən işlər, yeridilən xarici siyasət, işğalçılara qarşı aparılan mübarizə və xanlığın süqutu səbəbləri yığcam şəkildə oxuculara təqdim edilir. Bu fəslin “Rusiya işğalı dövrü” adlanan bölməsində xanlığın 1822-ci ildə ləğv edilməsi dövründən sonra daxil olduğu inzibati-ərazi bölgüsü, həyata keçirilən tikinti-quruculuq işləri, sənaye müəssisələrinin yaradılması haqqında, 1905-1906-cı illərdə ermənilərin şəhərdə törətdikləri kütləvi qırğınlar haqqında ətraflı məlumat verilir. Həmin fəslin “Xalq Cümhuriyyəti dövrü” adlanan bölməsində müstəqilliyin ilk vaxtlarından etibarən erməni separatçılarının Şuşada törətdikləri qırğınlardan, Qafqaz İslam ordusunun xilaskarlıq missiyasından, Qarabağ general-qubernatorluğunun fəaliyyətindən, Xalq Cümhuriyyəti hökumətinin həyata keçirdiyi sosial tədbirlərdən bəhs edilir. “Sovet hakimiyyəti dövrü” adlanan bölmədə 1923-cü ildə Şuşa şəhərinin 170 ilə yaxın bütün Qarabağın inzibati mərkəzi statusundan məhrum edilməsindən, DQMV-nin erməni rəhbərliyinin Şuşaya qarşı ayrı-seçkilik münasibətindən, 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Şuşanın yenidən dirçəldilməsindən söhbət açılır. “Şuşa işğal illərində” bölməsində isə 1992-ci il mayın 8-də şəhərin Ermənistan ordusu tərəfindən işğal edilməsindən sonra erməni vandallarının şəhərdə törətdikləri vəhşiliklərdən, şəhərin azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrini darmadağın etmələrindən bəhs edilir. “Azad Şuşa” adlanan bölmədə müzəffər Azərbaycan Ordusunun 28 ildən sonra Şuşanı necə işğaldan qurtarmasından, işğaldan sonra şəhərdə həyata keçirilən bərpa və quruculuq işləri, Prezident və Ali Baş Komandan İlham Əliyevin Şuşaya etdiyi səfərləri, 2021-ci il iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə “Şuşa Bəyannaməsi”nin imzalanması, şəhərdə keçirilən mədəni-kütləvi tədbirlər haqqında ətraflı məlumat verilir. Bu fəsildə, həmçinin Şuşanın azadlığı uğrunda canını fəda etmiş əziz şəhidlərimiz haqqında da məlumat verilir. “Sənədlər” bölməsində Rusiya işğalı dövründən etibarən bu günədək Şuşa haqqında qəbul edilən mühüm sənədlərin mətnləri toplanılıb.

Layihənin ikinci fəsli “Sosial-mədəni həyat” adlanır. Bu fəslinin “Əhali” bölməsi xanlığın yaranması dövründən başlamış, 1992-ci ildə şəhərin işğalınadək şəhər əhalisinin dinamikası və milli tərkibi haqqında müfəssəl məlumat verilir. “Təhsil” bölməsində Rusiya işğalı dövründən etibarən Şuşada fəaliyyət göstərmiş məktəblərdən, onların yetişdirdiyi görkəmli ziyalılardan, erməni vandallarının tədris ocaqlarını necə viran qoymalarından bəhs edilir. Bu fəslin “İqtisadiyyat” bölməsində Şuşada fəaliyyət göstərmiş aqrar və sənaye müəssisələrindən, onların ticarət əlaqələrindən, şəhərin Azərbaycan iqtisadiyyatında tutduğu önəmli mövqelərdən bəhs edilir. “Sənətkarlıq” bölməsində isə Şuşada zərgərlik, daşişləmə, metalişləmə, çəkməçilik, papaqçılıq, toxuculuq, boyaqçılıq və sair sənət növləri haqqında ətraflı məlumat verilir. Azərbaycanın mədəniyyət mərkəzlərindən bir kimi, orada fəaliyyət göstərən ədəbi-musiqili məclislər, poeziya evləri, onların başçıları və üzvləri haqqında məlumatlar “Ədəbi mühit” bölməsində cəmləşdirilib. Azərbaycanın konservatoriyası adlanan Şuşada musiqinin müşayiəti ilə keçirilən xalq mərasimləri, teatrlaşdırılmış tamaşalar, xanəndələr, tarzənlər, ansambllar, təşkil olunan musiqi festivalları haqqında ətraflı məlumat bu fəslin “Musiqi” bölməsində oxuculara çatdırılır. Xanlıqlar dövründən etibarən Şuşanın işğalınadək şəhərdə inşa edilən saray və imarətlər, qala divarları, bulaqüstü abidələr, hamamlar, karvansaralar, memorial komplekslər haqqında məlumatlar “Memarlıq” bölməsində əks etdirilib. “Məscidlər” bölməsində Pənahəli xanın dövründən etibarən Şuşada inşa edilən cümə məscidləri və məhəllə məscidləri haqqında ayrı-ayrılıqda məlumat verilir, ermənilərin işğal dövründə şəhərdəki məscidlərə qarşı törətdikləri vandallıqlardan bəhs edilir. Şuşa həm də muzeylər şəhəridir. Şuşa şəhərinin tarixi hissəsinin “Tarixi Memarlıq Qoruğu” olması, “Xalça”, “Tarix-Ölkəşünaslıq Muzeyi”, işğaladək şəhərdə fəaliyyət göstərmiş memorial muzeylər, erməni vandallarının muzeyləri talan etmələri haqqında məlumatlar, işğaldan azad edildikdən sonra muzeylərin bərpası istiqamətində görülən işlər haqqında məlumatlar bu fəslin “Muzeylər” bölməsində əks etdirilib.

Layihənin “Görkəmli şəxsiyyətlər” fəslində Azərbaycanın elm, təhsil, mədəniyyət, incəsənət, musiqi, ədəbiyyat, hərb sahəsində Şuşanın məşhur simaları haqqında bioqrafik məlumatlar toplanılıb.

“E-resurslar” fəslində Şuşa haqqında 350-dən artıq məqalənin və kitabın elektron versiyaları istifadəçilərin ixtiyarına verilir. Biblioqrafiya fəslində isə kitabxananın fonduna daxil olan 1790-dan çox məcmuə, məqalə və kitabların biblioqrafik təsviri əhatə edilib.

Layihənin “Qalereya” fəslinin “Şuşa rəsmlərdə” bölməsində Azərbaycan və rus rəssamlarının müxtəlif vaxtlarda çəkdikləri tablolar əks etdirilir. “Şuşa fotolarda” bölməsində isə Rusiya işğalı dövründən başlamış bu günə qədər şəhər həyatını əks etdirən fotolar toplanılıb.

Qeyd edək ki, “https://shusha.preslib.az ” ünvanlı layihə müntəzəm olaraq yenilənilir.
Kitabxanada “Qarabağ Azərbaycandır. Zəfər Günü” adlı geniş kitab sərgisi də oxuculara təqdim edilir.

 

 

Xalq qəzeti. - 2021.- 6 noyabr. - № 241. - S. 5.