“Heydər Əliyev” Elektron Sənədlər Toplusu milyonların ixtiyarındadır
Ulu öndərin 90 illiyi münasibəti ilə hazırlanmış bu vəsait bütöv bir kitabxana təsiri bağışlayır
Müasir, qüdrətli Azərbaycan dövlətinin banisi, bir əsrdə ikinci dəfə əldə etdiyimiz dövlət müstəqilliyimizi məhv olmaq təhlükəsindən qurtarmış lider, respublikamızın hərtərəfli tərəqqisinə möhtəşəm zəmin yaratmış siyasət dahisi, hər bir azərbaycanlının ürəyində əbədi yaşamaq haqqı qazanmış ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ölkəmizin hər yerində böyük təntənə ilə qeyd olunur. Artıq bir aya yaxındır ki, respublikamızla yanaşı dünyanın azərbaycanlılar yaşayan və yaşamayan bir çox bölgələrindən bu tarixi yubileylə bağlı müxtəlif tədbirlərin keçirilməsi haqqında xəbərlər alırıq. Sayı 50 milyondan artıq olan soydaşlarımızın hamısı bu əlamətdar günün daha möhtəşəm şəkildə qeyd olunması üçün öz töhfələrini verməyə çalışır.
Bəri başdan qeyd edək ki, həmin töhfələrin hamısı ümummilli liderimizin adına layiq şəkildə ərsəyə gətirilir. Ancaq etiraf edək ki, həmin töhfələrin hər biri o böyük dövlət xadiminin həyatının hansısa bir anını və ya fəaliyyətinin konkret olaraq bir sahəsini əhatə edir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşlarının bu möhtəşəm yubiley münasibətilə işləyib hazırladığı “Heydər Əliyev” Elektron Sənədlər Toplusunda isə (www.preslib.az.) dünya siyasət tarixinin ən görkəmli simalarından olan bu insanın həyat və fəaliyyəti haqqında istənilən oxucunun bilmək, öyrənmək istədiyi bütün materiallar vardır. Siyasətçi, diplomat, tarixçi, dövlət xadimi, politoloq alim, hüquqşünas, hərbçi, yaradıcı ziyalı, müəllim, tələbə, abituriyent, şagird və ən nəhayət, dahi dövlət xadimi barədə nə isə öyrənmək istəyən sadə bir insan buyurub, bu materialı açıb, oxuya bilər.
Toplu şərti olaraq yeddi fəslə ayrılıb: 1. Ümummilli lider - Xronologiya. 1923 - 2003-cü illər. 2. Nitqləri, çıxışları, məruzələri, müsahibələri, bəyanatları. 3. Xarici siyasət fəaliyyətinin xronologiyası (1993 - 2003-cü illər). 4. Müstəqilliyimiz əbədidir. Elektron külliyyat. 5. Heydər Əliyev haqqında kitablar və məqalələr. 6. Məşhur adamlar Heydər Əliyev haqqında. 7. Biblioqrafıya. Fotoqalereya.
İlk baxışda adama elə gəlir ki, sadalanan bu yeddi fəsil adı çəkilən topludakı materialların hamısı barədə tam təəssürat yaratdı. Amma qətiyyən elə deyil. Məsələn, götürək birinci fəsli. Orada “Bioqrafiya”, “Rəhbərlik illəri”, “Təltifləri”, “Seçilmiş fikirlər” və “Xatirəsinin əbədiləşdirilməsi” adlı beş ayrı-ayrı bölmələr vardır. “Müstəqilliyimiz əbədidir” fəslinin adı nə qədər sadə görünsə də, sayta daxil olanda buradakı materialların zənginliyi və onların elektron variantının hazırlanması üçün çəkilən zəhmətin böyüklüyü barədə tam təəssürat yaranır. Çünki orada ulu öndərin “Müstəqilliyimiz əbədidir” adlı çoxcildliyinin hamısı verilib. Hər biri təxminən 500 səhifədən ibarət olan 38 kitabın hamısı artıq bir səhifədə - oxucunun əlinin altındadır. Yaxud, “Məşhur adamlar Heydər Əliyev haqqında” adlı fəslə baxaq. Orada da ulu öndərin sağlığında söylənilən fıkirlər və onun dünyasının dəyişməsindən sonra deyilən ifadələr ayrı-ayrı iki bölmədə sistemləşdirilib. Ümumiyyətlə, bütün fəsillər bu şəkildə zəngindir.
Elektron Sənədlər Toplusu barədə təəssüratları canlandırmaq məqsədilə ortaya şərti bir sual qoyaq: Tutaq ki, Bakı Dövlət Üniversitetinin tarixini öyrədən müəllim tələbələrə bu ali məktəbin fəaliyyət göstərdiyi ilk 50 il barədə məlumatlar toplamağı tapşırır. Tələbə hansı mənbəyə müraciət etsə istədiyi materialı daha tez tapa bilər? Əlbəttə, haqqında söz açdığımız elektron materialın ikinci fəslini. Orada ulu öndərin 1969-cu il noyabrın 1-də Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqdakı tarixi nitqi verilib. Bu material sanki bir nitq deyil, ən ali səviyyəli müəllimin ən anlaşıqlı şəkildə söylədiyi mühazirədir. İlk növbədə həmin materialı yada salmağımız da təsadüfi deyil. Çünki tarixçilərin fikrincə, Azərbaycan Sovet Sosialist Respublikasının tarixində respublika rəhbərinin öz ana dilində nitq söylədiyi ilk rəsmi tədbir məhz həmin təntənəli yığıncaq olub. Heydər Əliyev heç nədən çəkinmədən tədbir iştirakçıları qarşısında Azərbaycan dilində nitq söyləmişdi. Böyük Qurtuluşun ilk günü - ulu öndərin Ali Sovet sədri seçildikdən sonra, 1993-cü il iyun ayının 15-də Milli Məclisin iclasında, 1993-cü il oktyabrın 10-da- ilk andiçməsində, 1994-cü il sentyabrın 20-də - “Əsrin müqaviləsi”nin imzalanması mərasimində söylədiyi nitqlərin hər biri ayrılıqda öyrənilməli bir məqam kimi dəyərlidir. Ancaq ikinci fəslin sonunda verilmiş 1 oktyabr 2003-cü il tarixli “ Azərbaycan xalqına müraciət” adlı sənəd o dahi siyasətçinin yüzlərlə həmkarı üçün əlçatmaz olan siyasi uzaqgörənliyinin sübutu kimi xüsusi əhəmiyyətə malikdir. Məhz həmin müraciətin nəticəsidir ki, bu gün dostlarımız Azərbaycanın möhtəşəm beynəlxalq uğurlarından fəxrlə söz açır, bədxahlarımız isə yanıb yaxıla-yaxıla qalıblar.
Əlbəttə, bu Elektron Sənədlər Toplusu artıq milyonların ixtiyarındadır. Ancaq bu o demək deyil ki, adı çəkilən material qəzet, jurnal və kitablara olan marağı azaldacaq. Əsla belə deyil. Ulu öndərin özü deyirdi ki, biz oxumaq, öyrənmək istəyən adamlar üçün maksimum şəraiti yaratmalıyıq, onların zəhmətini asanlaşdıran yolların hamısının tapmalıyıq. Ancaq bu yolların heç biri bizim gənclərin kitaba, kitabxanaya olan marağını azaltmamalıdır. Haqqında söz açdığımız elektron sənədlər toplusu da məhz həmin yolların biri olduğına görə əminik ki, oxucular bu layihəni ulu öndərin 90 illik yubileyinə həsr olunmuş ən layiqli töhfələrdən biri kimi qəbul edəcəklər.
Sonda Elektron Sənədlər Toplusunun “Məşhur adamlar Heydər Əliyev haqqında” fəslinin hər bölməsindən bir sitat yada salaq. Əvvəlcə sağlığında deyilən ifadəyə diqqət çəkək. Fransız sovetoloqu Jak Düpe ulu öndərə müraciətlə demişdir: “Cənab Əliyev! Siz canlı əfsanəsiniz”. İndi isə ümummilli liderimizin dünyasını dəyişdiyi gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan dövlətinə və xalqımıza verdiyi başsağlığında ifadə-olunan fıkirlərə diqqət yetirək: “O , böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasət nəhəngi idi. Mən ona sadəcə, böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim. Bu, böyük itgidir”.
Əcnəbilərin canlı əfsanə və siyasət nəhəngi adlandırdığı böyük dövlət xadimi və böyük xilaskarımız olan ulu öndər Heydər Əliyev barədə kim nə öyrənmək isətəyirsə www.preslib.az internet saytına daxil olub, oradakı “Elektron layihələr” bölümünə müraciət etməklə istədiyi materialı əldə edə bilər. Təbii ki, 90 illik yubiley ərəfəsində bu qəbildən olan müraciətlərin sayı çox olacaqdır.
İttifaq MİRZƏBƏYLİ.
Xalq qəzeti.-2013.-14 aprel.-N78.-S.2.